Məhkəmə qərarları › İş №2(001)-4546/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4546/2025

04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4546/2025 04.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" X3 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" X3 Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" PHŞ Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 21.443 manat məbləğində pulun və ödənilmiş 154.33 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-154/2023 saylı qərarı ilə PHŞ AR İXM 192.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla 20.000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 3(103)-270/2023 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Qərarla müəyyən olunmuşdur ki, Cavabdeh faktiki olaraq qanunvericiliyə uyğun olaraq mamalıq-ginekologiya ixtisası üzrə sertifikasiyadan keçmədən "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası"nda həkim-ginekoloq kimi fəaliyyət göstərmiş və praktik tibb fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 10 dəfə ayrı-ayrı hamilə qadınların doğuşlarını qəbul etmiş və həkim-ginekoloq işləməsi üçün müvafiq sertifikasiyadan keçmə barədə şahədətnamə almamışdır. Həmin qərarın icrası ilə əlaqədar PHŞ-in hesabından ümumilikdə 21.443 manat pul vəsaiti tutulmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, həmin pul cavabdehin təqsirinə görə tutulduğundan ondan alınıb iddiaçıya verilməlidir. Bu səbəbdən də iddiaçı ondan alınan pulun qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, 2022-ci ildə xəstəxanada ölüm hadisəsi olub. Prokurorluğun araşdırılması zamanı müəyyən olunub ki, həmin dövrdə cavabdeh sertifkasiyadan keçməmişdir. O dövrdə cavabdeh xəstəxanaya həkimlərin təkmilləşdirilməsi institutundan göndərilmişdir və xəstəxanada dosent-alim kimi fəaliyyət göstərib. Bu səbəbdən də Yasamal Rayon Məhkəməsində işə baxılıb və xəstəxananın 20.000 manat cərimə olunması qərara alınmışdır. Onlar müəssisə olaraq cəriməni ödəyiblər. Həmçini qeyd etdi ki, cavabdeh sertifkasiyadan keçməyib xəstəxanada fəaliyyət göstərdiyi üçün cərimə olunublar. Cavabdeh həmin vaxt sertifkasiyadan keçməli olduğunu bilsə də keçməyib və əməliyyatlara daxil olduğuna görə 20.000 manatın ondan tutulmasını istəyirlər.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Həmçinin qeyd etdi ki, 2022-ci ilin oktyabr ayında xəstəxanada başqa həkim tərəfindən əməliyyat zamanı ana ölümü baş verib. Prokrorluq tərəfindən aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, həmin həkim sertifkasiyadan keçməyərək fəaliyyət göstərib. Məhz bu səbəbdən xəstəxana 20.000 manat məbləğində cərimələnmişdir. Lakin məhkəmələrdə digər həkimin deyil onun adı qeyd olunur. O, bu barədə müxtəlif orqanlara da müraciət edib. Əlavə olaraq isə bildirdi ki, hüquqi şəxsə edilən cərimə fiziki şəxsdən tələb edilə bilməz və həmin ölüm onun səhvinə görə olmayıb. Göstərilən qərarda ona şəxsən istinad olunsaydı o, fiziki şəxs kimi 1500 manat cərimə olunardı. Həmin dövrdə müdiriyyət rəsmi olaraq əməliyyata girməyinə icazə verib və xəstəxanada kimin hansı əməliyyata girməsini özündə əks etdirən jurnallar vardır.

Mülki işin materialları:

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X5 barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 01 oktyabr 2018-ci il tarixli, 69 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkimlərin təkmilləşdirilməsi məqsədi ilə klinik bazalarda təcrübə keçmələri təmin edilmişdir. Lakin iş materiallarından görünür ki, Cavabdeh təcrübə keçməkdən əlavə doğuşlar qəbul etmişdir. Beləliklə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X5 ilə Cavabdeh arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və müvafiq sertifikasiya keçməməsi sübuta yetirilir. Bununla da Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X5 bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(103)-270/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Mədaxil məlumatlarına əsasən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-154/2023 saylı qərarının icrası ilə əlaqədar 20000 manat cərimə və 1400 manat icra haqqı tutulmuşdur.

8. Əməliyyat jurnallarına dair çıxarışdan və digər sənədlərdən görünür ki, Cavabdeh 2022-ci ilin sentyabr-oktyabr aylarında bir neçə dəfə əməliyyatlarda iştirak etmişdir.

9. 04.11.2025-ci il tarixli, 18-1-3/2-2485/2025 saylı məktubdan görünür ki, hamiləliyin patologiyası şöbəsinin doğum bölməsinin həkim mama-ginekoloqu Cavabdeh ilə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanı PHŞ arasında xx.xx.2022-xx.xx.2022ci il tarixlərində əmək müqaviləsi olmamış və həmin tarixdə əmək haqqı ödənilməmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda tərtib edilmiş sənədə baxış keçirilməsi barədə Protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək ümumilikdə 10 doğum qəbul etmişdir.

11. İnzibatı xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il tarixli Qərara əsasən Cavabdeh faktiki olaraq qanunvericiliyə uyğun olaraq mamalıqginekologiya ixtisası üzrə sertifikasıyadan keçməyən, AR Səhiyyə Nazirliyi Ə.Əliyev adına X1 mamalıq və ginekologiya kafedrasında dosent vəzifəsində işləməklə publik hüquqi şəxs olan Ak.M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanasında həkim-ginekoloq kimi fəaliyyət göstərərək doğuşları qəbul etmiş, bununla da həmin hüquqi şəxs tərəfindən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin praktik tibb fəaliyyətinə buraxılması inzibati xətasına yol verilmiş, eləcə də əmək müqaviləsi olmadığı halda PHŞ tərəfindən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Cavabdeh müəyyən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Qeyd edilənlərə əsasən Ak.M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanası PHŞ barəsində AR İXM-nin 215.4-cü və 192.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır.

12. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsindən görünür ki, Cavabdeh müvafiq sertifikasiya sənədi xx.xx.2023-cü il tarixdə verilmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

13. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

14. Belə ki, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır.

15. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər.

16. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı ciddi tutarlı bir sübut təqdim etməmişdir.

17. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X4 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)

18. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X4 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.

19. Hazırki işdən görünür ki, iddiaçı öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmişdir.

20. Belə ki, ödənilmiş cərimənin cavabdehdən tutulması istənilmiş və məhz onun səhvi ucbatından PHŞ-in cərimə edilməsi qeyd edilsə də iş materillarına əlavə edilmiş sənədlərdən və mövcud qanunvericiliyin tələblərindən görünür ki, işçinin işə götürülməsi, onun hansı praktiki işlərdə işləyib-işləməsinə nəzarət məhz işəgötürən tərəfindən tənzimlənir. Bu halda PHŞ hazırkı iş üzrə cavabdehi müəyyən praktiki işlərə cəlb edərək, ilk öncə həmin işlərə cəlb edilə bilməsinə dair müvafiq sənədin (sertifikasiya şəhadətnaməsinin) olmasını yoxlamalı, daha sonra razılıq verməli idi. Lakin PHŞ tərəfindən həmin hallar araşdırılmadan Cavabdeh fəaliyyətinə (doğuşların qəbuluna) icazə vermişdir.

21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, (ikinci səhifə 6-cı abzas) iş materiallarında olan sənədə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Ak.M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-də “stasionarda doğuşların qeydiyyat” kitabına baxış keçirilmiş və Cavabdeh 06 sentyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində, yəni mamalıq-ginekologiya ixtisası üzrə sertifikasiya şəhadətnanəsi olmadan həmin xəstəxanada doğuşlar qəbul etmiş, o cümlədən 0093326, 0093368, 0093437, 0093628, 0093638, 0093893, 0093932, 0093935, 0093965, ******* nömrəli xəstəlik tarixləri üzrə doğuşları qəbul etmiş həkimginekoloq qismində onun adı qeyd olunmuşdur.

22. Məhkəmə qeyd edir ki, bu hal iddiaçının nümayəndəsinin cavabdehin xəstəxanada mama-ginekoloq kimi doğuş qəbul etməsindən rəhbərliyin məlumatsız olmasına dair dəlilinu təkzib edir.

23. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

24. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-nin 14.1ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.

25. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

Azərbaycan Respublikası MPM-nin:

26. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

30. 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

31. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçıl öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir.

33. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddiaçı "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" X3 Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar