Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-444/2025 23.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 münasibətdə Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə əsasən onun, digər bina sakinlərinin və onların azyaşlı uşaqların təhlükəsiz şəkildə binanın həyətindən istifadə edilməsi üçün ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın həyətində “FORD” avtoservisin istifadə etməməsi (istifadə, yəni - binanın həyətində avtoservisə aid olan əşyaları, dəmirləri, ləvazimatları, avtomobil ehtiyat hissələrini, alətləri və s. saxlanılması) və kommersiya məqsədi ilə binanın həyətinə müdaxilə etməməsinə, Cavabdeh1 münasibətdə sözügedən binanın həyətinin abadlaşdırılması, uşaqların əylənməsi üçün lazımi şəraitin yaradılması, rezerv su çənin quraşdırılması öhdəliyinin qoyulması, Cavabdeh1 üzərinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 39-cu maddəsinə əsasən ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi ilə “FORD” avtoservislə qeyd olunan yaşayış binasının həyəti arasında hasar çəkilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasında ailə üzvləri ilə birlikdə yaşayır. Binanın həyətində çoxsaylı ağaçlar yerləşir. Ancaq təəssüf ki, o, binanın həyəti abadlaşdırılmadığından rahat və təhlükəsiz şəraitdə yaşaya bilmir. O və digər bina sakinləri mənzilləri Cavabdeh1 alarkən o, bu həyətin binaya aid olduğunu və sözügedən həyətə hasar çəkəcəyini, abadlaşdırıb uşaqların əylənməsi, yaşlıların istirahət etməsi üçün şəraitin qurulmasını təmin edəcəyini ona və digər bina sakinlərə bildirmişdir. Lakin 3-4 il zaman keçməsinə baxmayaraq Cavabdeh1 Cavabdeh2 ilə aralarında olan problemlərə görə söz verdiyi şəraiti yarada bilməmişdir. İndi Cavabdeh1 bütün mənzilləri satdığını və binanın sahibi olmadığını bildirərək öhdəliklərini yerinə yetirməkdən imtina edir. Binanın həyətində yerləşən “FORD” avtoservisinin sahibi Cavabdeh2 bir neçə dəfə bildirmişdir ki, binanın həyəti ona məxsusdur, bina sakinləri orada hər hansı hasar çəkərək, təmizlik və abadlıq işləri görə bilməzlər. xx.xx.2024-cü il tarixində axşam saatlarında Cavabdeh2 məxsus avtoservisin bir neçə əməkdaşı binanın həyətinə daxil olaraq, orada onunla digər bina sakinlərinin birgə çəkdiyi elektrik xətlərini kəsmiş, xətləri ümumiyyətlə yerindən qoparmış və quraşdırılmış plafonları sındıraraq açıq-aşkar şəkildə onun və digər bina sakinlərinin əmlakına qəsdən zərər vurmaqla xuliqanlıq hərəkətləri etmişlər və maddi ziyan vurmuşlar. Bina sakinlərində olan məlumata görə Cavabdeh2 həmin torpaq sahəsini kommersiya məqsədləri üçün istifadə etmək istəyir. Qeyd etdiyi kimi, cavabdeh Etibar İsrafil oğlu binanın həyətində heç bir abadlıq işlərini görməyə icazə vermir, kommersiya məqsədi ilə binanın həyətinə müdaxilə edir və binanın həyətindən istifadə edir (binanın həyətində avtoservisə aid olan əşyaları, dəmirləri, alətləri və s. saxlayır). Bu hərəkətlər onun və digər bina sakinlərinin təhlükəsiz yaşamaq şəraitini təmin etməsinə maneə törədir. Hazırki vəziyyətdə isə Cavabdeh1 söz verdiyi kimi həyəti abadlaşdırmaqdan boyun qaçıraraq sakinlərlə üzləşmək istəmir. Digər Cavabdeh2 isə nə iddia etdiyi torpağa aid sənəd təqdim edir, nə də ki, iddiaçıya və bina sakinlərinə hasar çəkib hər hansısa abadlıq işləri aparmaqlarına imkan verir. Görünən odur ki, qeyd olunan torpaq sahəsinə dair cavabdehlərin hər hansısa hüquqları mövcud olmadığı halda çoxsaylı insanların sahiblik etdiyi torpaq sahəsini qanunsuz olaraq kommersiya məqsədləri üçün istifadə etmək istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək, mübahisə predmeti olan torpaq sahəsinin onun mülkiyyətində olduğunu bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə vermiş olduğu etirazını müdafiə edərək göstərdi ki, İddiaçı Cavabdeh1 tanımır. Müqavilə başqa şəxslə bağlanıb və Cavabdeh1 heç bir öhdəlik götürməyib. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 elektron kabinet vasitəsi ilə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasına iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 37, mənzil 1 (Yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 37, M2, m1) tam mülkiyyət hüququ üzrə X4 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 37, mənzil 2 (Yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 37, M5, m2) tam mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 37, mənzil 1 (Yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 37, M4, m1) tam mülkiyyət hüququ üzrə X5 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 37, mənzil 1 (Yeni qaydalarla: AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 37, M5, m1) tam mülkiyyət hüququ üzrə X1 adına xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. Torpaqların alqı-satqısına dair Aktının surətindən görünür ki, Cavabdeh2 05 noyabr 2006-cı il tarixli müraciəti nəzərə alınaraq, Biləcəri qəsəbə Bələdiyyəsinin ərazisində 450 kv/metr torpaq sahəsinin satılması barədə 03 noyabr 2006-cı il tarixli, 863/a nömrəli qərar qəbul edilmiş və Binəqədi Bələdiyyəsinin hesabına 516136 nömrəli qəbzlə 400 manat məbləğində haqq ödənilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 noyabr 2006-cı il tarixli, 863/a nömrəli qərarından görünür ki, Cavabdeh2 müraciətini nəzərə alaraq, Biləcəri Bələdiyyəsi hüdudları daxilində istifadədə olan 450.0 kv/metr torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş Cavabdeh2 ayrılması qərara alınmışdır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, A-1127 nömrəli arayışından görünür ki, həqiqətən də Cavabdeh2 adına Biləcəri Bələdiyyəsinin hüdudları daxilində bələdiyyənin xx.xx.2006-cı il tarixli, 863/a saylı qərarına əsasən 450.0 kv/metr torpaq sahəsi onun adına sənədləşdirilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 002/1/3105-tş nömrəli isteklakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlərdən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində inşa ediləcək yaşayış binasının su və kanalizasiya şəbəkələrinə qoşulması ilə bağlı müraciət etmiş və ona müraciətində göstərilənlərlə bağlı texniki şərtlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi təhlil qrupunun xx.xx.2019-cu il tarixli, 1034 nömrəli rəyindən görünür ki, sifarişçi Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində zirzəmili, 4+mansarda mərtəbəli fərdi yaşayış binasının təyinatını dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlı tələblərini ödəməsi barədə texniki müayinə rəyi verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 27 dekabr 2019-cu il tarixli, ö/003420 nömrəli istismara hazırlıq aktında, obyektin əsas göstəriciləri kimi 1 girişli, 1 səviyyə zirzəmili, 4 mərtəbəli (+mansarda) bina: tikintialtı sahəsi S=455.2kv.metr, ümumi sahəsi S=2247.0 kv.metr, Həcmi V=8641.8 kv.metr, zirzəminin sahəsi 4-324.5 kv.metr, qeyri-yaşayış binası S=399.4 kvş.metr, mənzillərin ümumi sahəsi S=1446.6 kv.metr, yaşayış sahəsi S=796.1 kv.metr, 16 ədəd mənzil qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 07 aprel 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən; Sözügedən torpaq sahəsi təxmini 530.0 kv.m təşkil edir. Sahə binanın həyətində əvvəllərdə şosse kənarı (bir hissə yarğan) yaşıllıq ərazidir. Cavabdehin torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Cavabdehin istifadəsində olduğu torpaq sahəsinin koordinatları əlavə olunur (təqribən 2520.0 kv.m). XY
1. 397956.212 4475338.728
2. 397965.658 4475344.761
3. 397985.396 4475316.212
4. 397967.827 4475304.174
5. 397963.488 4475322.986
Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahələri Sumqayıt şossesinin kənarında (içərisində yaşıllıq ağacları var) yerləşir. Qeyd olunan 2520.0 kv.m olan torpaq sahəsinin bir hissəsinə (2000,0 kv.m) müraciətlər olub və **********29 reyestr nömrəsi ilə Cavabdeh2 İsrafii oğlunun adına qeydiyyata alınmışdır (mülkiyyət forması Dövlət). Qeyd olunan iki torpaq sahəsi bir-birinə qonşu ərazilərdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/2738 nömrəli rəyinə əsasən; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 07 aprel 2025-ci il tarixli, 3-21-3-30/2-13148/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sözügedən torpaq sahəsi təxmini 530.0 kv.m təşkil edir. Sahə binanın həyətində əvvəllərdə şosse kənarı (bir hissə yarğan) yaşıllıq ərazidir. Cavabdehin torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Cavabdehin istifadəsində olduğu torpaq sahəsinin koordinatları əlavə olunur (təqribən 2520.0 kv.m).
XY
6. 397956.212 4475338.728
7. 397965.658 4475344.761
8. 397985.396 4475316.212
9. 397967.827 4475304.174
10. 397963.488 4475322.986
Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahələri Sumqayıt şossesinin kənarında (içərisində yaşıllıq ağacları var) yerləşir. Qeyd olunan 2520.0 kv.m olan torpaq sahəsinin bir hissəsinə (2000,0 kv.m) müraciətlər olub və **********29 reyestr nömrəsi ilə Cavabdeh2 İsrafii oğlunun adına qeydiyyata alınmışdır (mülkiyyət forması Dövlət). Qeyd olunan iki torpaq sahəsi bir-birinə qonşu ərazilərdir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə ilk olaraq iddia tələbinin Cavabdeh2 münasibətdə iddiaçının, digər bina sakinlərinin və onların azyaşlı uşaqların təhlükəsiz şəkildə binanın həyətindən istifadə edilməsi üçün ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın həyətində “FORD” avtoservisin istifadə etməməsi (istifadə, yəni - binanın həyətində avtoservisə aid olan əşyaları, dəmirləri, ləvazimatları, avtomobil ehtiyat hissələrini, alətləri və s. saxlanılması) və kommersiya məqsədi ilə binanın həyətinə müdaxilə etməməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Mülkiyyət hüququ Konstitusiyada təsbit edilmiş təməl hüquqlardan biri olmaqla Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Hazırda iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 noyabr 2006-cı il tarixli, 863/a nömrəli qərarına əsasən, Cavabdeh2 müraciəti nəzərə alınaraq, ona, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Biləcəri Bələdiyyəsi hüdudları daxilində istifadədə olan 450.0 kv/metr torpaq sahəsi ayrılmışdır. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 07 aprel 2025-ci il tarixli, 3-21-3-30/2-13148/2025 nömrəli mütəxəssis rəyi, eləcə də Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/2738 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahələri Sumqayıt şossesinin kənarında (içərisində yaşıllıq ağadan var) yerləşir. Qeyd olunan 2520.0 kv.m olan torpaq sahəsinin bir hissəsinə (2000,0 kv.m) müraciətlər olub və **********29 reyestr nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddia tələbinin əsasını təşkil edən “FORD” avtoservisin ərazisi, yəni, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın həyəti (2520.0 kv.m olan torpaq sahəsinin bir hissəsi (2000,0 kv.m) və **********29 reyestr nömrəsi ilə) Cavabdeh2 adına qeydiyyata alınmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın həyətində yerləşən “FORD” avtoservisdən istifadənin qadağan edilməsi, Cavabdeh2 öz mülkiyyətindən məhrum edilməsinə gətirib çıxara bilər. Başqa sözlə, həmin qadağa onun mülkiyyətçi kimi həm yerli, həm də beynəlxalq qanunvericiliklə qorunan hüquqlarının pozulmasına səbəb ola bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin iddia tələbinin Cavabdeh1 münasibətdə sözügedən binanın həyətinin abadlaşdırılması, uşaqların əylənməsi üçün lazımi şəraitin yaradılması, rezerv su çənin quraşdırılması öhdəliyinin qoyulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Hazırda iddiaçı ərizəsində, o və digər bina sakinləri mənzilləri Cavabdeh1 alarkən, o, həyətin binaya aid olduğunu və sözügedən həyətə hasar çəkəçəyini, abadlaşdırıb uşaqların əylənməsi, yaşlıların istirahət etməsi üçün şəraitin qurulmasını təmin edəcəyini bildirməsini qeyd etsə də, lakin bununla bağlı məhkəməyə heç bir rəsmi sübut təqdim etməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi təhlil qrupunun xx.xx.2019-cu il tarixli, 1034 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, sifarişçi Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində zirzəmili, 4+mansarda mərtəbəli fərdi yaşayış binasının təyinatını dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlı tələblərini ödəməsi barədə texniki müayinə rəyi verilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 27 dekabr 2019-cu il tarixli, ö/003420 nömrəli istismara hazırlıq aktında, obyektin əsas göstəriciləri kimi 1 girişli, 1 səviyyə zirzəmili, 4 mərtəbəli (+mansarda) bina: tikintialtı sahəsi S=455.2kv.metr, ümumi sahəsi S=2247.0 kv.metr, Həcmi V=8641.8 kv.metr, zirzəminin sahəsi 4-324.5 kv.metr, qeyri-yaşayış binası S=399.4 kvş.metr, mənzillərin ümumi sahəsi S=1446.6 kv.metr, yaşayış sahəsi S=796.1 kv.metr, 16 ədəd mənzil qeyd edilmişdir. Göründüyü kimi işə əlavə edilmiş və sübut növü kimi qəbul edilə bilən (texniki müayinə rəyi və istismara hazırlıq aktı) sənədlərdə sözügedən binanın həyətinin abadlaşdırılması, uşaqların əylənməsi üçün lazımi şəraitin yaradılması, rezerv su çənin quraşdırılması nəzərdə tutulmamışdır. Bu səbəbdən də, məhkəmə, Cavabdeh1 tikinti layihəsindən kənar, yəni şifahi qaydada sakinlər qarşısında ona məxsus olmayan ərazidə abadlıq və sair işlərin görülməsini öhdəlik kimi götürməsini inandırıcı hesab etmir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə, həmçinin iddia tələbinin Cavabdeh1 üzərinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 39-cu maddəsinə əsasən ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi ilə “FORD” avtoservislə qeyd olunan yaşayış binasının həyəti arasında hasar çəkilməsi öhdəliyi qoyulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissəsi törəmə hüquq münasibəti olduğundan, iddia tələbinin Cavabdeh1 münasibətdə sözügedən binanın həyətinin abadlaşdırılması, uşaqların əylənməsi üçün lazımi şəraitin yaradılması, rezerv su çənin quraşdırılması öhdəliyinin qoyulması hissəsində iddia tələbi rədd edildiyindən, həmin hissədə də, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ekspertiza tədqiqatın cəmi dəyərini təşkil edən 100 manat məbləğində vəsait də iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Fərid Hətəmzadə