Məhkəmə qərarları › İş №2(001)-453/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-453/2025

07.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-453/2025 07.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “sahiblik və istifadə hüquqlarının bərpası, cavabdehin ona məxsus torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılması və sair” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 30/162 b saylı Hesabatı ilə 2005-ci il tarixdən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və obyekt ona ayrılmışdır. Qaynı - X6 ona məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmək qərarına gəlmişdir. Ona məxsus olan torpaq sahəsində, evinin yanında iki otaqlı, qapısı küçəyə tərəf açılan mağazası var idi. Həmin mağazanı fərdi yaşayış evi kimi istifadə etməsi üçün Azada vermişdir. Təxminən il yarım bundan qabaq evin təmirinə lazım olan tikinti materiallarını alaraq orada mağaza olan tikilidə təmir işləri və artırmalar etməsi üçün, digər qaynı Cavabdeh1 ilə razılığa gəlmişlər və həmin mağazada lazımi artırmalar edərək təmir işlərini Abbas üzərinə götürmüşdür. Beləliklə, Azad tərəfindən ödənilmiş məbləğlə Abbas həmin tikilidə göstərişlərə uyğun olaraq artırmalar etmişdir. Artırmalar etdiyi dövr ərzində isə həm orada yaşamış, həm də təmir işləri görmüşdür. Təmir işləri bitdikdən sonra usta kimi fəaliyyət göstərməsinə baxmayaraq, həmin evin ona məxsus olmasını bildirmişdir. Lakin o, həmin ərazini digər qaynı Azada vermişdir. Lakin hazırda Abbas ona məxsus torpaq sahəsində Azadın ödədiyi məbləğə inşa edilmiş fərdi yaşayış evinin qapılarını bağlayaraq, ona məxsus olmasını iddia edir. Hətta ona məxsus həyətyanı torpağı zəbt etməkdən belə çəkinməmişdir. Biləcəri Bələdiyyəsindən ona ayırmış olduğu torpaq sahəsini zəbt edən şəxsin çıxarılmasını tələb etsə də, bələdiyyə tərəfindən bildirilmişdir ki, əmlakın ona təhvil verilməsi üçün məhkəməyə müraciət etmək lazımdır. Sahiblik və istifadə hüquqlarının bərpasını tələb etsə də, məhkəməyə müraciət etməsini ona tövsiyyə olunmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 30/162 b saylı Hesabatı ilə 2005-ci il tarixdən ünvan 1 ünvanda yerləşən torpaq sahəsini və üzərində olan tikilinin qanunsuz təsirlərdən, digər maneələrdən azad olunaraq sahiblik, istifadə hüquqlarının bərpa edilməsi və əmlakın 3-cü şəxslərdən azad şəkildə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş hesabatın surətindən görünür ki, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi 20 saylı ünvanda yerləşən fərdi yaşayış evinin sahibi İddiaçıdur. İş materiallarında olan “Əhali istehlakçılarının təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları” haqqında 22277 saylı xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, gələcəkdə “Təchizatçı” adlanacaq Binəqədi rayon Qaz İstismar İdarəsinin rəisi N.Nəcəbov şəxsində, digər tərəfdən gələcəkdə “İstehlakçı” adlanacaq fiziki şəxs Qafarov şəxsidə qaz təchizat xidmətinin göstərilməsi və qazdan istifadə olunması ilə əlaqədar müqavilə bağlanmışdır. İş materiallarında olan “Azərsu” SC tərəfindən verilmiş 20 ******* nömrəli 27 may 2008-ci il tarixli “Su sayğaclarının qəbulu” aktının surətindən görünür ki, saz halda plomblanıb istismara buraxılmış su sayğacı istehlakçının nümayəndəsi İddiaçı təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş 04-347 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 70.0 kv.m əmlak, 280.0 kv.m torpaq sahəsinə görə xx.xx.2025-ci ilə qədər vergi borcu yoxdur. İş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə AKX-03745xx/xx-2022 saylı xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, “Azəriqaz” İB ilə Cavabdeh1 arasında müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş layihə planından görünür ki, sifarişçi Cavabdeh1 sifarişi əsasında "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üçün layihə planı hazırlanmışdır. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş A-1135 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şirinov X3 rayonu, Biləcəri qəsəbəsi, X11 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş 04-544 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 6 ünvanında yerləşən 64 kv.m əmlak, 250 kv.m torpaq sahəsinə görə xx.xx.2025-ci ilə qədər vergi borcu yoxdur. İş materiallarında olan ATS**********7882 nömrəli xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, enerjitəchizatı müəssisəsi adından X5 şəxsində və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11 Cavabdeh1 arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 2-21-3-30/2-3201/2025 saylı xx.xx.2025-ci il tarixli sorğuya cavabdan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya baxılmış və bildirilmişdir ki, təqdim edilən kadastr məlumatlarına əsasən sahədəki tikililərin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Habelə bələdiyyə sərhədləri barədə təsdiqlənmiş məlumat elektron kadastr bazasında aşkar edilmədiyindən müraciətdəki sualın cavablandırılması mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 iddiaçının kürəkəni və cavabdehin qardaşı olmaqla yanaşı, 2 ildir cavadeh Cavabdeh1 ilə danışmadığını, Rizvanla aralarında heç bir razılaşma olmadığını, Abbasın mağazadan heç bir xəbəri olmadığını və mübahisə edilən yerdə müvəqqəti yaşaması üçün ona icazə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 iddiaçının qonşusu olmaqla yanaşı, torpaq sahəsinin tapılmasında iştirak etdiyini, Rizvanın orada tikinti apardığını, 3 sot həcmində torpaq sahəsinin boş qaldığını, həmin torpaq sahəsi üçün Azadın Rizavana 5000 ABŞ dolları məbləğində pul göndərdiyini, mağazanın Azad üçün tikildiyini və torpaq alınarkən Abbasın orada olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Paşayev Vəkil Fərruz oğlu iddiaçının qonşusu olmaqla yanaşı, 2002-ci ildən etibarən orada yaşadığını, ondan əvvəl isə orada qonşusu Əlinin yaşadığını, daha sonra yaxınlıqdakı torpaq sahəsinin Rizvanın aldığını və Abbası orada heç vaxt görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 cavabdehin əmisi olmaqla yanaşı, Azadın Rusiyada işlədiyini, 2000-2002-ci il tarixlərdə Azadın özü üçün torpaq aldığını, Abbasın uşağı Bakıda oxuduğu üçün burada ev tikdiyini və həmin evin Azada məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 iddiaçının yoldaşı, cavabdehin bacısı olmaqla yanaşı, Rusiyada yaşayan qardaşının onlara verdiyi pulla torpaq aldıqlarını, torpaq sahəsinin daxilində mağaza tikdirdiklərini, Abbasın həmin torpaq sahəsini genişləndirdiyini, orada Azad üçün ev tikdiyini, Abbasın həmin evi Azaddan pul almaqla tikdiyini və saxta sənəd düzəldərək, kommunalları adına keçirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 cavabdehin qohumu olmaqla yanaşı, 2005-2006-cı il tarixlərdə həmin ərazidə Abbası gördüyünü, Abbasın həmin ərazidə evinin olmasını bildirdiyini, həmin evə nəzarət etməsi məqsədi ilə evinin açarlarını ona təqdim etdiyini, Rizvanın ona Abbası məhkəməyə verdiyini dediyini, Rizvana Abbası əvvəldən burada gördüyünü və onun yanında olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 iddiaçının və cavabdehin tanışı olmaqla yanaşı, həmin yerdə işlədiyini, Rizvanın qapını düzəltməyə köməklik etdiyini, Abbasın da orada onlarla birikdə işlədiyini və iş bitdikdən sonra bu mübahisənin yarandığını bildirmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəs mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyalar götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 - ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “sahiblik və istifadə hüquqlarının bərpası, cavabdehin ona məxsus torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılması” tələblərini irəli sürsə də, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, hal-hazıradək həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bununla yanaşı Mülki Məcəllənin tələblərinə görə həmin iddia tələblərini irəli sürmək hüququ daşınmaz əmlakın mülkiyyətçisi yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan qanuni əsasla əmlaka sahiblik edən şəxsə məxsus olsa da, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi, yaxud qanuni sahibi olduğuna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi üçün iddia irəli sürmək hüququ həmin daşınmaz əmlakın mülkiyyətçisi, yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan qanuni əsasla əmlaka sahiblik edən şəxsə məxsus olduğundan, İddiaçı sözügedən mübahisəli “sahiblik və istifadə hüquqlarının bərpası, cavabdehin ona məxsus torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılması” dair iddia tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığından iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “sahiblik və istifadə hüquqlarının bərpası, cavabdehin ona məxsus torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılması” tələblərinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar