Məhkəmə qərarları › İş №2(001)-4435/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4435/2021

22.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4435/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin 50% hissəsinin bank hesabına köçürülməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin 50% hissəsinin bank hesabına köçürülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 10.12.2014-cıi il tarixində cavabdeh X5 ilə nikaha daxil olmuş və tərəflərin nikahı Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İ № 630252 nömrə ilə qeydə alınmışdır. Həmin nikahdan tərəflərin 2 övladı - 08.09.2010-cu il təvəllüdlü X4 və 29.05.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli 2(001)-2421/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə hər iki uşağın ananın himayəsində saxlanması və İddiaçı aylıq gəlirinin və digər qazancından 1/3 hissədə aliment məbləğinin tutularaq yetkinlik yaşına çatmayan uşaqlarına ödənilməsi qət edilmişdir. İddiaçı "X7 Limited LTD" MMC-də platformada fəhlə vəzifəsində çalışır və onun aylıq əmək haqqı – 2601-4243 manat aralığında dəyişir. Qeyd edilən məhkəmə qətnaməsi ilə nəzərdə tutulmuş 1/3 hissə təqribi ***-**** manat intervalında dəyişən məbləği təşkil edəcəkdir ki, iddiaçı tərəf həmin məbləğin bir qisminin X2 ödənilməsini, digər qisminin isə uşaqların adların açılmış bank hesabına qoyulması yolu ilə ödənilməsini təklif edir. Belə ki, iddiaçının aylıq əmək haqqının 1/3 hissəsini təşkil edən məbləğ uşaqlar üçün nəzərdə tutulmuş (175 manat) yaşayış minimumdan 5-8 dəfə artıqdır. Ona görə də, aliment məbləğinin 50% hissəsinin tutularaq Cavabdeh ödənilməsini, yerdə qalan 50% məbləğin isə hər uşaq üçün müstəqil açılmış bank hesabında onlar yetkinlik yaşına çatanadək toplanmasını məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, aliment ödəməkdən boyun qaçırmaq fikri yoxdur, uşaqlarını saxlamaq vəzifəsinin ona aid olmasını başa düşür. Lakin, ödədiyi alimentin sırf uşaqların ehtiyaclarına gedəcəyindən əmin olmalıdır. Uşaqların saxlanılması üçün cavabdehə hər ay ***-**** manat aralığında aliment ödənildiyi təqdirdə, həmin aliment hesabına onların birgə nikahından doğulmuş uşaqlar deyil, cavabdeh özü sərbəst şəkildə yaşayacaq. O isə istəyir ki, uşaqlarının gələcəyi üçün müəyyən bir zəmanət olsun. Ödənilən alimentin yarısı onların bank hesabına köçürülərsə, onlar 18 yaşına çatdıqda həyata başlamaq üçün əllərində müəyyən vəsait olacaq və bu həyatlarını kifayət qədər asanlaşdıra bilər. Uşaqları hal hazırda anaları ilə Zabrat qəsəbəsində yaşayır və orada da məktəbə gedirlər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Loqos” Psixolloji və X14 tərəfindən verilmiş arayışlara gəldikdə isə, uşaqların səhhətində hər hansı problemlər olduğu təqdirdə müalicələrində iştirak etməkdən heç vaxt imtina etməyib. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(001)-2421/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə 08 sentyabr 2010-cu il təvəllüdlü X1 və 29 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan “X8 LTD” tərəfindən verilmiş 04.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2020-ci ilin mart ayında 3.508,37, aprel ayında 4.243,46, may ayında 2.666,37, iyun ayında 2.668,38, iyul ayında 2.668,37, avqust ayında 2.668,38, sentyabr ayında 2.401,54, oktyabr ayında 2.668,37, noyabr ayında 3.455,93, dekabr ayında 2.968,38 manat, 2021-ci ilin yanvar ayında 3.301,37, fevral ayında isə 2.601,39 manat əmək haqqı almışdır. İş materiallarında olan “Loqos” Psixoloji və X14 tərəfindən verilmiş 08.09.2018-ci il tarixli ilkin diaqnostik nəticədən görünür ki, X1 6 aydan çox müddətdə psixoloq terapiyasına ehtiyacı var. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı 12 ay müddətində ən aşağı məbləğdə aldığı əmək haqqı nəzərə alınsa belə, uşaqların saxlanması üçün alimentin məbləği 800+ manat, həmin məbləğin 30 faizi isə 240 manat təşkil edir. Belə olan halda, ödənilən alimentin 30% uşaqların adına açılmış bank hesabına köçürülərsə, iki uşağın saxlanması üçün cavabdeh ən pis halda 560 manat aliment alacaqdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. "Uşaq hüquqları Bəyənnaməsi"nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə əsasən, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Aliment almaq uşağa məxsus olan hüquqdur, buna müvafiq olaraq aliment uşağa məxsus olan vəsait sayılır. Sərəncamına aliment daxil olan valideyn bu vəsaiti təyinatı üzrə xərcləmək və məhkəmədə alimenti təyinatı üzrə xərclədiyini sübut etmə vəzifəsi daşıyır. Belə ki, valideyn özünə məxsus vəsaitin xərclənməsi barədə hesabat verməyə bilər, aliment isə valideynin deyil, uşağın vəsaitidir; aliment valideynin sərəncamına özbaşına daxil olmur, onu ödəyən şəxs (digər valideyn) və onun tutulması barədə qərar verən orqan var. Buna görə də o, aliment ödəyənin və aliment tutanın qarşısında hesabatlı olmalıdır. Bundan əlavə, uşağın mənafeyi hər kəsin mənafeyindən üstündür, uşaqlar barəsində istənilən tədbir görülərkən əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəlməlidir. Bunu, yuxarıda sadalanan müddəalardan göründüyü kimi, həm beynəlxalq, həm də milli qanunvericilik tələb edir. Uşağın mənafeyinin daha yaxşı təmin edilməsi üçün sərəncamına aliment daxil olan valideyn alimenti tam olaraq uşağın mənafeyi üçün xərclədiyini təsdiq edən sübutları təqdim etməlidir. Əgər sərəncamına aliment daxil olan valideyn belə sübutlar təqdim edə bilmirsə, deməli, aliment tam olaraq təyinatı üzrə xərclənmir. Bu halda məhkəmə uşağın mənafeyini müdafiə etməli və alimentin 50 faizdən çox olmayan məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarmalıdır. Bank hesabına daxil olan vəsait uşağa məxsus olur və uşaq yetkinlik yaşına çatdıqda həmin vəsait üzərində sərəncam vermək hüququ əldə edir. Bəzi hallarda uşaq 14 yaşına çatdıqda belə hüququ yarana bilər. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 12-ci maddəsinin axırıncı hissəsinə görə uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından suiistifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Ona görə də, bu maddədə göstərilən əsaslar olduqda 14 yaşına çatmış uşaq bank hesabındakı aliment üzərində sərəncam vermək hüququ ilə bağlı məhkəməyə müraciət edə bilər. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 30.2.1-ci maddəsinə görə 14 yaşından 18 yaşınadək olan uşaqların ixtiyarı vardır ki, valideynlərinin razılığı olmadan müstəqil surətdə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin. Bank hesabında olan aliment “digər gəlir” hesab olunur. İş materiallarından görünür ki, Cavabdeh 17.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş və məhkəməyə yalnız uşaqlardan birinin 2018-ci ildə 6 ay + müddətində psixoloq terapiyasına ehtiyacı olmasına dair ilkin diaqnostik nəticəni təqdim etmişdir. Eyni zamanda o, məhkəməyə bildirmişdir ki, özü işləmir və xəstə uşağının müalicəsinə çox pul xərcləyir və buna dair sənədləri məhkəməyə təqdim edəcək. Buna baxmayaraq, o, növbəti məhkəmə iclasına gəlməmiş və məhkəməyə uşaqlara çəkdiyi xərclərə dair hər hansı sənəd təqdim etməmişdir. Bununla yanaşı məhkəmə cavabdehin uşaqlardan birinin xəstə olması və müalicəsinin həddən artıq çox xərc tələb etməsinə dair dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 08 sentyabr 2010-cu il təvəllüdlü X1 və 29 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin 30 faizi X1 və X3 adlarına açılmış bank hesablarına bərabər hissələrdə köçürülməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 08 sentyabr 2010-cu il təvəllüdlü X1 və 29 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin 30 (otuz) faizi X1 və X3 adlarına açılmış bank hesablarına bərabər hissələrdə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar