Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4539/2025 05.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın qarşı tərəfdən ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1 və 50.3-cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçı tərəfindən iddia ərizəsi tərtib edilərkən, mülki prosessual qanunvericiliyin tələbi pozulmuş, iddia tələbi dəqiq və aydın ifadə edilməmişdir. Belə ki, iddiaçı tələbində dəymiş ziyanın qarşı tərəfdən ödənilməsini tələb etmiş olsa da, həmin dəymiş ziyanın nədən ibarət olduğu, hansı miqdarının maddi ziyan və hansı miqdarının mənəvi ziyan olması barədə məlumatları qeyd etməmiş və ümumiyyətlə iddia ərizəsi əsaslandırılmadan məhkəməyə göndərilmişdir. Prosessual qanunvericiliyin tələbinə əsasən isə, tələblər konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində dəqiq və aydın göstərilməli olması onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu müəyyən etməlidir. Təsadüfü deyildir ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Eyni zamanda iddiaçının iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxs onun həyat yoldaşı olduğu halda, həyat yoldaşının deyil, məhz özünün məhkəməyə iddia tələbi ilə müraciət etməsi də iddia ərizəsində müvafiq qaydada əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra, hazırkı iddia tələbi ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1. və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 50,60 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra, hazırkı iddia tələbi ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ var. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 50,60 (əlli manat 60 qəpik) manat məbləğində (xx.xx.2025-ci il tarixli ********** №-li qəbz) dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4539/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4539/2025
05.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver