Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4507/2024 11.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5, Cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəymiş 3506 manat məbləğində zərərin, bu günə hesablanmış 420 manat taksi xərcinin, dəymiş ziyanın hesablanması ilə bağlı qüsur aktının alınması üçün ödənilmiş 200 manat məbləğin, ödənilmiş 61.26 manat dövlət rüsumunun Cavabdehndən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırmışdır ki, faktiki yaşadığı ünvan 1 ünvanda binanın daxili həyət hissəsində arvadının mülkiyyətində olan və xx.xx.2022-ci il tarixli 143978 nömrəli etibarnamə əsasında idarə etdiyi **-LT-*** qeydiyyat nömrəli Ford Fusion markalı avtomobilinin üzərinə bina fasadı sökülərək düşməsi ilə xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində yaşayış kompleksinin idarəedici şirkəti tərəfindən vəzifələrinin lazımınca yerinə yetirilməməsi nəticəsində xeyli ziyan dəymişdir. Mənzil Məcəlləsinin 142.2-ci maddəsinə əsasən razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, binanın ümumi əmlakının lazımı saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəalliyyəti həyata keçirməyi idarəedici təşkilat öhdəsinə götürür. Odur ki, Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, idarəedici təşkilat binanın fasadının vəziyyətini mütəmadi olaraq yoxlamaq, problemləri müəyyən etmək və aradan qaldırmaq və vaxtında təmir işləri aparmağa borcludur. İdarəetmə şirkəti binanın fasadını vaxtında yoxlamaq və təmir etmək öhdəliyini yerinə yetirməməsi nəticəsində, 01 iyun 2024-cü il tarixdə saat 18:30-da binanın sonuncu mərtəbəsinin fasadının bir hissəsi uçaraq avtomobilinin üzərinə düşərək ziyan vurmuşdur. Avtomobilin zədələnməsi onu yararsız vəziyyətə salıb və nəticədə bu müddət ərzində işə gedib-gəlmək və ailə üzvlərini şəhər içi və kənarı daşımaq üçün əlavə taksi xərclərinin yaranmasına səbəb olub. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiasını müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMMC-nin nümayəndəsi X8 iddiaya dair yazılı etiraz vermiş və etirazının dəlillərinə uyğun izahat vermişdir. Etirazını isə belə əsaslandırmışdır:- “ Binəqədi-14” Mənzil mülkiyyətçilərinin müştərək Cəmiyyəti iddia tələbini qəbul etmir. Tamamilə qanunsuz və əsassız sayır. Belə ki, iddiaçı X4 iddia tələbində faktiki yaşadığı ünvan 2 ünvanında binanın daxili həyət hissəsində həyat yoldaşının mülkiyyətində olan 21 iyun 2022-ci il tarixli, 143978 nömrəli etibarnamə əsasında idarə etdiyi ** LT *** qeydiyyat nömrəli, VİN 3FA6POK99GR235854 Ford Fusion markalı avtomobilinin üzərində binanın fasatı sökülərək düşməsi ilə 01 iyun 2024-cü il tarixdə saat 18:30 radələrində yaşayış kompleksinin idarəedici şirkəti tərəfindən vəzifələrin lazımınca yerinə yetirməməsi nəticəsində xeyli miqdarda ziyan dəyməsini qeyd etmişdir. 1) Bununla bağlı bildirirk ki, iddiaçı X1 avtomobil onun mülkiyyətində deyil. Yalnız etibarnamə ilə idarəı edir. Zərərçəkmiş şəxs avtombil sahibi onun xanımıdr. Hazırkı vəziyyətdə X4 iş üzrə zərərçəkmiş şəxs kimi tanına bilməz. 2) Məhkəmənin nəzərinə çatdırıram ki, 01 iyun 2024- cü il tarixdə narıncı hava şəraitinin olması ilə bağlı Televiziya Kanallarında və Sosial şəbəkə üzərindən əhali xəbərdalıq edilmişdir.Xəbərdarlıqda sürücülürən hava şəraitinə uyğun avtomobillərinin tənzimlənməsini eyni zamanda aşma və qopma ehtimalı olan ağac və binaların yaxınlığında saxlamamaları tövsiyyə edilmişdir. 3) Məhkəmənin nəzərinə çatdırıam ki, baş vermiş hadisə binada təmir işləri görülərkən deyil hava şəraitinin vəziyyəti ilə əlaqdər olmuşdur.Həmçinin iddiaçının həyat yoldaşı ( və yaxud özü tərəfindən ) avtomobilin saxlanılması üçün düzgün mövqe seçilməmişdir. Belə ki, avtomobil binaya bitişik şəkildə ara məsafəsi gözlənilmədən. Saxlnanılmışdır.Piyada səkinin üzərində Halbu ki, həyətdə avtomobilllərin saxlanılması üçün binadan təxminən 4- 5 metr aralı məsafədə ödənişsiz avtomobil dayanacaqları nəzərdə tutulmuşdur.İddiaçı isə avtomabili göründüyü kimi binanın tam yaxın məsafədə saxlamışdır. Bu da həm bina sakinləri həm də avtomobil sahibi üçün təhlükəlidir. 4) Hadisə Cavabdeh “ Binəqədi-14” Mənzil mülkiyyətçilərinin müştərək Cəmiyyətinin səhvindən yox məhz avtomobil sahibinin səhlənkarləğının nəticəsidir.X11 hadisəsidir. 5) İddiaçı iddia ərizəsində günlük ortalama 30 manat taksi xidmətindən istifadə edərək 420 manat ödəniş apardığını göstərir, lakin iş materiallarında taksi xidmətinə ödənişlə bağlı hər hansı ödəniş qəbzini əlavə etməsi müəyyən edilmir. 6) Məhkəmənin nəzərinə çatdırıram ki, iddiaçı özü hal-hazırkı dövrədək Cavabdeh “ Binəqədi-14” Mənzil mülkiyyətçilərinin müştərək Cəmiyyətinə kommunal xidmətlərlə bağlı hər hansı bir ödəniş etmir. Onun “Binəqədi14” Mənzil Mülkiyyətçiləri müştərək cəmiyyətinə xeyli miqdarda borcu vardır. Bütün yuxarıda qeyd olunalara əsasən İddiaçının iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarmağınızı xahiş edirəm.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, Vəkil iddiaya dair yazılı etiraz vermiş və etirazının dəlillərinə uyğun izahat vermişdir. Etirazını isə belə əsaslandırmışdır:- Bildirirəm ki, icraatınızda İddiaçı Baqdanoviçin cavabdeh “Binəqədi- 14” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi vardır. Qeyd olunan mülki işin nömrəsi 2(001 )-4507/2024-dür. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, iddia ərizəsi qanunsuz və əsassızdır və rədd edilməlidir. İlk öncə onu bildirmək istərdik ki, iddiaçı iddia tələbini əsaslandırarkən Mənzil Məcəlləsinin müvafiq maddəsini təhrif edərək, öz xeyrinə olacaq şəkildə yarım hissəsini yazmış və buna əsasən dəymiş zərərin ödənilməsini tələb etmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi Mənzil Məcəlləsinin 142.2-ci maddəsinin tam mətni aşağıdakı kimidir: “Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür.” Göründüyü kimi sözügedən maddədəki öhdəliklərin yaranması üçün qanunverici müqavilənin olmasını əsas kimi göstərmişdir. Yəni həmin maddə üzrə öhdəliyin mövcud şərti ilkin olaraq müqavilə bağlanmasıdır. İddiaçı bu maddəni təhrif etmiş və maddənin ortasından etibarən yazmaqla məhkəməni çaşdırmağa cəhd göstərmişdir. İddiaçı cavabdeh təşkilat olan Cavabdeh ilə idarə edilmə müqaviləsi bağlamaqdan yayınmaqdadır və buna uyğun olaraq xidmətlərin göstərilməsi üçün xidmət haqqını ödəmir. Belə olan halda olmayan müqavilə üzrə hər hansı öhdəliyin tələb edilməsi qanuna zidddir və rədd edilməlidir. Bununla yanaşı bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı cavabdeh təşkilatın hər hansı təqsiri olmamışdır. Belə ki, hadisə baş verən günədək binanın fasadında hər hansı qüsur olmamışdır. Hadisənin baş verməsinə səbəb xx.xx.2024-cü il tarixində baş verən güclü külək ilə əlaqədar olaraq binan fasadının uçması olmuşdur. Bununla bağlı kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Bunlardan biri də xx.xx.2024-cü il tarixində MMMC rəhbərliyinin və sakinlərin imzası ilə tərtib edilən akt olmuşdur. Aktdan da bir daha aydın olur ki, hadisə baş verən günədək binanın fasadında hər hansı qüsur olmamışdır. Binanın fasadının qopan hissəsinə ən yaxın yaşayan sakin X6 məhkəmədə şahid kimi dindirilə bilər və aktda qeyd edilən xüsusatları təsdiq edə bilər. Eyni zamanda məhkəməyə diskdə təqdim edilən video materialdan da aydın olur ki, 01 iyun 2024- cü il tarixə narıncı hava şəraitinin olması ilə bağlı Televiziya Kanallarında və Sosial şəbəkə üzərindən əhaliyə xəbərdarlıq edilmişdir. Xəbərdarlıqda sürücülürən hava şəraitinə uyğun avtomobillərinin tənzimlənməsini eyni zamanda aşma və qopma ehtimalı olan ağac və binaların yaxınlığında saxlamamaları tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1111-1 -ci maddəsinə əsasən, Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Göründüyü kimi qanunverici məsuliyyət daşıyan əsas qurum kimi binanın sahibi anlayışı işlətmişdir və məsuliyyətin yaranması üçün əlavə şərtlər irəli sürmüşdür. Binəqədi-14 Mənzi Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti binanın sahibi deyildir və sözügedən iddia tələbinin binanı tikən şirkətə qarşı qaldırılması daha məqsədəmüvafiq olardı. Çünki məhz tikinti şirkətinin təqsiri nəticəsində hadisə baş vermiş və baş vermiş hadisədə cavabdeh təşkilatın hər hansı bir təqsiri yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən, Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mmmc hesab edilir. Eyni zamanda bildirmək istərdik ki, hadisənin baş verməsinin digər səbəblərindən biri kimi, iddiaçının avtomobilini müəyyənləşdirilmiş yerdə deyil piyada səkisi üstündə saxlamasını göstərmək olar. Belə ki, avtomobilin saxlanmasının qadağan edildiyi piyada səkisində avtomobilini saxlayaraq iddiaçı qanunvericiliyin tələblərini pozmuş və təqsirli hərəkət etmişdir. Halbuki binanın həyətində avtomobillərin saxlanması üçün kifayət qədər yerlər vardır. Bundan başqa bildirməık istərdik ki, iddiaçının sözügedən iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Belə ki avtomobilin mülkiyyətçisi başqa şəxsdir və iddiaçının yalnız həmin avtomobili sürmək üçün etibarnaməsi vardır. Belə olan halda iddiaçının subyektiv hüququ istisna edilir və düşünürük kü bu əsasa görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. İddiaçının arvadı X3 mülkiyyətində olan “Ford Fusion” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının etibarnaməli idarəçiliyindədir. Bu barədə ona xx.xx.2022-ci il tarixdə 3 il 6 ay 15 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir.
7. xx.xx.2024-cü il tarixdə küləkli hava şəraitində ünvan 3 ünvanında yerləşən binanın fasadından daşlar qoparaq qeyd edilən nəqliyyat vasitəsinin üzərinə düşmüşdür.
8. Hadisə nəticəsində nəqliyyat vasitəsinə zərər dəymişdir. İddiaçı 200 manat vəsait ödəməklə "xxxx" MMC-də nəqliyyat vasitəsinə dəymiş zərəri qiymətləndirmiş və sonuncunun qiymətləndirmə aktına görə nəqliyyat vasitəsinə 3506 manat zərər dəydiyi müəyyən edilmişdir.
9. Mübahisənin obyektiv həlli üçün məhkəmənin təşəbbüsü ilə ekspertiza təyin edilmiş və tədqiqat dəyəri 50 manat olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, “Ford Fusion” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin həcminin 3506 manat olduğu müəyyən edilmişdir.
10. Cavabdeh MMMC xx.xx.2018-ci il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeydə alınmışdır və onun fəaliyyəti ünvan 3 ünvanında yerləşən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni həyata keçirməkdən və qanunvericilikdə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verməkdən ibarətdir.
11. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hadisə baş verən vaxt hava şəraiti küləkli olmuşdur, binanın fasadında gözlə görünən qüsur olmamışdır, avtomobilə zərər dəymişdir, iddiaçı həmin binada yaşayır, onunla MMMC arasında müqavilə yoxdur, iddiaçının kommunal ödənişlərə görə borcu vardır.
12. Cavabdeh iddiaya dair yuxarıda göstərilən qaydada etiraz etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
13. Əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
14. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının tələbinin hüquqi əsasını mülki hüquq pozuntusuna görə zərərin əvəzinin ödənilməsi təşkil edir. Bununla bağlı aşağıdakı normalara nəzərə yetirək.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
17. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
18. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
19. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
20. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
21. 1111.1. Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir.
22. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
23. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
24. İddiaya etirazın dəlillərindən biri ondan ibarətdir ki, zərərin vurulmasında cavabdehin təqsiri yoxdur. Bu hissədə məhkəmə cavabdehin etirazını ona görə əsassız hesab edir ki, Cavabdeh MMMC-nin nizamnaməsinin 2.2.3-cü bəndində qeyd edilmişdir ki, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması cəmiyyətin fəaliyyətinin tərtkib hissəsinə aiddir. Bundan başqa çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək cəmiyyətin vəzifəsidir(4.1.4-cü bənd).
25. İşin hallarından müəyyən edildiyi kimi cəmiyyət 2018-ci ildən çoxmənzilli binanın ümumi əmlakının saxlanılmasından, təmirindən, texniki vəziyyətini təmin etməkdən məsuldur. Binanın daha əvvəl tikilmiş olması işin mübahisəsiz halıdır və keçən müddət ərzində Bakı şəhərində dəfələrlə güclü küləyin əsməsi, tikilinin illər keçdikcə erroziyaya məruz qalması sübut edilməyə ehtiyacı olmayan faktdır. Odur ki, məhz bu hadisə zamanı binanın qüsuru ilə bağlı cavabdehin etirazı əsassızdır. Hansı ki, binanın hava(su ilə) ilə təmas edən hissəsinə mütəmadi olaraq texniki qulluq edilməsinin zəruriliyi hamıya bəlli olan haldır. Bu səbəbdən də məhkəmə hesab edir ki, binanın xarici divarından fasad örtüyünün uçması onun lazımınca saxlanmamasından irəli gəlmişdir.
26. Cavabdehin digər etirazı iddiaçının subyektiv hüququnun olmaması ilə bağlıdır ki, məhkəmə bu hissədə də cavabdehin etirazını əsassız hesab edir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi iddiaçının qanuni sahibliyində olmuşdur və bu səbəbdən aşağıda göstərilənlərə əsasən onun vurulan zərəri tələb etməsi üçün subyektiv hüququ vardır.
27. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Belə ki, zərər vurulan nəqliyyat vasitəsi iddiaçının qanuni sahibliyində olmuşdur və onun Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hüquq nəzəriyyəsində sahibliyin müdafiə olunmasının iki üsulu fərqləndirilir:1) hüquq mənasında sahibliyin müdafiəsi; 2) fakt mənasında sahibliyin müdafiəsi. Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir. Beləliklə, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir.
28. Cavabdehin etirazının digər dəlilləri isə (piyada keçidində saxlama, kommunal xidmətləri ödəməmə, müqavilənin olmaması) hazırki mübahisədə mülki hüquq pozuntusu nəticəsində vurulan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
29. Beləliklə, məhkəmə o qənaətə gəlir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 3506 manat məbləğində zərər dəydiyi tədqiq edilmiş sübutlar əsasında müəyyən edildiyindən iddia həmin hissədə əsaslıdır. Bunun davamı olaraq məhkəmə vurulmuş zərərin qiymətləndirilməsi ilə bağlı iddiaçının çəkdiyi xərcin cavabdehdən tutulması hissəsində də iddianı əsaslı hesab edir. Hansı ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı bununla bağlı 200 manat vəsait ödəmişdir və bu iddia verilən zaman tələbini əsaslandırmaq üçün zərurətdən irəli gəlmişdir.
30. Bununla belə, məhkəmə iddiaçının taksi xərclərinə görə tələb etdiyi 420 manat vəsaiti əsassız hesab edir. Belə ki, iddiaçı tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tətbiq edilən prosessual normalar:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
34. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
35. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
36. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
37. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
38. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərin əvəzi qismində 3506 manat, qiymətləndirmə aktına görə ödənilən 200 manat Cavabdeh MMMC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
39. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 57 manat vəsait Cavabdeh MMMC-dən tutularaq İddiaçı ödənilməlidir.
40. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat vəsait də Cavabdeh MMMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
41. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 3706 (üç min yeddi yüz altı) manat pul vəsaiti və 57(əlli yeddi) manat dövlət rüsumu Cavabdeh MMMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat vəsait Cavabdeh MMMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev