Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4520/2025 18.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, bacısı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşadığından o, tez-tez bacısıgilə gedib-gəlirmiş, ona görə də bacısının digər qonşuları kimi mərhum Davud Əhmədovu və onun həyat yoldaşı Cavabdeh da tanıyırmış. Tanıdığı üçün də rastlaşanda salamlaşır, bir-birilərindən keyf-əhval tutaraq xəbər almışlar. Cavabdeh ilə bir neçə dəfə bacısıgilin evinin yanındakı musiqi məktəbinin qabağında rastlaşmış, söhbət etmişlər. Söhbət zamanı ona demişdir ki, mərhum həyat yoldaşı Davudun qəbrini düzəltdirmək istəyir, ondan ötrü ona pul lazımdır. Ondan xahiş etmişdir ki, qəbiri düzəltdirməyə başlayanda ona həmin işi gördürməkdən ötrü borc pul versin. Cavabdehi tanıdığı üçün ona borca pul verməyə razılıq vermişdir. 17 may 2016-cı il tarixdə o, yaşadığı Masallı rayonunda olanda Cavabdeh ona zəng edərək bildirmişdir ki, o, artıq işə başlayır və ona görə də təcili olaraq 1500 manat pul lazımdır, çünki ustalar başdaşı almaqdan ötrü beh istəyirlər. O, bildirəndə ki, Masallıdadır, Xalidə təkidlə xahiş etmişdir ki, pulu poçt vasitəsi ilə ona göndərsin. O da, bacısının yaxın qonşusu olduğunu nəzərə alaraq, xahişinə əməl etmiş və 1500 manat pulu poçt vaistəsi ilə göndərmişdir. Beş gün sonra o, Bakıya bacısıgilə gəlmiş və Xalidə onunla rastlaşanda daha 4000 manat pul borc istəmişdir ki, artıq mərhum həyat yoldaşının qəbrinin təmirinə başlayır, o, da, onun istəyinə əməl etmiş və ona əlavə olaraq borca 4000 manat məbləğində pul vermişdir. O, müəyyən müddət keçdikdən sonra Cavabdeh verdiyi pulları qaytarmasını xahiş etdikdə cavabdeh hər dəfə ondan aldığı pulları qaytaracağına söz vermiş, lakin sonra buna əməl etməmişdir. Ondan növbəti dəfə borcunu qaytarmağı tələb etdikdə cavabdeh Biləcəri qəsəbəsində 6 sot torpaq sahəsinin olmasını və tezliklə həmin torpaq sahəsini sataraq borcunu qaytaracağını bildirmişdir. Lakin yenə də müddət keçmiş, Cavabdeh borcunu qaytarmaq barəsində heç düşünməmiş, bu səbəbdən də, heç olmasa borcun hissə-hissə qaytarılmasını cavabdehə təklif etmiş, lakin cavabdeh buna da əməl etməmişdir. Cavabdeh ona 5500 manat borcu olsa da, 1500 manat barədə yazılı sənəd, yəni poçt qəbzi vardır. Ona görə də o, 22 may 2016-cı il tarıxdə ondan aldığı 4000 manat borcu alması barədə ona xx.xx.2019-cu il tarixdə qəbz yazıb vermışdır. Cavabdeh borc verdiyi 5500 manat borcu bütün cəhdlərinə baxmayaraq, bu günə kimi ala bilməmişdir. Çünki hər dəfə borcun qaytarılmasını ondan tələb etdikdə Cavabdeh müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Ona görə də, Cavabdeh ona verdiyi borc pulun məhkəmə vasitəsilə tələb etmək qərarına gəlmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh ona borclu olduğu 5500 manat məbləğində pul vəsaitinin və iddia qaldırarkən ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, cavabdehə borcunun olmadığını, təqdim edilmiş əlyazmada olan xətt və imzanın ona məxsus olmadığını əsas gətirərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərpoçt MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1500 manat məbləğində pul vəsaiti poçt xidməti vasitəsilə göndərilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış əlyazmadan görünür ki, Cavabdeh tərəfindən yazılmış əlyazmada o, İddiaçı aldığı 4000 manat borc pulu torpaq sahəsini satdıqdan sonra ödəyəcəyini qeyd etmiş və əlyazmanı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan CD diskə yazılmış səs yazısından məlum olur ki, Cavabdeh torpaq məsələsi ilə bağlı çıxarışın alınmasını gözlədiyini, İddiaçı bu qədər gözləyib biraz daha gözləməsini xahiş etdiyini, özünün sonra onunla əlaqə yaradacağını və bu qədər gözlətdiyini üçün bağışlamasını bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh iddia tələbinə etiraz edərək, ondan şikayət edən fırıldaqçı İddiaçı iddiasının tamamən yalan olduğunu bildirmişdir. Onu işdən çıxarmışlar və R.T.Ərdoğan onun yaxın dostu olduğu üçün o, gələrək onun qapısında yalvarmağa başlamışdır. O, Ankaraya gedərək hörmətli Erdoğanla görüşərək onu işinə bərpa etmişdir. Onu Türkiyəyə yola salanda tək bir ədəd təyyarə bileti vermiş, otel pulu belə verməmişdir. Onun Türkiyədə yaxın rəfiqəsi vardır. O da Amerikada səfərdə olduğu üçün o, məcburən otelə keçmişdir. Ərdoğan da xarici dövlətdə səfərdə olduğu üçün onunla da görüşə bilməmişdir. Oteldə 5 gün qaldıqdan sonra 500 manat borclanaraq özəl əşyalarını girov almışlar və o, oteldən çıxmaq məcburiyyətində qalmışdır. Azərbaycana geri dönərək pensiyasını almış təyyarə bileti almış və Ankaraya uçmuşdur. Ankarada da otelin pulunu ödədikdən sonra özəl əşyalarını alaraq geri dönmüşdür. İndi siz baxın kim kimə borcludur?! Onun 500 manat otel pulunun və təyyarə biletinin pulunun geri qaytarılmasını istəyir. Onu şərləməsini nəzərə alaraq onun barəsində düzgün qərar verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4520/2025 saylı 24 oktyabr 2025-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitinin və 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4520/2025 saylı 23 yanvar 2026-cı il tarixli qərardadından görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4520/2025 saylı 24 oktyabr 2025-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4520/2025 saylı 24 oktyabr 2025-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (maddə 404.1) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə borc müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin borcla bağlı normaları tətbiq edilməlidir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, mülki işin materialları, "xxxx" MMC tərəfindən verilmiş qəbz, cavabdeh tərəfindən yazılmış, cavabdehin xətti və imzası olan əlyazma ilə, eyni zamanda CD diskdə olan Cavabdeh məxsus səs yazısı ilə təsdiq edilir ki, İddiaçı tərəfindən Cavabdeh müxtəlif tarixlərdə 1500 manat və 4000 manat olmaqla, ümumilikdə 5500 manat məbləğində borc pul vəsaiti verilmiş, cavabdeh borcu hazırki günədək iddiaçıya geri qaytarmamışdır. Cavabdeh öz etirazında bir sıra dəlillər irəli sürsə də, həmin dəlilləri əsaslı edəcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmiş, digər tərəfdən Cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazmada olan xətt və imzanın ona məxsus olmadığını bildirsə də, həmin faktın araşdırılması məqsədilə məhkəmə tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi ona təklif edilmiş, cavabdeh əlinin əsməsini əsas gətirərək imza və xətt nümunələrini təqdim etməkdən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə tərəfindən cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbləri bir daha izah edilmiş, imza və xətt nümunələrinin təqdim edilməsi üçün şərait yaradılmış, lakin cavabdeh imza və xətt nümunələrini məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5500 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti və 75 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-4520/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4520/2025
18.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver