Məhkəmə qərarları › İş №2(001)-4515/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4515/2025

18.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4515/2025 18.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 12000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş yoldaşı Şahid2 təkidi ilə eyni zamanda digər iş yoldaşı Şahid1 da şirkətdə işlədiyinə inanaraq, işlə təmin olunmaq məqsədi ilə 15 may 2024-cü il tarixdə ünvan 1 ünvanında (5-ci mərtəbəsində) yerləşən "Quesnet" (QNET) adı ilə fəaliyyət göstərən şirkətə müraciət etdi. Həmin gün, sözdə şirkət rəhbəri olan Nərgiz adlı şəxslə tanış oldu. O bildirdi ki, guya işlə təmin olunmağı üçün ilk növbədə "Məram və Qaydalar" adlı "Quesnet" şirkətin fəaliyyəti ilə bağlı bütün məlumat və qaydaları öyrənməyi mütləqdir. Belə ki, daxili qaydalara əsasən guya ilk olaraq 3 ay müddətində qeyd olunan qaydalar barədə məlumat topladıqdan sonra bununla bağlı imtahanlara cəlb olunacaq, imtahanları müvəffəqiyyətlə keçdikdən sonra isə öz istəyinə uyğun sözügedən şirkətdə hər hansı bir fəaliyyət növünü seçməklə işlə təmin olunaraq hər həftə 225 dollar məbləğində əmək haqqı alacaq. Lakin fəaliyyyət növü seçərkən tərəfindən şirkətin hesabına seçdiyi fəaliyət növünə uyğun olaraq əvvəlcədən tələb olunan məbləğdə pul ödənilməlidir. Məlumatlara görə, guya "Quesnet" şirkətinin dünyada 150-dən çox, Azərbaycan Respublikasında isə 4 əsas fəaliyyət növü (qızıl-zinət məhsulları və brend saatlar, sağlamlıq məhsulları, online təhsil kursları, turizm və otel xidmətləri) vardır. Dini kitablar oxumaq üçün ərəb dilini öyrənmək məqsədi ilə ilk olaraq özü üçün şirkətin əsas fəaliyyət növlərindən biri olan "onlayn təhsil kursları" növünü seçərək təhsil paketi əldə edərək şirkətin hesabına 2418 manat mabləğində pul ödədi. Daha sonra isə qızının da ərəb dili, oğlunun isə inglis dili öyrənməsi üçün şirkətdən əlavə iki ədəd də təhsil paketi alaraq şirkətin hesabına 4282 manat pul ödədi. Ümumilikdə isə 6700 manat pul ödədi. Şirkətə ödədiyi pulları şirkətin Günay adı işçisi tərəfindən ona **********234098 saylı "Leobank" və **********410147 saylı "Kapitalbank kartına ödəmişdi. 3 ay sonra ona və onunla bərabər digər müraciət etdiyi şəxslərə də rəhbərlik tərəfindən bildirildi ki, "siz artıq gecikmisiniz, sizi işlə təmin edə bilmərik". Lakin bu gecikmənin nə ilə bağlı olması hansı səbəbdən nə üçün verilməsi izah edilmədi. Həmin zaman digər şəxslərin də israrla ödədikləri pulları geri tələb etmələrinə şahid olarkən aldadıldığını anladı. Şirkətdən hər həftə 225 dollar gəlir əldə edəcəyini düşünərək təhsil ilə bağlı şirkətə ödəniləcək pulu bankdan kredit götürərək sözügedən şirkətin hesabına ödəmişdi. Lakin cavabdehin bu əməllər görə bugünki gündə nə ailənin maddi tələbatlarını nədə ki banka olan kredit borcunu ödəyə bilmədiyi üçün ciddi maddi sıxıntılar yaşayır. Bugünədək dəfələrlə cavabdehə müraciət edərək ödədiyi pulları ondan geri tələb etdikdə müxtəlif bəhanələrlə pulu geri ödəməkdən boyun qaçırıb, etibarından sui-istifadə edərək pulunu mənimsəmişdir. Buna görə şikayət ərizəsi ilə Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə müraciət etmiş, lakin müraciətinin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməli oldu. Bu səbəbdən Cavabdeh vurduğu maddi ziyana görə 12000 manat məbləğində pulun xeyrimə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh X1 nümayəndəsi və vəkili X10 məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, həm iddiaçı və həm də cavabdeh beynəlxalq elektron ticarət şirkəti olan "QNet Ltd" şirkətinin Müstəqil Nümayəndələri qismində fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün həmin şirkətdə qeydiyyata alınmışlar. Vətəndaş Cavabdeh "QNet Ltd" şirkətinə 23 noyabr 2018-ci il tarixdə 30 ABŞ dolları ödəməklə şirkətin Müstəqil Nümayəndəsi qismində qeydiyyatdan keçmiş və həmin tarixdə 2067 ABŞ dolları ödəməklə şirkətdən məhsul almışdır. Vətəndaş İddiaçı 16 may 2024-cü il tarixdə "QNet Ltd" şirkətinə 40 ABŞ dolları ödəməklə şirkətin Müstəqil Nümayəndəsi qismində qeydiyyatdan keçmiş və 17 may 2024-cü il tarixdə 1340 ABŞ dolları ödəməklə şirkətə təhsil paketi sifariş vermişdir (şirkətin faktura-qaimələri və təhsil paketi sifarişinin qəbulu barədə bildirişi əlavə olunur). Bundan başqa, vətəndaş İddiaçı tərəfindən vətəndaş Sahil Quliyev üçün "QNet Ltd" şirkətinə 22 may 2024-cü il tarixdə 40 ABŞ dolları ödənilməsi ilə o, şirkətin Müstəqil Nümayəndəsi qismində qeydiyyatdan keçmiş və 23 may 2024-cü il tarixdə 1050 ABŞ dolları ödənilməsi ilə onun adına şirkətə təhsil paketi sifariş verilmişdir (şirkətin faktura-qaimələri əlavə olunur). Bundan başqa, vətəndaş İddiaçı tərəfindən vətəndaş İlahə Quliyeva üçün "QNet Ltd" şirkətinə 22 may 2024-cü il tarixdə 40 ABŞ dolları ödənilməsi ilə o, şirkətin Müstəqil Nümayəndəsi qismində qeydiyyatdan keçmiş və 23 may 2024- cü il tarixdə 1050 ABŞ dolları ödənilməsi ilə onun adına şirkətə təhsil paketi sifariş verilmişdir (şirkətin fakturaqaimələri əlavə olunur). Vətəndaş İddiaçı "QNet Ltd" şirkətinin Müstəqil Nümayəndəsi və müştərisi olaraq da "QNet Ltd" şirkətinin "Məram və qaydaları haqqında kifayət qədər malumatlandırılması və şirkətin Müstəqil Nümayəndəsi və müştərisi olmağa razılıq verməsi barədə həm ingilis və həm də Azərbaycan dilində iltizamlara qol çəkmişdir (iltizamlar əlavə olunur). Onu da qeyd edim ki, "QNet Ltd" şirkəti tərəfindən adları çəkilən şəxslərə elektron qaydada təhsil paketinin verilməsi təmin olunmuşdur. "QNet Ltd" şirkəti tərəfindən verilmiş faktura-qaimələrdən göründüyü kimi, İddiaçı tərəfindən ümumilikdə ödənilmiş 3560 ABŞ dolları məbləğində pul vəsaiti "QNet Ltd" şirkətinin hesabına keçirilmişdir və Cavabdeh tərəfimdən adı çəkilən vətəndaşlara məxsus pul vəsaitinin mənimsənilməsi halı baş verməmişdir. "QNet Ltd" şirkəti beynəlxalq elektron ticarət şirkəti olaraq 1998-ci ildə Çin Xalq Respublikasının xüsusi inzibati rayonu Honq Konqda təsis edilmişdir. Şirkətin bir çox ölkələrdə nümayəndəlikləri və agentlikləri vardır, o cümlədən vaxtilə Azərbaycan Respublikası üzrə agentliyi fəaliyyət göstərmişdir. Şirkət www.qnet.net saytına malikdir. Bu sayt vasitəsi ilə şirkət və onun Müstəqil Nümayəndələrinin fəaliyyət dairəsi, hüquq və vəzifələri, qarşılıqlı münasibətlərini tənzimləyən zəruri hüquqi sənədlər, həmçinin onların fəaliyyətini işıqlandıran təşviqat və reklam materialları yayımlanır, istehlakçılara birbaşa satış və xidmət göstərilir. Sözügedən sayt vasitəsi ilə Azərbaycan dilində də şirkətin müvafiq sənədləri, o cümlədən "Məram və qaydaları ilə tanış olmaq mümkündür. Şirkətin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərməsi X6, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr və Azərbaycan Respublikası qanunvericiliyinə uygundur. "Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanunu isə şirkətin ölkə ərazisində qanunvericiliyimizə uygun olaraq fəaliyyətini tənzimləyən başlıca normadır. Şirkətin Müstəqil Nümayəndələri fiziki şəxs olaraq fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Belə ki onlar şirkətin məhsullarının təşviqi və müştərilərə şirkətin Müstəqil Nümayəndələri olmaları üçün onların təlimatlandırılması yolu ilə biznesin qurulmasında iştirak edən şəxslərdir və onların göstərdikləri fəaliyyətin nəticəsi olaraq əldə etdikləri qazanc komisyon haqq və bonuslardan ibarətdir. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərildiyi kimi, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülən fəaliyyətdir. Həmin Qanunun 3-cü maddəsində göstərildiyi kimi, fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Müstəqil Nümayəndələr tərəfindən şirkətin biznes-konsepsiyaları, məhsulları və Kompensasiya planlarının təşviqi zamanı istifadə olunan bütün üsul və vasitələr həmin nümayəndənin yaşadığı ölkədə malik olduğu hüquqlar çərçivəsində olmalıdır. Müstəqil Nümayəndələr nəzərə almalıdırlar ki, onların bütün bəyanatları və davranışları yaşadıqları ölkənin qanunvericiliyinə müvafiq olmalıdır. X5 qeyd olunan bəyanat və davranışları üçün yaşadıqları yerdə xüsusi lisenziya və yaxud icazə almaları tələb olunursa onlar bu lisenziya və icazəni almalıdırlar. Müstəqil Nümayəndələrin Azərbaycan Respublikasının hüdudları daxilində qeyd olunan fəaliyyətlə məşğul olmaları üçün mövcud ölkə qanunvericiliyinə müvafiq olaraq dövlət qeydiyyatından keçmələri, xüsusi lisenziya və icazə almaları tələb olunmur. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununa 1, 2 və 3 saylı Əlavələrdən görünür ki, "QNet Ltd" şirkətinin Müstəqil Nümayəndələri iş üzrə iddiaçı 79 İddiaçı, Cavabdeh və digər şəxslər - Sahil Quliyev və İlahə Quliyevanın fəaliyyət dairəsi Xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin siyahısında yoxdur. Onlar yalnız vergi ödəyicisi olaraq vergi orqanlarında qeydiyyata alınmalıdırlar. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərildiyi kimi, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatına alınmaları tələb olunsa da sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin yalnız vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması tələb olunur. Müstəqil Nümayəndə şirkətin işçisi olmamaqla biznesinin inkişafı üçün bütün xərcləri öz hesabına çəkir və bu xərclərin əvəzinin şirkət tərəfindən ödənilməsini tələb etmək hüququna malik deyildir. Müstəqil Nümayəndə şirkətin məhsullarının satışında və təşviqində qeyri- müstəsna hüquqa malikdir. Hər hansı bir ölkədə, o cümlədən Azərbaycan Respublikası ərazisində zəmanət və satış üçün coğrafi məhdudiyyət yoxdur. Müstəqil Nümayəndənin şirkətin adından danışıqlar aparmaq yaxud müqavilə bağlamaq, həmçinin belə hüquqlara malik olmasını bəyan etmək hüququ yoxdur. O, şirkətin agenti yaxud işçisi kimi təqdim edilə bilməz. Müstəqil Nümayəndələr şirkətə yeni müştərilər təqdim etmək və mövcud müştərilərə xidmət göstərməklə məhsulların satışı və təşviqində şəxsən və daima iştirak etməyə borcludurlar. Şirkətə yeni nümayəndə təqdim edən Müstəqil Nümayəndə öz biznesini qura bilməsi üçün ona dəstək olmalıdır. Müstəqil Nümayəndələr müstəqil olaraq gəlirlərini əldə etməli və vergiləri ödəməlidirlər. X3 əldə etdikləri komisyon haqq və bonuslara görə dövlət orqanları qarşısında vergi məlumatlarını təqdim etmələri və vergi ödəmələri ilə bağlı cavabdehlik daşımır. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə əsasən "QNet Ltd" şirkətinin Müstəqil Nümayəndələrinə, o cümlədən iş üzrə İddiaçı, Cavabdeh və digər şəxslərə Sahil Quliyev və İlahə Quliyevaya əmək qanunvericiliyinin tələbləri şamil edilmir, yəni bu sırada "QNet Ltd" şirkətinin Müstəqil Nümayəndələrindən şirkətlə əmək müqaviləsi bağlamaları tələb olunmur. Belə ki onlar şirkətin işçisi deyillər, şirkətlə komisyon mülki-hüquqi müqavilə üzrə işləri yerinə yetirirlər. Beləliklə, iş üzrə tərəflərin məhsul almaları və Müstəqil Nümayəndə qismində qeydiyyatları üçün "QNet Ltd” şirkətinə ödədikləri pulların məbləğini, qeydiyyata alınmalarını, onlara identifikasoya kodu verilməsini və məhsul/xidmət almalarını, qeydiyyatları ilə bağlı sairə rekvizitləri özündə əks etdirən elektron fakturalar. sertifikatlar, onların irəlicədən lazımınca təlimat almaları və bu prosesə könüllü olaraq qoşulmaları barədə verdikləri iltizamlardan göründüyü kimi, onlar "Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan şəkildə, məhsul/xidmət almaq üçün könüllü olaraq şirkətə pul ödəmiş və ödədikləri pula görə məhsul/xidmət də almışlar. Konkret olaraq vətəndaş İddiaçı şikayətinə gəldikdə, təqdim edilmiş fakturalardan da göründüyü kimi, məhsulu/xidməti müştəri olaraq ona və digər şəxslərə Sahil Quliyev və İlahə Quliyevaya satan Cavabdeh deyil, "QNet Ltd" şirkətinin müvafiq qurumlarıdır. İş üzrə İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, onu "QNet Ltd" şirkətindən məhsul almağa və şirkətin Müstəqil Nümayəndəsi qismindən qeydiyyatdan keçməyə dəvət edən şəxs də Cavabdeh olmamış və Cavabdeh yalnız satılan məhsulun/xidmətin təşviqi ilə məşğul olmuş, İddiaçı müştəri olaraq təlimatlandırmış və onun könüllü olaraq pul ödəyib məhsul almasına və şirkətin Müstəqil Nümayəndəsi olmasına yardımçı olmuşdur. Vətəndaş Cavabdeh vətəndaşlar İddiaçı, Sahil Quliyev və İlahə Quliyevaya ilə "QNet Ltd" şirkətinin Müstəqil Nümayəndəsi olaraq eyni statusda olan şəxsdirlər. X7 vaxtında almamışlarsa va İddiaçı, Sahil Quliyev və İlahə Quliyevaya məhsullarını xidmətlərini məhsulun/xidmətin keyfiyyəti ilə razılaşmırlarsa bu barədə "QNet Ltd" şirkətinin baş ofisinə öz etirazlarını bildirmək hüququna malikdirlər. "QNet Ltd" şirkəti yaxud aldıqları onların etirazını müsbət cavblandırmayacağı təqdirdə isə onlar şirkətə qarşı iddia ilə çıxış edə bilərlər. Hesab edirəm ki, hazırki iddianın predmeti üzrə Cavabdeh tərəf sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən 1. Vətəndaş Cavabdeh, İddiaçı, Sahil Quliyev və İlahə Quliyevanın beynəlxalq elektron ticarət şirkəti olan "QNet Ltd" şirkətinə məhsul/xidmət sifariş vermələri və həmin şirkətin Müstəqil Nümayəndələri qismində qeydiyyata alınmaları faktını təsdiq edən fakturalar, qeydiyyat sənədləri və iltizamlar iş materiallarına əlavə olunsun və iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparılmasının təmin olunması üçün göstərilən xüsusatlar nəzərə alınması, 2. İş üzrə əhəmiyyət kəsb edə biləcəyini nəzərə alaraq "QNet Ltd" şirkətinin baş ofisinə sorğu ilə müraciət etməklə iddiaçı tərəfindən xidməti sifarişin verilməsi, onun qeydiyyatı və verilmiş sifarişin təmin olunub-olunmaması, o cümlədən istifadə olunub-olunmaması və hazırda hansı vəziyyətdə olması barədə arayış təqdim olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, onu bu işə iş yoldaşı dəvət edib. Bir neçə müddət həmin şirkətdə işlədikdən sonra, iddiaçını həmin şirkətə dəvət etmişdir. Həmin şirkətdə işləmək üçün, ayrı məbləğlərdə pul ödəmişdir. İddiaçı onun yanında Günaya pul vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: Whatsapp tətbiqi üzərindən SMS çıxarışlarından müəyyən olunur ki, +**********22 nömrəli adı “Günay iş” kimi qeyd olunmuş şəxslə 1420 manat məbləğin verilməsi barədə mesajlaşma olub. Mesajlaşmalardan **********410147 nömrəli Safa Nazarovanın adına olan kart hesabına pul göndərilməsi tələblərinə dair müxtəlif günlərdə danışıqlar olmuş, lakin həmin məbləğlərin göndərilib-göndərilməməsi mesajlardan aydın deyil. Qnet saytından alqı-satqının təsdiqinə dair çıxarışdan görünür ki, İddiaçı 16 may 2024-cü il tarixdə "QNet Ltd" şirkətinə 40 ABŞ dolları ödəməklə şirkətin Müstəqil Nümayəndəsi qismində qeydiyyatdan keçmiş və 17 may 2024-cü il tarixdə 1340 ABŞ dolları ödəməklə şirkətə təhsil paketi sifariş vermişdir. Qnet saytından alqı-satqının təsdiqinə dair çıxarışdan görünür ki, Cavabdeh "QNet Ltd" şirkətinə 23 noyabr 2018-ci il tarixdə 30 ABŞ dolları ödəməklə şirkətin Müstəqil Nümayəndəsi qismində qeydiyyatdan keçmiş və həmin tarixdə 2067 ABŞ dolları ödəməklə şirkətdən məhsul almışdır. “Qnet LTD” şirkətinin Məram və Qaydalarında qeyd olunmuşdur ki, “... 2.Komisyon Haqq və Bonuslar: 2.1. Komisyon haqq və bonus almaq üçün MN fəal olmalı, müqaviləyə, Məram və Qaydalara, kompensasiya planına əməl etməli, həmçinin MN ilde bir defe (30 USD) fhaqqını ödəməlidir. 2.2.Şirkət komisyon haqq və bonusları MN vasitəçiliyi ilə etdiyi məhsul satışından ödəyir. Komisyon haqq və bonuslar hər hansı yatırım, sərmayə, cəlb edilən insan sayı, məhsul kataloqlarının alışı və s, qarşılığında ödənilmir.2.3.Komisyon haqq və bonusların miqdarı hər bir MN-in şəxsi fəaliyyətinə, biznes quruculuğundakı yanaşmasına görə dəyişir. 2.4.Kompensasiya dövrü ötən həftə aparılmış satışların nəticələrinə görə komisyonların hesablandığı və ödənildiyi müddəti əhatə edir. 2.5.Bu müddət şənbə günü Hong-Kong vaxtı ilə saat 00:01-dən başlayır və cümə günü saat 23:59-da bitir. Bakı vaxti ilə cümə günü 20:01-dən növbəti cümə 20:00-a kimi. 2.6.Komisyonlar cümə günü Hong-Kong vaxtı ilə saat 23:59-dan (Bakı vaxtı ilə 20:01-dən) sonrakı 11 günün tamamında çərşənbə axşamı 18:00-da Q hesaba köçürülür. 2.7.Bonuslar Çərşənbə günü Q-hesaba köçürülür...” xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən olunur ki, İddiaçı imzası ilə təsdiq edərək, "Qnet Ltd" şirkətinin Azərbaycan dilinə tərcümə olunmuş Məram və Qaydalar"ını "Məram və Qaydalara 1 saylı Əlavəni”, “Kompensasiya Planı”nı. "Etika Kodeksi"ni və “Müstəqil Nümayəndələr üçün Təlimatı ona edilmiş əlavələrlə birlikdə təhvil almaqla təlimatlandırıldığı və "Qnet Ltd" şirkətinin Müstəqil Numayəndəsi olaraq fəaliyyətini təqdim olunan həmin sənədlərə əsasən quracağına, o cümlədən qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edəcəyinə zəmanət vermişdir. xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, X4 müraciəti əsasında toplanmış material, əsas isə "Qnet" adlı şirkətin əməkdaşları tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə X4 5000 manat pul vəsaitinin ələ keçirərək dələduzluq etməsi faktı olmuşdur. xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi mənə həvalə edildiyindən həmin tarixdə cinayət işi icraatıma qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-nin 87.1-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Göründüyü kimi həmin cinayət nəticəsində İddiaçı maddi ziyan vurulmuşdur. Odur ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı (zərərçəkmiş) dindirmə protokolunda izahatın məzmunu: “... Mənə verilən suallara cavab olaraq bildirərəm ki, mən yuxarıda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. Azərbaycan dilində və latın qrafikalı əlifba ilə sərbəst oxuya bilirəm, ifadəmin müstəntiq tərəfindən kompyuter vasitəsi ilə azərbaycan dilində və latın qrafikalı əlifba ilə yazılmasına heç bir etirazım yoxdur. Bildirmək istəyirəm ki, mənim iş yoldaşım Vüsalə adlı qadın mənə "Qnet" adlı reklam şirkətinə işə qəbul olunduğunu, hər həftə 225 ABŞ dolları pulu maaş kimi aldığını bildirdi və məni də həmin şirkətə işə dəvət etdi. Mən də işlə maraqlanmaq üçün Vüsalə ilə birlikdə 15 may 2024-c il tarixdə "Qnet" şirkətinin ünvan 2 ünvanında yerləşən ofisinə getdim. Şirkətin ofisi həmin ünvanda yerləşən beş mərtəbəli binanın sonuncu mərtəbəsində yerləşirdi. Vüsalə ilə söhbət zamanı Vüsaləni həmin şirkətə digər iş yoldaşıın Reyhanın cəlb etdiyini bildim. Bu barədə Reyhanla söhbət etdikdə Reyhan təklif olunan işin kifayətə qədər gəlirli olduğunu bildirib məni şirkətə işə qəbul olunmağa razı saldı. Qey etdiyim tarixdə "Qnet" şirkətinə Vüsalə ilə birlikdə getdikdə bizi Günay adlı xanim qarşıladı, Günyadan başqa həmin ofisdə təxminən 20 nəfər işi var idi. Günay mənə izah edərək işə qəbul olunmaq üçün "Qnet" şirkətindən məhsul satın almalı olduğumu bildirdi və təklif olunan məhsullarla tanış etdi. Həmin məhsullara müxtəlif qızılzinət əşyaları, gəzinti turları və tədris kursları daxil idi. Danışıq zamanı həmçinin Günay bildirdi ki, şirkətə işə qəbul olunduqdan sonra onlayn formada şirkətin reklamını həyata keçirib həftəlik 225 ABŞ dolları maaş alacağam. Günayın təklifi kifayət qədər inandırıcı olduğundan mən onun təklifi ilə razılaşdım və təklif olunan məhsullardan ərəb dilini kursunu seçdim. Belə ki, razılaşmamıza əsasən Malaziya respublikasında yerləşən şirkət tərəfindən mənə onlayn qaydada ərəb dili tədris ediləcəkdi və mənə ərəb dili öyrədiləcəkdi. Biz razılaşdığımızdan aldığım tədris kursunun qiyməti olan 2418 manat pulu 2024-cü ilin may ayının sonlarınadək hissə-hissə olmaqla Günaya əlbəl və kart vasitəsi ilə ödəmişəm. Günay ilk olaraq "Qnet" şirkətinin təlim kursundan keçməli olduğumu və əlavə olaraq iki nəfər də şirkətə dəvət etməli olduğumu, belə olan halda daha çox gəlir əldə edə biləcəyimi bildirib məni inandırdı. Mən də Günaya inanıb oğlum Sahil və qızım İlahənin də həmin şirkətə qoşulub dil kurslarında təlim almaları üçün onun məndən istədiyi ümumilikdə 4282 manat pulu 2024-cü ilin may ayında Günay xanıma həmin pulu ödədim, həmin puldan isə mənə 160 ABŞ dolları qaytarıldı. İlk olaraq mən "Qnet" şirkətinin təlimlərinə qatıldım, demələrinə görə təlimləri keçdikdən sonra həmin şirkətə işə qəbul olunacaqdım. Təlim prossesində şirkətin məhz insanları aldatmaq məqsədi ilə qurulduğunu və "Qnet” şirkəti pramida təşkilatı olduğunu öyrəndim. Bundan sonra Günay xanımdan pulumu geri tələb etdim, lakin Günay xanım müxtəlif bəhanələrlə mənim pulu qaytarmadı. Belə ki, mən həmin şirkətdə işləmək istəmədiyimi, verdiyim pulun qarşılığında məhsul olaraq aldığım xarici dil kurslarına qatılmaq istədiyimi bildirdikdə Günay bunun mümkün olmayacağını, ərəb dili kursuna qatılmaq üçün gecikdiyimi bildirdi. Sual: Hadisə nəticəsində sizə ümumilikdə hansı məbləğdə maddi ziyan dəymişdir? Cavab: Hadisə nəticəsində mənə ümumilikdə 6700 manat maddi ziyan dəymişdir...” İş materiallarında olan çıxarışlardan və girov biletindən görünür ki, İddiaçı kredit götürmüş və qızıllarını girov qoymuşdur. Yelobank ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, xx/xx/2023-cü il tarixli, 15-Y-3-0-339-23 saylı Kredit aviləsinə əsasən (bundan sonra - Kredit Müqaviləsi) Sizə 4000.00 (dörd min) məbləğində, 36 (otuz altı) ay müddətinə, 19.00 faiz dərəcəsilə kredit verilmişdir. xx/xx/2023-cü il tarixli, 15-Y-3-0-339-23 saylı Kredit Müqaviləsinə əsasən 4000.00 (dörd min) AZN məbləğli kredit üzrə "xxxx" ASC qarşısında hər hansı borc öhdəliyi mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X8 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallan məhkəmə mövcud olmayan kımı rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, mülki iş materiallarından, iddiaçının məhkəmədə verdiyi izahatlardan və şahid ifadələrindən görünür ki, iddia ərizəsində tələb olunan məbləğ cavabdehə verilməmişdir. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında izahat verən zaman “pulu şəxsən Günay və Şəfa adlı şəxslərə verdiyini bildirmişdir”. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən tələb olunan pul vəsaitinin ona ödənilməməsini mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar