Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4440/2022 03.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı MMC-in etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Binəqədi rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 105.981 (bir yüz beş min doqquz yüz səksən bir) manat və ödənilmiş 400 manat dövlət rüsumunun alınaraq, iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı ‘‘Zəhmət Ruzi “ MMC arasında xx.xx.2020-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləmişdir. Daha sonra cavabdeh ilə Əmək Müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “a“ bəndinə əsasən xitam verilmişdir. Cavabdeh Cəmiyyətdə satış təmsilçisi kimi işləyən zaman onun cəmiyyətdən aldığı malların qalıq borcları ödənilməmiş qalmışdır. Belə ki, qeyd olunan dövrdə Cavabdeh satışdan müxtəlif tarixlərdə müəyyən məbləğdə pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır, geri qalan məbləğin müəyyən edilməsi üçün xx.xx.2021-ci il tarixdə yoxlama aparılmış və 105.981 manat məbləğində borcun qalıq qalması müəyyən edilmişdir. Dövriyyə vərəqəsindən görünür ki, borclunun bu günə yekun borcu 105981 (bir yüz beş min doqquz yüz səksən bir) manat məbləğində pulu bu günə kimi ödəməmişdir. İddiaçı "xxxx" MMC-i tərəfindən dəfələrlə Cavabdeh şifahi və rəsmi pretenziya qaydada xəbərdarlıq edilərək onun maddi məsuliyyətində olan borc qalığın ödənilməsi tələb olunmasına baxmayaraq, Cavabdeh bu günə kimi heç bir ödənişi həyata keçirməmişdir. Cavabdehə tərəfindən mediasiya bildirişi göndərilərək mübahisənin mediasiya qaydasında həll edilməsi üçün mediasiyanın keçirilməsi təklif edilmiş, lakin keçirilən mediasiya prosesində cavabdeh iştirak etmədiyinə görə mübahisənin ilkin mediasiyada həll edilməsi mümkün olmamışdır. Həmin vəsait vaxtında qaytarılmış olsa idi, Cəmiyyət dövriyyədən xeyli fayda əldə etmiş olardı. Cavabdehin öhdəliklərini vaxtında icra etməməsi nəticəsində Cəmiyyətə xeyli miqdarda ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, üzləşmə aktı tərtib edildiyi gündən hazırki vaxta qədər cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Borc üzləşmə aktında göstərilən məbləğdədir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mövcud tələblə ona qarşı iddia qaldırmaq hüququnun müddət baxımından keçdiyini qeyd etmiş və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizədə aparılmış yoxlamanın vaxtı xx.xx.2021-ci il əvəzinə texniki səhv olaraq xx.xx.2022-ci il tarix qeyd edilmişdir. Mülki işin materiallarında olan aktdan da görünür ki, yoxlama xx.xx.2021-ci il tarixdə aparılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işin materiallarında olan: 10 mart 2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, sonuncu 3 həftə sınaq müddəti tətbiq edilməklə müddətli əmək müqaviləsi ilə MMC-yə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. 10 mart 2020-ci il tarixdə İddiaçı MMC-nin direktoru tərəfindən təsdiq edilmiş “satış təmsilçisinin (isti satış) vəzifə təlimatı”ndan görünür ki, satış təmsilçisi tapşırılan rutlar üzrə məhsulların satışını təmin edir, rutdan kənar zərurət yarandığı halda bölgə müdirinə xəbər etməlidir (bənd 2.3); satış nöqtələrini vaxtında mal ilə təmin edir, vitrinlərdə “face” sayını nəzarətdə saxlayır, məhsulların marketlərdə tələb olunan standartlarda ilkin düzülüşünün təmin edilməsini təşkil edir (bənd 2.4); təyin edilmiş satış planının icrasına görə öhdəlik alır və cavabdehlik daşıyır (bənd 2.5); rəhbərliyin satış təmsilçiləri prosedura uyğun olaraq sənəd dövriyyəsini təmin etməlidirlər (anbardan götürdüyü məhsula görə çıxış və ödəniş sənədlərinə imza etməlidir) (bənd 2.6); satış təmsilçiləri satış qaimələrini max 2 gün ərzində operatorlara təhvil verməlidirlər (bənd 2.8); hər ayın sonuna satış nöqtələrində olan debitor borclarını bölgə müdirinə təqdim və təsdiq edir (bənd 2.9); satışla, ödənişlə, digər məsələlərlə bağlı yaranan problemləri dərhal bölgə müdirlərinə bildirməlidirlər (bənd 2.10); rəhbərliyin satışa dəstək üçün təyin etdiyi büdcəni təyinatı üzrə xərcləməlidir (bənd 2.12); rüblük debitor borcların üzləşdirilməsi aparmalı və təsdiq etməlidir (bənd 2.13); satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə hesabatları hazırlayıb mütəmadi bölgə müdirinə təqdim etməlidir (bənd 2.14) və sair. Təlimata əsasən satış təmsilçisi Cəmiyyətin normativ sənədləri ilə müəyyən olunmuş qaydada Cəmiyyət qarşısında məsuliyyət daşıyır. Satış təmsilçisinin təqsiri üzündən Cəmiyyətə və ya rəhbərliyə vurulmuş hər hansı maddi və mənəvi ziyan onun tərəfindən Azərbaycan qanunvericiliyi və Cəmiyyətin Normativ sənədlərində nəzərdə tutulan şəkildə ödənilməlidir və o, müəyyən olunmuş qaydada şirkət qarşısında məsuliyyət daşıyır. Şirkətdən satış üçün aldığı məhsulun ödənişinə görə X4 daşıyır (4.1, 4.2 və 4.3 bəndlər). Cavabdeh qeyd olunan vəzifə təlimatı ilə tanış olmuş və imzalamışdır. 10 mart 2020-ci il tarixli X4 haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh işəgötürən İddiaçı MMC qarşısında ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. 31 mart 2021-ci il tarixdə audit Rüfət Nəcəfovun, bölgə müdiri Nadir Məhəmmədovun, satış müdiri Elçin Şərifovun, baş audit Azər Şahmərdanovun və Cavabdeh iştirakı ilə tərtib edilmiş Qarşılıqlı üzləşmə aktından görünür ki, ət emalı sahəsi üzrə satış nümayəndəsi Cavabdeh 31 mart 2021-ci il tarixə İddiaçı MMC-yə 105.981,64 manat məbləğində borcu vardır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə 12 yanvar 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İddiaçı MMC-nin 09 iyun 2022-ci il tarixli 145 №-li Maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə "xxxx" MMC-yə ödənilməli olan yekun borcu 105.981,64 manat təşkil edir. 105.981,464 manat borc məbləği Cavabdeh Cəmiyyətə geri qaytarılan, silinən və ödənilən məbləğlər çıxıldıqdan sonra yekun dövriyyədə göstərilən məbləğə əsasən hesablanmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 28 fevral 2022-ci il tarixli pretenziyadan görünür ki, sonuncudan 10 gün ərzində 105.981,64 manat borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə barəsində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 20 aprel 2022-ci il tarixdə 6 saylı Mediasiya Təşkilatı (icraçı) ilə İddiaçı MMC (sifarişçi) arasında bağlanmış mediasiya xidmətinin göstərilməsi haqqında müqavilədən görünür ki, sifarişçi mediasiya xidmətinin göstərilməsini sifariş verib icraçıya Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi Cavabdeh qarşı olan iddiası üzrə mediasiya prosesini (xidmətləri) göstərməyi öhdəsinə götürür. 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 aprel 2022-ci il tarixli arayışdan görünür ki, 27 aprel 2022-ci il tarixdə, 12:00-12:20 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı MMC-nin nümayəndəsi X2 iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında 10 mart 2020-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və cavabdeh, iddiaçı şirkətə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra tərəflərin əmək münasibətləri davam etdiyi dövrdə cavabdeh Şirkətə məxsus məhsulların satışından əldə etdiyi pul vəsaitlərini tam şəkildə iddiaçı Şirkətə təhvil verməmiş, bu barədə yoxlama aparılmış və qarşılıqlı üzləşmə aktına əsasən cavabdehin Şirkətə 105.981,64 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehdən 105.981 manat məbləğində vurulmuş ziyanı tələb edir, cavabdeh isə ərizə təqdim etməklə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç) bəndinə əsaəsən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir; 194-cü maddəsinin birinci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 200-cü maddəsinin birinci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər; 202-ci maddəsinin birinci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəflər arasında bağlanmış maddi məsuliyyət haqqında müqavilənin şərtlərini, habelə vəzifə təlimatında göstərilən vəzifələrini kobud şəkildə pozaraq iddiaçı şirkətə maddi ziyan vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia əsaslıdır. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. İş materiallarından göründüyü kimi, vurulmuş ziyan iddiaçı tərəfindən 31 mart 2021ci il tarixdə keçirilmiş yoxlama nəticəsində aşkar edilmiş, lakin hazırki iddia əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 il müddət keçdikdən sonra – 22 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfin mübahisənin mediasiya prosesində həlli üçün müraciəti də məhz iddia müddəti keçdikdən sonra – 20 aprel 2022-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilmədiyindən, iş üzrə çəkilmiş məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4440/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4440/2022
03.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver