Məhkəmə qərarları › İş №2(001)-4540/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4540/2024

03.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4540/2024 03.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 Xidmətinə qarşı “əmək müqaviləsinin qüvvədən salınması və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 Xidmətinə qarşı “əmək müqaviləsinin qüvvədən salınması və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “ … "xxxx" ASC-nin 1 SAYLİ FİLİALİ — (VÖEN **********) ilə iddiaçı arasında bağlanmış “əmək və məşğulluq” altsistemində 4YAİ2DP000600 nömrəsi ilə qeydiyyata alınmış əmək müqaviləsi "xxxx" ASC-nin 1 SAYLİ FİLİALİ vergi uçotundan çıxarılsa da, əmək müqaviləsinə elektron qaydada xitam verilməmişdir. Dövlət Vergi Xidmətinin mövcud qanunvericiliyinə əsasən ləğv olunan sahibkarlıq subyekti hüquqi şəxs olduğundan hüquqi şəxsi təmsil edən vəzifəli şəxsin adına asan imza sertifikatı verilmir. Bu səbəbdən sistemdə iddiaçının adına qüvvədə olan xxxxxxx000600 nömrəli əmək müqaviləsinə xitam vermək mümkün deyildir.” Göründüyü kimi, hazırkı mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir, Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən isə, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 28-ci maddəsinə görə, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə müvafiq olaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 Xidməti deyil, "xxxx" ASC qeyd edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməli olduğu halda, publik hüquq münasibətini əhatə edən tələb həcmində məhkəməyə müraciət edilmişdir. Belə ki, hazırda iddia tələbi 2 hissədən - əmək müqaviləsinin bildirişinin məhkəmə tərəfindən qüvvədən salınması və müvafiq bildirişin elektron informasiya sisteminə daxil edilməsinin X1 Xidmətinə həvalə edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 14.1.1-ci bəndinə əsasən, X1 Xidməti inzibati orqan kimi müəyyən edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi, iddia tələbinin ikinci hissəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxıla bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.6-1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 Xidmətinə qarşı “əmək müqaviləsinin qüvvədən salınması və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar