Məhkəmə qərarları › İş №2(001)-4502/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4502/2024

18.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4502/2024 18.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair (açar sözlər: tapşırıq müqaviləsi, pul tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1 İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 2000 manat məbləğində pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-nin direktoru X3 ilə məhkəmədə iddiaçını təmsil etməsi üçün müqavilə bağlamaqla 3000 manat məbləğində pulu vermişdir. Bir gün sonra cavabdehdən pulunu geri tələb etdikdə, o pulu qaytarmaqdan yayınmışdır. Bundan sonra o, Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə şikayət etmiş və şikayəti ilə bağlı onu Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə yönləndirmişlər. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində şikayəti ilə bağlı aparılan araşdırmadan sonra iş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırma zamanı X3 verdiyi izahatında ondan 3000 manat məbləğində pulu almasını, həmin puldan 500 manatını qaytarmasını etiraf etmiş, qalan pulu hissə-hissə olmaqla qısa müddət ərzində qaytaracağını bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 03 may 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh, hissə-hissə olmaqla, 04 aprel 2024-cü il tarixdə 500 manat və 02 may 2024-cü il tarixdə 500 manat olmaqla, ümumilikdə 1000 manat pul qaytarmışdır. Bundan sonra o, cavabdehə qalan 2000 manat məbləğində pulunun ödənilməsi ilə bağlı dəfələrlə müraciət etsə də, bu bir nəticə verməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh departamentin direktoru X3 electron cabinet vasitəsi ilə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iddiaçı və Cavabdeh MMC il arasında 08 mart 2024-cü il tarixli, AZ0015/ 2024 nömrəli “Hüquqi Xidmət Müqaviləsi” bağlanılmışdır. Müqavilə predmetinə uyğun olaraq iddiaçıya məxsus olmuş mənzilin qiymətləndirmə işlərinin aparılması ilə əlaqədar aidiyyəti üzrə qiymətləndirmə şirkətinə müraciət olunmuş, sorğular hazırlanmış və bununla da iş başlanılmış hesab olunmuşdur. Buna baxmayaraq iddiaçı xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət edərək, maddi sıxıntılarının olmasını əsas gətirmiş və müqaviləyə xitam verilməsi, ödəmiş olduğu 3000 AZN pulun ona geri qaytaarılmasını MMC-dən xahiş etmişdir. İddiaçı ilə MMC arasında bağlanılmış olan 2024cü il tarixli, AZ-0015/ 2024 nömrəli “Hüquqi Xidmət Müqaviləsi” nin 3-cü bəndinə əsasən, sifarişçi tərəfindən əsassız səbəbdən müqaviləyə xitam verilərsə ödənilmiş olan məbləğ geriyə qaytarılmır. İddiaçının çoxsaylı müraciətləri əsasında, yaşı nəzərə alınaraq MMC tərəfindən ona məxsus olan bank kartına 1000 AZN pul göndərilmişdir. İddiaçı və MMC arasında hər iki tərəfin razılığı əsasında bağlanılan xidməti müqavilənin 3-cü bəndinin tələblərinə əsasən, işin başlanılması nəticəsində pul vəsaitinin geri qaytarılmaması, sifarişçinin müqaviləyə xitam verməsi üçün yazdığı ərizədə göstərilən səbəbinin əsassız olmasını nəzərə alaraq iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Cavabdeh hüquq və konsaltinq şirkəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2024cü il tarixli hüquqi xidmət müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.1 ci bəndinə əsasən icraçı bu müqavilənin qüvvədə olduğu müddətdə sifarişçinin fəaliyyətinin hüquqi təminatını həyata keçirməyi, sifarişçi isə bunun müqabilində icraçının xidmətlərini ödəməyi öz öhdəsinə götürür. - Müqavilənin 3.5-ci bəndində qeyd edilmişdir ki, müqavilə üzrə sifarişçi tərəfindən qeyd olunan işlər şirkət tərəfindən yerinə yetirildiyi təqdirdə şifarişçiyə ödəniş geri qaytarılmır. Müqavilənin 3.6-cı bəndində qeyd edilmişdir ki, müqavilə üzrə sifarişçi tərəfindən ödənilən məbləğ, əsassız səbəbdən sifarişçi tərəfindən müqavilənin birtərəfli pozulması təqdirində və ödənilən məbləğ əsasında işin icrasına başlanılmışsa məbləğ geriyə, yəni sifarişçiyə qaytarılmır. -İddiaçı tərəfindən Cavabdeh hüquq və konsaltinq şirkətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan görünür ki, maddi sıxıntıları səbəbindən müqaviləyə xitam verilməsi və ödənilmiş məbləğin qaytarılması xahiş edilmişdir. -xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh hüquq və konsaltinq şirkətinin qanuni təmsilçisi X3 barədə şikayətlə Nərimanov rayon Polis İdarəsinə müraciət etmiş, materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilmişdir. Material üzrə izahatı alınmış X3 bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair alğı-satqı müqaviləsinin ləğv olunması məqsədi ilə məhkəməyə müraciət olunmasında hüquqi yardım göstərilməsini istəmişdir. Bununla bağlı İddiaçı ilə hüquq Departamenti” MMC arasında 3000 manat dəyərində müqavilə bağlanmışdır. Lakin bir müddət sonra İddiaçı şirkətə müraciət edərək, maddi sıxıntılarının olmasını bildirmiş, hüquqi yardım göstərilməsindən imtina edərək, pulun geri qaytarılmasını istəmişdir. Müqavilənin 3.5-ci bəndində müqavilə üzrə sifarişçi tərəfindən ödənilən məbləğ əsassız səbəbdən sifarişçi tərəfindən müqavilənin birtərəfli pozulması təqdirində və ödənilən məbləğ əsasında işin icrasına başlanılmışsa məbləğ sifarişçiyə geri qaytarılmamasının qeyd olunmasına baxmayaraq, İddiaçı yaşlı olmasını və səhhətindəki problemləri nəzərə alaraq 2024-cü il aprel ayının ortalarında müqavilə üzrə ona 500 (beş yüz) manat pul geri qaytarılmışdır. X3 izahatında, qalan pulu hissə-hissə olmaqla qısa müddət ərzində geri qaytaracağını qeyd etmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Mülki Prosessual Məcəllənin 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 1.2.1. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında hüquqi xidmət göstərilməsi ilə bağlı müqavilə bağlanmış, sifarişçi müqavilə üzrə xidmət göstərilməsi üçün icraçıya xx.xx.2024-cü il tarixdə 3000 manat ödəmiş, xx.xx.2024cü il tarixdə müqaviləni birtərəfli qaydada ləğv edilərək, ödədiyi məbləğin geri qaytarılmasını tələb etmiş, icraçı məbləğdən cəmi 1000 manat ödəniş etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı üzərinə sifarişçinin yoldaşı Vahid Kərumduxtun mülkiyyətində olmuş, ünvan 2 ünvanda yerləşən mənzilin sifarişçi tərəfindən X2 aşağı qiymətlə satılması səbəbindən və sifarişçinin yoldaşının xəbəri olmadan evi satması ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğv olunmasından ötrü məhkəməyə müraciətin olunması, iş ilə əlaqədar sənədləşmə işlərinin aparılması, qeyd olunan mənzilə qiymətləndirmə işlərinin aparılması üçün mütəxəssislərin işə cəlb olunması, mütəxəssislərlə birlikdə mənzilə baxışın keçirilməsi, iş ilə əlaqədar şirkətin vəkillərinin işə cəlb olunması, işin məhkəmə qaydasında həll olunmasından ötrü müvafiq işlərin görülməsinə dair öhdəliklər götürmüşdür. Cavabdeh məbləğin qaytarılmamasının əsası kimi iddiaçı ilə aralarında bağlanmış müqavilənin 3.5-ci bəndində nəzərdə tutulmuş müqavilə üzrə sifarişçi tərəfindən qeyd olunan işlər şirkət tərəfindən yerinə yetirildiyi təqdirdə şifarişçiyə ödənişin geri qaytarılmaması barədə şərti əsas kimi irəli sürsə də, onun tərəfindən həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin, yəni işlərin şirkət tərəfindən yerinə yetirilməsi və ya etirazında göstərdiyi kimi mənzilin qiymətləndirilməsi üçün şirkətin dəvət edilməsi, mütəxəssisin cəlb edilməsi iş materialları ilə öz təsdiqini tapmamaqla bu barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Sifarişçinin şikayəti əsasında aparılmış istintaq araşdırması zamanı icraçı ifadəsində müqavilə ilə yerinə yetirməli olduğu xidmətlərdən hər hansı birini göstərdiyini bildirməmiş, bu barədə dəlillər təqdim etməmiş, qalan borcun qaytarılmasını üzərinə götürmüşdür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddiası əsaslı olduğundan tam iddia təmin edilməli, 2000 manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 2000 (iki min) manat məbləğində pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumu olmaqla ümumilikdə 2040 (iki min qırx) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar