Məhkəmə qərarları › İş №2(001)-4399/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4399/2021

01.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4399/2021 01.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, onun nümayəndəsi və vəkili X12, Cavabdeh və onun vəkili X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.194 manat məbləğində pulun, ona məxsus qızıl-zinət əşyalarının lombardda satılması nəticəsində ona dəymiş maddi ziyana görə 6.500 manat məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onu aldadaraq ələ keçirdiyi 21.194 manat məbləğində pulun, ona məxsus qızıl-zinət əşyalarının lombardda satılması nəticəsində ona dəymiş 6.500 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia üzrə tələb edilən puldan 606 manat və 900 manat məbləğində pul köçürmə yolu ilə, 415 manat məbləğində pul isə nağd şəklində onun evinə mebel quraşdırılması üçün onun tərəfindən cavabdehə verilmişdir. Belə ki, cavabdeh ona faktiki nikahda olduğu X7 mebel sexinin olduğunu və onun bu işlə məşğul olduğunu və sərfəli qiymətə ona mebel quraşdırılacağını bildirmişdir. Lakin mebel quraşdırılmamış və verilmiş pullar da qaytarılmamışdır. Cavabdeh isə həmin pulun qaytarılacağına onu inandıraraq, ondan əlavə borc istəmiş və o da cavabdehə inanaraq, 12.08.2020-ci il tarixdə "xxxx" ASC-dən 12.400 manat məbləğində kredit götürərək, cavabdehə vermişdir. Bundan başqa, iş yoldaşından 900 manat məbləğində pulu borc alıb, cavabdehin "xxxx" ASC-də olan bank hesabına köçürmüşdür. Həmçinin, özünə məxsus qızıl sepi "xxxx" BOKT ASC-yə girov qoyaraq, ordan 438 manat pul götürmüş və bacısına məxsus bank kartından da 250 manat məbləğində pul çıxarıb həmin pulla birlikdə cavabdehə vermişdir. Bundan əlavə cavabdehin xahişi ilə iş yoldaşı olan Afaq adlı şəxsin adına 4.000 manat məbləğində kredit götürərək, bu məbləği də cavabdehə vermişdir. Lakin cavabdeh onun etibarından suiistifadə edərək, o cümlədən ona öz kommersiya fəaliyyətlərinə (icarə əsasında fəaliyyə göstərəcək restoranda inzibatçı vəzifəsi) cəlb edib yüksək əmək haqqı ödənilməsi barədə vədlər verərək və hər dəfə borc aldığı məbləğləri qaytaracağına onu inandıraraq, ondan yenə də yuxarıda göstərilən məbləğlərdə borc almış, lakin bugünədək borc aldığı məbləğləri qaytarmamışdır. Bununla yanaşı o, özünə məxsus 65,25 qram çəkidə qızılzinət əşyalarını da lombarda qoyub, əldə edilən pulu da cavabdehə vermişdir. Həmin qızılzinət əşyalarının dəyəri ödənilmədiyindən lombard onları açıq hərracdan satmış və nəticədə ona 6.500 manat məbləğində maddi ziyan dəymişdir. Bununla belə, ümumilikdə cavabdeh bu hərəkətləri nəticəsində ona məxsus 21.194 manat məbləğində pulu və 6.500 manat dəyərində olan 65,25 qram çəkidə qızıl-zinət əşyasını ələ keçirmiş və bu məbləğdə ona maddi ziyan vurmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini, habelə cavabdeh barəsində xüsusi qərardad çıxarılmaqla prokurora göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X16 iddianı müdafiə etmiş və iddia tələbinin, habelə tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə və iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin edilməsini, habelə cavabdeh barəsində xüsusi qərardad çıxarılmaqla prokurora göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, onun iddiaçıya 2019-cu ildə cəmi 3.500 manat məbləğində borcu olmuş, həmin borcunu da sonradan qaytarmışdır. İddia ərizəsində qeyd edilən hər hansı məbləğ isə iddiaçı tərəfindən ona borc qismində verilməmişdir. İddiaçı həmin məbləğlərdə pul vermişdirsə də, ona verməmiş, onunla faktiki nikah münasibətində olan X8 vermişdir. Mebelin quraşdırılması ilə bağlı işləri də məhz X13 təşkil edərək görmüş və bununla bağı hər hansı məbləğdə pul verilmişdirsə də, sonuncuya verilmişdir. Bundan əlavə iddiaçıdan lombarda qızıl-zinət əşyası qoyub pul götürməyi də heş vaxt xahiş etməmiş, həmin qızılzinət əşyaları da onun adına deyil, X7 adına qoyulmuş və hər hansı məbləğdə pul götürülmüşdürsə də sonuncu tərəfindən götürülmüşdür. İddiaçı ilə aralarında olmuş telefon danışıqlarında da iddiaçıya özünə məxsus avtomobili satıb, borclarını qaytaracağını və iddiaçıya onun özünə məxsus borcları qaytarmağa köməklik edəcəyini bildirmişdir. Sonradan isə bunu edə bilməmiş, belə ki, öz borclarını qaytarmışdır. Lakin o, bu təklifi iddiaçıya borcunun olması səbəbindən etməmişdir. Belə ki, o, qeyd etdiyi 3.500 manat puldan başqa iddiaçıdan hər hansı məbləğdə borc almamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili X9 iddianı qəbul etməmiş və Cavabdeh izahatına uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən məbləğlərlə izahatında qeyd etdiyi məbləğlər ümumiyyətlə üst-üstə düşmür və ümümi məbləğ baxımından fərqlidir. İddiaçı cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pulu borc verdiyini bildirsə də, bu məbləğlərin hər hansı hissəsinin cavabdehə verilməsini təsdiq edən sübut yoxdur. İddiaçı özü də qeyd edir ki, ona məxsus olan qızıl-zinət əşyalarını bir lombarddan çıxarıb, digər lombarda, artıq özünün və ya cavabdehin deyil, cavabdehin faktiki nikahda olduğu X7 adına qoyulmuşdur. Lakin buna baxmayaraq, həmin qızıl-zinət əşyalarının dəyərini də cavabdehdən tələb edir. Hər bir halda, bu pullar cavabdehə verilsə idi, lombarda cavabdehin adına yerləşdirilmiş olardı. Nəticə etibarı ilə iddiaçı tərəfindən iddiada və izahatlarında qeyd edilən məbləğlərin hər hansı hissəsi onun tərəfindən borc kimi verilmişdirsə də, cavabdehə deyil, məhz adı çəkilən X8 verilmişdir. Sadəcə olaraq, bu şəxs barəsində cinayət işi başlanılmış və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu səbəbədən də iddiaçı qeyd edilən məbləğlərin ondan tələb edilməsini qeyri-qənaətbəxş hesab edərək, reallıqda ona verilmiş məbləğləri cavabdehdən tələb etmək qərarına gəlmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının həyat yoldaşıdır. Cavabdeh və onun faktiki nikahda olduğu X13 2020-ci ilin avqust ayında onların evinə gəlmişlər və həmin vaxt onun evində aparılan təmir işlərinə köməklik etmişdilər. Sonra restoran kimi fəaliyyət göstərməsi üçün qeyri-yaşayş sahəsini icarəyə götürmək niyyətində olduqlarını ona bildirmişlər və bu restoran üçün avadanlığın, o cümlədən stolların və stulların əldə edilməsində onlara köməklik göstərilməsini xahiş etmişdilər. Həmçinin, cavabdeh və X13 ona restoranda inzibatçı vəzifəsində işləməyi də təklif etmişdir. Lakin o, bundan imtina etmişdir. Cavabdeh və X13 restoran kimi fəaliyyət göstərilməsi üçün bir neçə qeyri-yaşayış sahəsini icarəyə götürmüşdülər. Lakin nəticədə işləri alınmamışdır. Sonradan avadanlıq natamam şəkildə, yəni bir sıra əşyalar olmadan ona qaytarılmışdır. Həmin avadanlığın pulu da bügünədək ödənilməmişdir. Bir müddət sonra X13 barəsində cinayət işi başlanmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxt cavabdeh ondan borc qismində 500 manat pul istəmişdir. Lakin o, cavabdehə bərbər işlədiyini, günə 5-10 manat pul qazandığını və yalnız 50 manat məbləğində borc vermək imkanına malik olduğunu bildirmişdir. Bundan sonra cavabdeh ona maşınını satıb pulunu ona verməyi xahiş etmişdir. Lakin o, bundan da imtina etmiş və cavabdehə öz mülkiyyətində olan avtomobili satmağı təklif etmişdir. Cavabdeh öz maşınını da onun köməkliyi ilə satmışdır. Həmin avtomobilin satışından əldə edilmiş 26.500 manat pulun 200 manat hissəsi onda qalmış, 20.500 manat lizinq xərcləri qismində ödənilmiş, 5.800 manat pulu isə cavabdeh özü götürmüşdür. Cavabdeh həmin pulu iddiaçının lombarda qoyulmuş qızıl-zinət əşyalarına görə yaranmış borcu ödəyib qızılzinət əşyalarını götürməsinə vəd versə də, bunu etməmişdir. Bir müddət sonra cavabdeh onlara yaşadığı mənzildən çıxarıldığını bildirmiş və sonuncunun xahişi ilə ona bir müddət, yəni 2021-ci ilin yanvarında öz evlərində yaşamağa şərait yaratmışdılar. Bir aydan sonra, yəni 2021-ci ilin fevral ayında cavabdeh onların mənzilini tərk etmişdir. Eyni zamanda, X13 onların və qaynanasının evində yeni mebelin quraşdırılmasını təşkil etməli idi. Bu məqsədlə onun həyat yoldaşı, yəni iddiaçı cavabdehə 800 manat məbləğində, qaynanası isə onun şahidliyi ilə 460 manat məbləğində pul vermişdir. Lakin mebel quraşdırılma işləri tam görülməmişdir. İddiaçının cavabdehə xeyli məbləğdə pulu borc verməsini, habelə iddiaçının özünə məxsus qızl-zinət əşyalarını lombarda qoymasını xeyli müddət sonra, artıq X13 həbs ediləndən sonra bilmişdir. Məhkəmə iclasında iştirakı məhkəmənin təşəbbüsü ilə təmin edilmiş X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, cavabdehlə faktiki nikah münasibətlərində olmuş və iddiaçını da onun rəfiqəsi kimi tanımışdır. Sonradan onun özünün də iddiaçı ilə səmimi münasibətləri yaranmış və o, iddiaçını öz bacısı hesab etmişdir. İddiaçının iddia etdiyi 21.194 manat məbləğində pul hissə-hissə borc qismində heç vaxt nə ona, nədə ki, cavabdehə verilməmişdir. O, iddiaçının müraciətinə əsasən onun evində yeni mebelin quraşdırılması işlərini təşkil etmiş, həmçinin iddiaçının evində təmir işlərinin aparılmasına köməklik etmişdir. Mebelin quraşdırılması üçün də 660 manat məbləğində pul şəxsən ona verilmişdir. Bu pulun, ümumiyyətlə mebellərin quraşdırılması ilə bağlı hər hansı məbləğin cavabdehə verilməsi mümkün olan bir hal ola bilməzdi. Hər bir halda, həmin ailənin həmin vaxt başçısı, habelə mebellərin quraşdırma işinə nəzarət edən şəxs məhz o, olmuşdur. Belə olan halda, pulun iddiaçı tərəfindən ona deyil, cavabdehə verməsi barədə izahatının özü anlaşılmazdır. İddiaçı tərəfindən "xxxx" ASC-dən 12.400 manat, habelə iş yoldaşının adına 4.000 manat kreditin götürülüb cavabdehə veriməsi barədə iddiaçının sözləri də həqiqəti əks etdirmir. Həmin məbləğdə pul vəsaiti ona da verilməmişdir. Belə ki, iddiaçı "xxxx" ASC-dən götürdüyü kreditdən cavabdehə deyil, şəxsən ona cəmi 5.600 manat məbləğində pul vermiş və həmin vəsait də bütünlüklə iddiaçının evinin təmirinə xərclənmişdir. Təmir işlərinə təxminən 8.000 manat pul xərclənmişdir. İddiaçı tərəfindən lombarda yerləşdirilmiş qızıl-zinət əşyaları ilə bağlı isə qeyd etmişdir ki, onun köməkliyi ilə həmin qızıl-zinət əşyaları bir lombarddan çıxarılaraq, daha yüksək borc məbləğinə digər lombarda təhvil verilmiş və ikinci lombarddan əldə edilmiş vəsait hesabına birinci lombarda yaranmış borc məbləği ödənilmiş və əldə qalan 930 manat qalıq məbləği də iddiaçının evinin təmirinə xərclənmişdir. Məhkəmə, tərəflərin izahatını, habelə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xeyli müddətdir ki, biri-digərini tanıyır və onlar yaxın münasibət saxlamışdılar. X13 cavabdehin faktiki nikah münasibətlərində olduğu şəxsdir. Onun iddiaçı ilə də dostluq münasibətləri olmuşdur. Hazırda iddiaçı bu münasibətlər çərçivəsində cavabdehə müxtəlif məqsədlər, xüsusilə də borc qismində ümumilikdə 21.194 manat məbləğində pul verdiyini, həmçinin cavabdehin hərəkətləri nəticəsində özünə məxsus 65,25 qram çəkidə qızıl-zinət əşyasının lombarda qoyaraq borc qismində götürülmüş pulun da cavabdehə verildiyini, lakin qaytarılmaması səbəbindən həmin qızıl-zinət əşyalarının hərracdan satıldığını və nəticədə ona 6.500 manat məbləğində maddi ziyan vurulduğunu bildirir və həmin məbləğlərin cavabdehdən tutulmasını tələb edir. İddiaçı bu məbləğin (606 manat, 900 manat köçürmə yolu ilə, 415 manat nağd şəklində) 1.921 manat hissəsinin onun evinə mebel quraşdırılması üçün cavabdehə verildiyini, 12.400 manat hissəsinin kredit qismində öz adına, 4.000 manat hissəsinin kredit qismində iş yoldaşının adına götürərək, cavabdehə verdiyini qeyd edir. Eyni zamanda, iş yoldaşınadan 900 manat məbləğində pulu (cavabdehin "xxxx" ASC-də olan bank hesabına köçürdüyünü iddia edir), özünə məxsus qızıl sepi "xxxx" BOKT ASCyə girov qoyaraq, götürdüyü 438 manat pulu, bacısına məxsus bank kartından çıxartdığı 250 manat pulu da cavabdehə borc verdiyini vurğulayır və öz iddiasının əsası olaraq, kredit müqavilələrini, ödəniş cədvəllərini, ayrı-ayrı ödəniş qəbzlərini, lombard sənədlərini, habelə “whatssap” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların çıxarışını və telefon danışıqlarının audio yazısını təqdim edir. Cavabdeh iddianı qəbul etmir, ümuilikdə iddiaçıdan 2019-cu ildə 3.500 manat məbləğində pulu borc aldığını, sonradan isə qaytardığını, bu məbləğdən başqa cavabdehdən hər hansı məbləğdə borc almadığını qeyd edir. Şahid qismində ifadəsi alınmış X13 iddiaçının iddia etdiyi 21.194 manat məbləğində pulun hissə-hissə, o cümlədən "xxxx" ASC-dən 12.400 manat, habelə iş yoldaşının adına 4.000 manat kreditin götürülüb iddiaçı tərəfindən nə ona, nədə ki, cavabdehə verilmədiyini, iddiaçının müraciətinə əsasən onun evində yeni mebelin quraşdırılması işlərini təşkil etdiyini, həmçinin iddiaçının evində təmir işlərinin aparılmasına köməklik etdiyini, mebelin quraşdırılması üçün şəxsən ona 660 manat məbləğində pulun verildiyini, iddiaçının "xxxx" ASC-dən götürdüyü kreditdən cavabdehə deyil, şəxsən ona cəmi 5.600 manat məbləğində pulun verildiyini, həmin vəsaitin də bütünlüklə iddiaçının evinin təmirinə xərcləndiyini, ümumilikdə təmirə təxminən 8.000 manat pulun xərcləndiyini bildirir. Lombarda yerləşdirilmiş qızıl-zinət əşyaları ilə bağlı isə qeyd edir ki, onun köməkliyi ilə həmin qızıl-zinət əşyaları bir lombarddan çıxarılaraq, daha yüksək borc məbləğinə digər lombarda təhvil verilmiş və ikinci lombarddan əldə edilmiş vəsait hesabına birinci lombarda yaranmış borc məbləği ödənilmiş və əldə qalan 930 manat qalıq məbləği də iddiaçının evinin təmirinə xərclənmişdir. X1 iddiaçının cavabdehə xeyli məbləğdə pulu borc verməsini, habelə iddiaçının özünə məxsus qızl-zinət əşyalarını lombarda qoymasını xeyli müddət sonra, artıq X13 həbs ediləndən sonra bildiyini söyləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bu baxımdan iddiaçı iddia üzrə tələb etdiyi məbləğləri cavabdehə verdiyini sübut etməli idi. Lakin iddiaçının təqdim etdiyi kredit müqavilələri iddiaçı və onun bacısı olan X10 ilə bağlanmışdır. Cavabdeh bu məbləğin ona verildiyini etiraf etmir. X3 da həmin məbləğlərin cavabdehə və ya ona verilmədiyini, "xxxx" ASC-dən götürülmüş kreditdən şəxsən ona cəmi 5.600 manat məbləğində pulun verildiyini, həmin vəsaitin də bütünlüklə iddiaçının evinin təmirinə xərcləndiyini bildirir. İddiaçı isə bu halı təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut təqdim edə bilmir. İddiaçının iddia etdiyi 415 manat, 250 manat, 438 manat və 900 manat məbləğində pulun da cavabdehə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. İş materiallarına əlavə edilmiş və Cavabdeh 06.08.2021-ci il tarixdə 606 manat, 09.08.2021-ci il tarixdə 900 manat məbləğində pulun köçürülməsini təsdiq edən qəbzlərlə bağlı qeyd edilməlidir ki, bu qəbzlərdə göstərilən məbləğlərin hansı şəxs tərəfindən, hansı şəraitdə və nə məqsədlə göndərilməsi məlum deyil. Məhkəmə o halı da qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğlər, izahatında göstərdiyi məbləğlər, habelə X7 şahid qismində ifadəsi alındıqdan sonra borc məbləğinə dair verdiyi açıqlamada göstərdiyi məbləğlər (iddia ərizəsində göstəriləndən və tərəfindən verilmiş izahatda göstərilən məbləğlərdən əlavə bacısı X6 adına "xxxx" ASCdən götürülmüş 2.300 manat pulun və tam kartda olan 500 manat pulun və əlavə olaraq 800 (700+100 manat Yasamal rayonunda yerləşən restoranda) manat pulun da cavabdehə verildiyini bildirir) biri digərindən fərqlənir və hər hansı birinin cəmi iddia üzrə tələb edilən 21.194 manat təşkil etmir. “whatssap” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların çıxarışından və telefon danışıqlarının audio yazısından da cavabdehin iddiaçıya borcunun olduğu aşkar deyil. Bu yazışmaların və danışıqların hər hansı birində cavabdeh iddiaçıya borcunun olduğunu və ya yaranmış borcun ona məxsus olduğunu etiraf etmir. Əksinə danışıqlarda cavabdeh iddiaçıya münasibətdə “sənin borcunu” ifadəsindən istifadə edir. Lombarda qızıl-zinət əşyalarının yerləşdirilməsini təsdiq edə sənədlərdə də eyni qaydada iddiaçının adı əks etdirilir. Bu əşyaların lombarda yerləşdirilməsindən əldə edilmiş vəsaitin də cavabdehə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. X3 isə onun köməkliyi ilə həmin qızıl-zinət əşyalarının bir lombarddan çıxarılaraq, daha yüksək borc məbləğinə digər lombarda təhvil verildiyini və ikinci lombarddan əldə edilmiş vəsait hesabına birinci lombarda yaranmış borc məbləğinin ödənildiyini, əldə qalan 930 manat qalıq məbləğin isə iddiaçının evinin təmirinə xərcləndiyini göstərir. Məhkəmə, iddiaçı ilə cavabdehin arasında səmimi, mehriban və etibarlı münasibətlərin olmasını qəbul edir, lakin buna baxmayaraq, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hissə-hissə hər verilən borcun qaytarılmadığı bir halda cavabdehə yeni borc məbləğinin verilməsi, xüsusilə də verilmiş borc məbləğinin bir hissəsinin başqa şəxslərdən alınması, bu proseslər barədə həyat yoldaşına hər hansı məlumat verməməsi və bununla da birgə təsərrüfata maddi ziyan vurulması insan məntiqinə sığmayan və başa düşülməyən bir haldır. Hər bir halda, bir dəfə (münasibətlərə sığınaraq ikinci və maksimum üçüncü dəfə) verilmiş borc qaytarılmadıqdan sonra yenidən borcun istənilməsi və bu müraciətə uyğun olaraq yenidən borcun verilməsi inandırıcı da görünmür. Bununla belə, məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanaraq və yuxarıda göstərilən müddəaları rəhbər tutaraq, qeyd edir ki, cavabdehin iddiaçıdan borc qismində pul alması, cavabdehin iddiaçının hesabına əsassız olaraq varlanması, habelə cavabdehin iddiaçıya münasibətdə mülki hüquq pozuntusu törətməsi və nəticədə ona real, habelə hər hansı formada zərər vurması halı öz təsdiqini tapmadığından iddia əsassız hesab edilməli və bu səbəbdən rədd edilməlidir. Məhkəmə, Cavabdeh əməlləri barədə xüsusi qərardad çıxarıb, bu barədə aidiyyəti üzrə prokurora xəbər verilməsi barədə vəsatətlə bağlı qeyd edir ki, bu barədə qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin hazırki iş üzrə cavabdehin hərəkətlərində hər hansı cinayətin əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar