Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-449/2024 09.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9210 manat pulun və 114 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Şəmkir şəhərində yaşayır, özünə avtomobil almaq istəyirdi, ona görə də dost-tanışına bu barədə məlumat vermişdi. Xəyal Babayev adlı tanışı onun Almaniyada tanışı olduğunu və oradan daha sərfəli qiymətə və keyfiyyətdə avtomobil alacağını bildirdi. O da avtomobilin Xəyalın tanışı vasitəsilə alınması ilə razılaşdı. X6 yaşayan tanışı Elçin Əliyevlə telefon vasitəsilə əlaqə saxlayaraq avtomobil almaq istədiklərini bildirdi. O da bununla razılaşaraq avtomobil göndərə biləcəyini bildirdi. Bundan sonra danışığa əsasən Elçin Əliyevin şəriyi olan Cavabdeh 25 may 2023-cü il tarixdə 9210 manat məbləğində pulu "xxxx" ASC vasitəsilə göndərmişdir. Onlar avtomobili təqdim edəcəklərinə söz vermiş olsalar da, sonradan dəfələrlə telefon vasitəsilə əlaqə saxlamağına baxmayaraq hər dəfə müxtəlif bəhanələr gətirərək, nə ona satacaqları avtomobili verdilər, nə də ki pulunu qaytardılar. Halbuki, o avtomobilin alqı-satqısına görə Cavabdeh 9210 manat pul göndərmişdir və o həmin pulu bankdan götürmüşdür. Cavabdehla dəfələrlə telefon vasitəsilə əlaqə saxlayanda o pulu Elçin Əliyevə göndərdiyini, tezliklə onun pulunu qaytaracağını bildirmiş olsa da, heç bir nəticəsi olmamışdır. Nəticədə o pulu qaytarmamışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Xəyal Babayev onun iş yoldaşıdır və onun tanışının vasitəsilə avtomobil almaq istəmişdir. Belə ki, Xəyal babayevin tanışı Elçin Əliyev adlı şəxslə telefonla əlaqə saxlamışlar və ona Kia Ceed markalı avtomobil almaq barədə niyyətini bildirmişdir. Onunla danışıqlardan sonra 5000 avroya Kia Ceed avtomobilini Almaniyadan alıb Azərbaycana göndərilməsi və gömrük xərclərinin özünə(iddiaçıya) aid olacağı barədə razılıq əldə edilmişdir. Elçin Əliyevə pulun birbaşa bank vasitəsilə göndərilməsi alınmadığından, Elçin Əliyev şəriyi kimi təqdim elədiyi Cavabdeh kart məlumatlarını göndərməklə pulun ona göndərilməsini tələb etmişdir. Daha sonra Xəyal Babayev və anası Məmmədova Könül dəfələrlə Elçin Əliyevlə əlaqə saxlamış və Elçin Əliyev pulun ona çatdırıldığını bildirmiş və avtomobili göndərəcəyinə onları inandırmışdır. Belə ki, Elçin guya avtomobili aldığını və avtomobilin Gürcüstanda olduğuna onları inandırmış, lakin Gürcüstanda tanışları vasitəsilə ele bir avtomobilin olmadığını aşkara çıxarmışlar. Lakin bir müddət sonra Elçin Əliyevlə əlaqə saxlamaları mümkün olmamış və o Cavabdeh axtarıb nömrəsini tapmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlanılmış və Elçinin avtomobili göndərmədiyi halda pulu özünün qaytaracağını bildirmişdir. Lakin bir müddət sonra onunla da əlaqə saxlamaq mümkün olmamış və polisə şikayət etmişdir. Lakin həmin şəxs polisə də gəlmədiyindən ona məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur.
4. Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, iddiaçı Əhməd oğlunun iş yoldaşıdır. Şəmkir rayonundan Kür qəsəbəsində FHN-nin əməkdaşları kimi işləyirlər. Miryusifi şəxsən tanımasa da, onu Elçinin şəriki olduğunu bilir. Çünki Elçin özü Miryusifi şəriki kimi onlara təqdim etmişdir. Elçin isə xalası qızının yoldaşının dostudur. X5 gedərək, orada maşın alveri ilə məşğul olmuşdur. Oğlu iş yoldaşını pul cəhətdən dəstək olmaq üçün maşını Elçin vasitəsilə almağı təklif etmişdir. Əhməd və oğlu avtomobilin pulunu Şəmkirdə olan Rabitəbank vasitəsilə Miryusifə göndəriblər. Elçin özü onlara pulu şəriki Miryusifə göndərməyi təklif edib. Əslində bu mübahisəyə qədər ailəlikcə mehriban münasibətləri olub. Elçin onlarla ana-bacı kimi müracit edirdi. Maşının təhvil verilməsi uzandıqca oğlu evə bikef gəlməyə başlamışdı. Səbəbini soruşduqda oğlu demişdir ki, ola bilsin Elçin onları aldadır. Bundan sonra dəfələrlə Elçinlə telefon danışıqları olmuşdur. Həmin danışıqlar zamanı Elçindən oğlunu pis vəziyyətdə qoymamasını xahiş etmişdir. Elçində onu arxayın salmışdır. Lakin maşın 1 aydan çox müddət keçsə də, artıq çatdırılmayanda ondan maşının pulunu qaytarmağı təkid etmişdir. Elçində ona “narahat olmayın, pulunuz sabah sizdədi, pulunuz məndə qalmaz, həmin puldan daha çox qazanıram” kimi ifadələr işlətmiş, axşamdısa səhərə, səhərdisə axşama pulun çatacağını bildirmişdir. Hətta bir səfərində ona telefonda demişdir ki, “siz məndən pulu istəyirsiz, amma Əhməd maşını istəyir”. Bu telefon danışıqlarından bir müddət sonra Elçin onun və oğlunun nömrəsini blokladığından əlaqə saxlaya bilməmişlər. Lakin atılan səsyazıları silinmədən onları saxlamağa nail olmuşdur. Elçinlə sonuncu danışıqlarında “gedin nə istəyirsiz edin” kimi ifadələr işlədib. Hətta ondan polisə belə şikayət etmişdir. Polis isə məsələnin həllinin məhkəmə qaydasında mümkün olacağını bildirib. Hətta polis belə Elçinlə əlaqə saxlamış və onlarada eyni sözü “qaytaracam” deyib.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, Əhmədlə iş yoldaşı və dost olmaqla, FHN-nin Xüsusi Riskli Xilasetmə qrupuna daxil olmaqla, eyini hərbi hissədə çalışırlar. Dostu Əhməd özünə maşın almaq istəyirdi. Ona demişdir ki, bəs Elçin adlı tanışı var və Almaniyada maşın alveri ilə məşğuldur. Orada maşın nisbətən ucuz olur. Elçin xalasının yoldaşının dostudur. Mübahisəyə qədər onunla çox yaxşı münasibətləri olub. Elçinlə danışıb, “kia ceed” markalı maşını almaqda qərarlaşmışlar. Hətta Elçin onlara maşının şəklini belə, göstərmişdir. Maşın üçün 5000 avro pul istəmişdir. Həmin pulu Elçinin hesabına göndərməliydilər. Lakin Rabitəbankda olan zaman, Elçinin kartına pul köçürülməsi mümkün olmamışdır. Elçinlə bu barədə danışdıqda öz nömrəsindən şəriki kimi təqdim etdiyi Miryusifə aid bank kartının şəkilini telefonuna göndərmiş və pulu həmin karta yükləməyi xahiş etmişdir. Pulun çatmasını Elçin özü təsdiq etmiş və maşını göndərəcəyini bildirmişdir. Hər dəfə müxtəlif bəhanələrə maşının guya yola çıxdığını, Gürcüstanda olduğunu bildirmişdir. Lakin maşın dostuna təhvil verilməmişdir. Miryusifin nömrəsini isə xalasının yoldaşı vasitəsilə tapmışlar. Elçin öz söhbətlərində Miryusifi şəriki kimi təqdim edib. Hətta bir neçə dəfə onlara kimlərinsə maşın istədiyini, pulun Miryusifə verilməklə, onlara maşın göndərdiyindən bəhs etmişdir. Hətta onlara guya maşını çatdıran nəqliyyat vasitəsini idarə edən şoferin də, nömrəsini vermişdir. Şoferlə dostu Əhməd danışıb. Maşın çatdırılmadığından və Elçinin danışıqlarından şübhələndiklərindən ondan pulun qaytarılmasını tələb etmişlər. Elçin də, pulu qaytaracağına, pulun onda qalmayacağına söz vermişdir. Hər dəfə müxtəlif saatlarda pulun qaytarılacağını vəd etsə də, vədinə əməl etməmiş, sonda isə telefon nömrələrini bloklamaqla, onlarla əlaqəni kəsmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Şəmkir RPŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən qəbul edilən 07 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 və Cavabdeh əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanmasından imtina edilmiş və İddiaçı 9210 manat pul tələbi ilə əlaqədar mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir.
8. "xxxx" ASC tərəfindən tərtib edilən 25 may 2023-cü il tarixli, AUTO_MDX_250523_55789 saylı qəbzdən görünür ki, Cavabdeh **********6944-431302 saylı hesabına 9210 manat mədaxil edilmişdir.
9. Tədqiq edilən səs yazılarının məhz həmin şəxslərə məxsusluğu ilə bağlı mötəbər sübut təqdim edilmədiyindən məhkəmə iddiaçı tərəfindən təqdim edilən cavabdehlə şahidlər arasında aparıldığını iddia etdiyi səs yazılarını sübut kimi qiymətləndirməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. İddiaçı ona avtomobil alması üçün cavabdehin vasitəçiliyi ilə X2 pul göndərmək istəmiş və 9210 manat vəsaiti cavabdehin bank hesabına köçürmüşdür. Nəticədə nə avtomobil, nə də pul qaytarılmışdır. İddiaçının həmin şəxslərin ona qarşı dələduzluq etməsi barədə şikayətinə polis orqanlarında baxılaraq cinayət işinin başlanmasından imtina edilmiş və iddiaçıya mülki qaydada iddia ilə məhkəməyə müraciət etək hüququnun olması izah edilmişdir. İddiaçı bu səbəbdən pulu köçürtdüyü və X1 şəriyi olduğunu güman etdiyi şəxsə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasından dindirilən şahidlər iddiaçının həqiqətən 9210 manat məbləğində vəsaiti X2 çatdırması üçün Cavabdeh bank hesabına köçürtdüyünü təsdiq edirlər. Eyni zamanda şahidlər Cavabdeh və X4 ilə telefon danışıqlarının olduğunu bildirmiş və şahidlər Cavabdeh köçürülən məbləği qəbul etdiyini və avtomobilin X4 tərəfindən göndərilmədiyi təqdirdə pulu qaytaracağını onlara bildirdiyini təsdiq etmişlər. Tətbiq edilən maddi hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir; 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmənin mövqeyi:
13. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibətləri olmamışdır. Belə ki, iddiaçının başqa şəxslə olan podrat müqaviləsinin icrası ilə bağlı cavabdehin hesabına köçürülmüş 9210 manat məbləğində vəsaitə hər hansı hüquqi əsası yaranmamışdır. Yəni iddiaçı ilə üçüncü şəxsin arasında olan razılığa əsasən və üçüncü şəxsin istəyi ilə iddiaçı tərəfindən cavabdehin hesabına hər hansı vəsaitin köçürülmüş olması, onlar arasında yox, əksinə cavabdehlə üçüncü şəxs arasında hər hansı müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, nə tərəflər arasında üçüncü şəxsin xeyrinə bağlanan müqavilə münasibətləri, nə də öhdəliyin üçüncü şəxs tərəfindən icrasını şərtləndirən münasibətlər olmamışdır. Bu səbəbdən hesab edirəm ki, tədqiq edilmiş sübutlarla cavabdehin hesabına köçürüldüyü təsdiq edilən 9210 manat məbləğdə vəsaitə cavabdehin hüquqi əsası olmadığından, həmin vəsait əsassız varlanma qaydalarına uyğun olaraq məhrum olanın tələbinə əsasən geri qaytarılmalıdır. Tətbiq edilən prosessual normalar və qaydalar:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
15. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
16. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;
17. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;
18. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
19. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
20. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır;
21. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
22. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Nəticə:
24. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9210 manat məbləğində pul vəsaiti və 114 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.
25. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 9210(doqquz min iki yüz on) manat məbləğində pul vəsaiti və 114(yüz on dörd) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev