Məhkəmə qərarları › İş №2(001)-4503/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4503/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4503/2021 18.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə 18 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «İddiaçı” Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3470 manat sığorta ödənişi və 30,4 manat dövlət rüsumunun, cəmi 3500,4 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh1 09 yanvar 2013-cü il tarixdə müvafiq etibarnaməsi olmadan idarə etdiyi, Cavabdeh2 məxsus “Volkswagen Passat” minik markalı, AZ**-FJ-*** qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətməklə X1 idarə etdiyi “Mercedes (Daimler Ceysler) C180” markalı, AZ**-NG-*** qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomobilin sahibi X4 maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinmiş, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.4-cü (köhnə məcəllə), yəni, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulması maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Hadisə nəticəsində “Mercedes (Daimler Ceysler) C180” markalı avtomaşına 3470 manat maddi ziyan dəymiş, iddiaçı tərəfindən sığorta ödənişi edilmişdir. Buna görə də, hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda N.N.Səmədova məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 mart 2013-cü il tarixli, 3(005)-247/2013 saylı qərarından görünür ki, Cavabdeh1 09 yanvar 2013-cü il tarixdə müvafiq etibarnaməsi olmadan idarə etdiyi, Cavabdeh2 məxsus “Volkswagen Passat” minik markalı, AZ**-FJ-*** qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətməklə X1 idarə etdiyi “Mercedes (Daimler Ceysler) C180” markalı, AZ**-NG-*** qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, beləliklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 03 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - AB seriyalı, 829388 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən, eləcə də “nəqliyyat vasitəsinin qeydiyyatı haqqında” çıxarış məlumatlarından görünür ki, “Volkswagen Passat” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 yanvar 2013-cü il tarixdə yuxarıda göstərilən yol-nəqliyyat hadisəsi törədildiyi anda Cavabdeh2 mülkiyyətində olmuşdur. - AA seriyalı, 527404 nömrəli “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi”nin surətindən görünür ki, “Volkswagen Passat” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 10 iyul 2012-ci il tarixdə əvvəlki sahibi X3 İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növündə sığortalanmışdır. - Qüsur aktından və sığorta aktından, eləcə də, kassa məxaric orderinin surətindən görünür ki, yuxarıda göstərilən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes C180” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3470 manat məbləğində zərər vurulmuş, həmin məbləğdə pul vəsaiti sığorta şirkəti tərəfindən avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 09 yanvar 2013-cü il tarixdə müvafiq etibarnaməsi olmadan idarə etdiyi, Cavabdeh2 məxsus “Volkswagen Passat” minik markalı, AZ**-FJ-*** qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətməklə X1 idarə etdiyi “Mercedes (Daimler Ceysler) C180” markalı, AZ**-NG-*** qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomobilin sahibi X4 3470 manat maddi ziyan dəymiş, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinmiş, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.4-cü (köhnə məcəllə), yəni, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulması maddəsi ilə inzibati protokol tərtib edilmiş, yol-nəqliyyat hadisəsi törədildiyi anda Cavabdeh1 müvafiq etibarnaməsi olmadan Cavabdeh2 məxsus avtomobili idarə etdiyindən İddiaçı Sığorta Şirkəti ASC-nin həmin avtomobilin mülkiyyətçisi və yol-nəqliyyat hadisəsini törətmiş şəxsə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Buna görə də, iddia təmin edilməli, 3470 manat sığorta ödənişi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30,4 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiası təmin edilsin. Sığorta ödənişi kimi ödənilmiş 3470 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30,4 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar