Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4527/2024 21.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.100 manat borc pulun və məhkəmədə iddia qaldırılması üçün ödədiyi 42 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Koroğlu küçəsi, döngə 5, ev 11-də yaşayır. 2023-cü ilin aprel ayında maddi cəhətdən çətinlikləri olduğu üçün evdə olan qızılları satmaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə özünə məxsus qızılları satmaq üçün Bərdə şəhərində yerləşən uşaq xəstəxanasında işləyən Nigar adlı qohumunun yanına getmişdir. Xəstəxanada tibb işçisi işləyən X4 ilə tanış oldu, o, ona nə üçün xəstəxanaya gəldiyini soruşdu. Pula ehtiyacı olduğu üçün qızıllarını satmaq istədiyini bildirdikdə, X4 həmin qızılları almaq isdədiyini dedi, həmçinin qızıl almaq istəyən bir tanışının da olduğunu bildirdi. Birlikdə Bərdə şəhəri Qarabağ klinikasında həkim işləyən Cavabdeh yanına getdilər. Orada Məlahət ona məxsus qızıllara baxdıqdan sonra, ondan 4000 manat dəyərində qızıl götürərək həmin qızılların pulunu 3 gün ərzində ödəyəcəyini bildirdi. Cavabdeh qızılı aldıqdan 3 gün sonra ona 900 manat pul ödəmişdir, daha sonra müxtəlif vaxtlarda Məlahət hissə-hissə ona pul ödəmişdir. Bu günədək Cavabdeh ona 2100 manat borclu qalmışdır. Cavabdehdən borclu olduğu pulları geri tələb etsə də, o müxtəlif bəhanələr gətirərək hər dəfə pulu ödəməkdən yayınmışdır. Bununla əlaqədar Bərdə rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdi, Cavabdeh şöbədə izahat verərək ondan aldığı qızıla görə ona 2100 manat pul borcunun olduğunu bildirdi və tez bir vaxtda ödəyəcəyi barədə vəd verdi. Lakin 2023-cü ilin dekabr ayından bəri uzun müddət keçməsinə baxmayaraq o ona olan borcunu ödəməmişdir. Qeyd etdikləri Bərdə rayon X6 Bölməsinin təhqiqatçısı X3 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 147-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hesab olunduğundan, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bərdə Rayon Polis Şöbəsinin TB-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, “Cavabdeh izahatında Ziyafətdən təxminən 4000 manat dəyərində bir neçə qızıl-zinət əşyaları götürdüyünü və aparıb yoxlatdığını, daha sonra həmin gün Xuramanın ona dediyi hesab nömrəsinə qızılların pulunun bir hissəsini, təxminən 2000 manat məbləğində pul göndərdiyini, təxminən bir həftə sonra Ziyafət ona başqa qızıllarının da olduğunu dediyini və klinikaya onun yanına qızıllarını satmaq üçün gəldiyini, Ziyafətdəki təxminən 3000 manat dəyərində qızıl götürdüyünü, daha sonra qızılların müqabilində Ziyafətə 1300 manat pul ödədiyini, ümumilikdə Ziyafətdən təxminən 7000 manat məbləğində qızıl zinət əşyaları aldığını, Ziyafətin ona həmin qızılların qramını 100 manata satdığını, o, həmin qızılların pulunu hissə-hissə bir il ərzində ödöyəcəyi barədə Ziyafətlə razılaşdığını, indiki tarixədək həmin qızıllar üçün Ziyafətə hissə-hissə pul ödəməyə başladığını, lakin Ziyafətə 2100 manat borclu qaldığını bildirmişdir.” xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında qızılların nisyə alqı-satqısı ilə bağlı şifahi razılıq mövcud olmuş, həmin razılığa əsasən iddiaçı qızılları cavabdehə satmağı, cavabdeh isə onların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin qızılların iddiaçıdan aldığını və 2.100 manat borclu qaldığını cavabdeh Bərdə Rayon Polis Şöbəsinin TB-də izahat verərkən təsdiq etmişdir. Hazırda da iddiaçı məhz cavabdehin izahatında etiraf etdiyi qalıq borcu tələb edir. Göründüyü kimi, cavabdeh tərəflər arasında olan razılığa əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, qızılların dəyərini iddiaçıya ödəməmiş, bununla da razılığın şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 2.100 manat məbləğində vəsaiti iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 42 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2.100 (iki min yüz) manat məbləğində vəsait və 42 (qırx iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4527/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4527/2024
21.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver