Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4415/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: qaz təchizatı, istehlakçı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, faktiki olaraq iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış (Abunə kodu: **********10000) qaz sayğacı 28 dekabr 2020-ci il tarixdə bloka düşmüş və sayğacdan mənzil qaz verilməsi blok olmuşdur. Həmin vaxt sayğaçın balansında və smart kartda pul olmuşdur. Lakin iddiaçı tərəfindən qaz sayğacının blokdan çıxarılması mümkün olmadığina görə cavabdeh təşkilatın Binəqədi rayon üzrə idarəsinə müracit etmiş, 104 qaynar xətt xidmətinə zəng edilməsi bildirilmişdir. Cavabdeh 104 xidmətiən zəng etmiş, operator bildirmişdir ki, işçilər ərazidədir, üç saatdan sonra yenə zəng edin, üç saat sonra yenə zəng etmiş, eyni cavabı almışdır. Yeni il bayramı qabağı qeyri-iş günü olması və yanvar ayının 6-7də işçilərin gəlib düzəldəcəklərini bildirmişlər . 3-cü dəfə zəng edərək evdə körpə uşağı olması və evin soyuq olmasını bildirdi, operator bildirdi ki, məvəqqəti olaraq xətt çəkin istifadə edin. ARDNŞ "Azriqaz" İstehsalat Birliyi tərəfindən 30 dekabr 2020-ci il tarixdə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib edilmişdir. Aktda sayğacdan kənar qaz xəttinin aşkar edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. 30 dekabr 2020-ci il tarixdə Dəymiş ziyanın bərpasına dair tələbnamə verilmişdir və qaz itkisi 26568 kub metr hesablanmışdır. Qaz itkisinə görə 2656,80 manat borc hesablanmışdır. Aktda onun imza etməkdən imtina etməyi qeyd edilmişdir, yalnız cavabdeh tərəfindən əməkdaşları imza etmişdir, hal şahidləri belə dəvət edilməmişdir, o, baş verən hadisəni əməkdaşlara izah etmiş , kənar xəttin qoşulması səbəbini və 104 qaynar xəttə zəng edib məsul şəxsdən icazə almağını bildirmişdir. Sayğacda baş vermiş nasazlıqla bağlı ərazi üzrə idarəyə və 104 xidmətinə məlumat vermiş, lakin qazın verilməsini bərpa etməmiş, səhlənkarlıq edilmişdir və qaz sayğacından kənar xəttin çəkilməsinə 104 qaynar xəttin məsul şəxsi tərəfindən razılıq verilmişdir. Bu halda Akt tərtib edilməsi və borc hesablanması qanunsuzluqdur. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmışdır, tərəfindən qeyri-qanuni qazdan istifadəyə yol verilməsinə cavabdehin laqeyd münasibəti olmuş və 2 gün qazdan istifadə edilmişdir və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Bununla da, iddiaçının bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qaz sayğacına müdaxilə əlavə qazdan istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, istifadə edilmiş qaz sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə doğurmur və ay müddətində ödənişlərə nəzarət etməklə bunu məüyyənləşdirmək mümkündür. İddiaçının sayğacdan qeyri-qanuni, 26568 kub metr qaz istifadə etməsi ilə bağlı hər hansı bir sübut da yoxdur və qazdan sayğacdan kənar istifadə olunması barədə 104 xidmətinə məlumat vermiş və razılıq verilmişdir, əsassız hesablanmış borc məbləği qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablanması qanunsuz və əsassızdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun tərəfindən qəza xidmətinə həm ünvan üzrə telefon vasitəsi ilə, o cümlədən istifadəsində olan mobil telefon vasitəsi ilə zəng olunmuş, evdə yeni doğulmuş uşaq olduğundan və sayğacda problem olduğundan həmin problemin aradan qaldırılması xahiş edilsə də, artıq bayramlarla bağlı qeyri iş günü olduğundan müraciətinə yalnız qeyri iş günü müddətləri bitdikdən sonra baxılacağı bildirilmişdir. Daha sonra xx.xx.2021-cü il tarixdə sayğac yenisi ilə əvəz edilmişdir. Onun barəsində qanunsuz qoşulma barədə akt xx.xx.2020-cü il tarixdə tərtib edilmiş, məlumat isə xx.xx.2020-cü il tarixdə verilmişdir. Belə olan halda hətta onun tərəfindən qanunsuz qoşulma halı edilsə belə, hesablanmış zərər 2 gün üçün 2656.80 manat təşkil etməsi qabul edilməzdir. Akt tərtib edildikdən sonra cavabdeh orqan tərəfindən bu günədək hər ay qaz sərfiyyatı üçün karta ödəniş edildikdə hesabından tutmalar aparılır. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdmişdir ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında xx.xx.2020-cü il tarixdə sayğacda yaranan problemlə bağlı idarə ilə əlaqə saxladığını bildirsə də, onun təərfindən verilmiş sorğu əsasında abonentin xx.xx.2021-cü il tarixdə saat 12:31 və xx.xx.2020-cü il tarixdə saat 13:56, 13:59 radələrində Çağrı mərkəzinə müraciət edilmiş və həmin gün saat 18:07-də problem aradan qaldırılmaqla sayğac yenisi ilə əvəz edilmişdir. Abonentin qanunsuz qoşulması barədə akt isə əməkdaşlar tərəfindən xx.xx.2020-cü il tarixdə tərtib edilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməsini xahiş edir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olması aktlaşdırılmışdır. -Dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, sayğacın klapanının və çıxış plastmas borusunun sınmasına görə xx.xx.2020-ci il tarixdə 26568 m3 qaz itkisi hesablanmışdır. -Abonentin saldosundan görünür ki, abonent kodu **********10000 olan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ünvanına 2020-ci ilin yanvar ayına 2656,8 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. -cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində də ***-***-**-** nömrəli telefondan xidmətə zəng vuraraq mənzilində qazın olmaması barədə məlumat vermiş, problemin sayğacda olması müəyyən edilərək sayğac qaz buraxmır başlığı altında ərazi aidiyyatı üzrə göndərilmiş və həmin gün sayğac yenisi ilə əvəz edilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.). Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq qeyd edilir ki, cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri və yuxarıda qeyd edilən aktda sayğacdan kənar xətt vasitəsilə təbii qazıdan istifadə edildiyi qeyd edildiyindən, cavabdeh Birlik yuxarıda qeyd edilən maddi hüquq normaların tələblərinə əsasən, istehlakçının (hazırki halda – iddiaçının) təbii qazın talanmasında təqsirli olmasını sübuta yetirməli və onlara (cavabdehlərə) dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidirlər. Lakin cavabdeh iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini, yəni təbii qazın talanmasını sübuta yetirilmədən yuxarıda qeyd edilən məbləğində zərərin ödənilməsini iddiaçıdan tələb etmişdir. Nəzərə alınsa ki, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən etiraz ərizəsi ilə, həmçinin məhkəmə iclasları zamanı məhkəməyə təqdim edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında yaşayış sahəsinə qaz təchizatı ilə bağlı sayğacda problem olduğundan xx.xx.2021-ci il tarixdə, yəni sözügedən aktın tərtib edildiyi tarixdən 12 gün sonra sayğac yenisi ilə əvəz edilmişdir. Beləliklə, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud olmamaqla sayğacın yararsız olması öz təsdiqini tapmışdır. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********10000) əsassız hesablanmış 2656,8 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********10000) əsassız hesablanmış 2656,8 (iki min altı yüz əlli altı manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-4415/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4415/2024
05.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver