Məhkəmə qərarları › İş №2(001)-4398/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4398/2022

05.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4398/2022 05.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X6 və X4 cəlb edilməklə) “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayət” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X6 və X4 cəlb edilməklə) “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayət” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu,Biləcəri qəsəbəsi, 1 May yaşayış sahəsi, 2-ci küçə, 18 ünvanında yerləşən, ümumi(paylı) mülkiyyətdə fərdi evin onun mülkiyyətinə aid 1/5 hissəsinin X5 bağışlama qaydasında özgəninkiləşdirilməsinin, evə daimi pasport qeydiyyatı olan ailə üzvlərini və qeyrilərinin razılıqları alınmadan təsdiq edilməsi vəzifəsinin cavabdeh 20 saylı Notariat Ofisinə həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış sahəsi, 2-ci küçə, 18 ünvanında yerləşən fərdi ev, X2 adına olub və onun ölümü ilə əlaqədar ondan qalan miras əmlak olaraq onun vərəsələrinin adına keçib ki, həmin vərəsələrdən biri də odur və miras əmlakdakı payının fərdi evin ümumi ərazisinin 1/5 hissəsi qədərdir ki, buna dair də dövlət reyestrində adına qeydiyyat aparılıb və bunun təsdiqi olaraq da reyestrdən çıxarış verilib. O, adına olan həmin pay hissəsini digər oğluna bağışlamaq istəyir və bu məqsədlə də ünvan 3 ünvanında fəaliyyət göstərən 20 saylı Notariat Ofisinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh isə tələbinin təmin edilməsindən hərəkətsizlik göstərərək imtina etmiş və bu barədə 07 aprel 2022-ci il tarixli imtina məktubunu ona ünvanlamışdır. Həmin 07 aprel 2022-ci il tarixli, 130 №-li imtina məktubunda tələbindən imtina əsasları olaraq, evdə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin, tələbi ilə əlaqədar razılıqları barədə ərizə təqdim etmədikləri göstərilib və imtina əsasının hüquqi əsası kimi də “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinin tələbi göstərilib ("Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqaviləyə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təqdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsi ilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır’). Cavabdehin, tələbi ilə əlaqədar hərəkətsizliyi, tələbini təmin etməkdən imtinası əsassız olmaqla, imtinasının hüquqi əsası istinad etdiyi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu maddəsinin tələbi adekvat sayıla bilməz. Belə ki, hesab edir ki, vərəsəlik qaydasında əldə etdiyi əmlak payı oğluna bağışlaması üçün cavabdehin, evdə daimi pasport qeydiyyatında olan ailə üzvlərinin razılığının olmasının vacibliyini bildirməsi və belə bir razılıq olmadığı təqdirdə də tələbindən imtina etməsi, eləcə də ailə üzvünün, razılığının olmamasının "Azərbaycan Respublikasına notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təimatın 49-cu bəndinin tələbinə zidd olduğunu qeyd etməsi tamamilə yanlışdır və - o, hesab edir ki, “Azərbaycan Respublikasına notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təimatın 49-cu bəndinin tələbi o zaman pozulmuş olardı ki, həmin evə (mənzilə) evdə yaşayan digər şəxslərin, mülkiyyət və onunla bağlı digər hüquqları olsun. Bundan başqa “Notariat haqqında “Azərbaycan Respublikası Qanununun mövcud mübahisəni tənzimləyən “əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlərin təsdiq olunması” maddəsindən də görünür ki, həmin maddədə əmlakın özgəninkiləşdirilməsi ilə bağlı daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığının alınması barədə göstəriş yoxdur.(Yuxarı qanun olduğu halda ondan aşağı normaya, yəni Təlimata istinad edilmənin özü qanunsuzluqdur). Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iddiaya etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 iddiaçının özünə məxsus əmlakını istədiyi şəxsə bağışlamaq hüququnun olduğunu və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin ərizə göndərərək,məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, 2-ci küçədə yerləşən 18 saylı evin 4/5 hissəsinə X2 payı açıq qalmış, 1/5 hissəsinə İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmışdır; Bakı şəhəri 26 saylı Notariat ofisinin İddiaçı ünvanladığı 07 aprel 2022-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinin 1-ci abzasına əsasən bildirilmişdir ki, "Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqaviləyə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təqdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsi ilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır’”. Qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razıliq ərizələrini təqdim etmədikləri üçün bağışlanma müqaviləsini rəsmiləşdirmək imkan xaricindədir. Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin 20 iyul 2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı, X6, X7(xx.xx.2012-ci il təvəllüdlü), X8 (xx.xx.2016-cı il təvəllüdlü) və X4 ünvan 5 ünvanında qeydiyyatdadırlar; 24 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, 2-ci küçədə yerləşən 18 saylı evin 1/5 hissəsinə İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçı Bakı şəhəri 26 saylı Notariat ofisinə müraciət edərək, qeyd olunan fərdi yaşayış evinə olan payının oğlu X5 bağışlaması üçün notarial hərəkətlərin aparılmasını xahiş etmiş, notariat ofisi isə müraciətə imtina cavabı verərək daşınmaz əmlakda qeydiyyatda olan şəxslərin razılığını tələb etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İİİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Mülkiyyət hüququ” insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.) . Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Mülki qanunvericiliyin normalarından da göründüyü kimi, iddiaçılar daşınmaz əmlakın paylı mülkiyyətçiləri kimi öz paylarını başqa şəxsə bağışlaya bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, bağışlama müqaviləsi də bu əqdlərin bir növüdür. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin əmlakı bağışlayan şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Daşınmaz əşyaların bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 334.1, 334.2, və 668.1-ci maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, notariat hərəkətlərini apararkən notariuslar hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edirlər. Notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır. Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. (təlimatın 17, 38, 46, və 49-cu bəndləri). Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin razılığının olmaması notarius tərəfindən bağışlama müqaviləsinin rəsmiləşdirilməsinə maneçilik törətməməlidir. Belə ki, daşınmaz əmlakın paylı mülkiyyətçi olan iddiaçının mülkiyyət hüququ həmin mülkiyyətdən istifadə edənlər tərəfindən qeyriqanuni məhdudlaşdırıla bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən Mülki Məcəllənin hüquqi qüvvəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatdan daha üstündür. O da qeyd edilməlidir ki, oxşar mövqe Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli qərarında da öz əksini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, 2-ci küçədə yerləşən 18 saylı ev üzrə İddiaçı məxsus 1/5 hissəsindəki payının həmin ünvanda qeydiyyatda olanların razılığı olmadan X5 bağışlanması barədə müqavilənin təsdiq edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, 2-ci küçədə yerləşən 18 saylı ev üzrə İddiaçı məxsus 1/5 hissəsindəki payının həmin ünvanda qeydiyyatda olanların razılığı olmadan X5 bağışlanması barədə müqavilənin təsdiq edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar