Məhkəmə qərarları › İş №2(001)-4576/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4576/2020

20.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4576/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, X3katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin sentyabr ayının 27-də cavabdeh X1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsindəki 2a saylı evin, 92 saylı mənzilində 200 manat, 2020-ci ilin martın 25-də 100 manat, 2020-ci ilin aprelin 15-də 1000 manat, 2020-ci ilin aprelin 25-də 1000 manat cəmi 2300 manat məbləğində borc pul vermiş cavabdeh X2 isə həmin 2300 manat borc pulu qısa bir müddət ərzində ona qaytaracağına söz vermişdir. Lakin o, aldığı 2300 manat məbləğində borc pulu iddiaçıya qaytarmadığına görə iddiaçı bununla əlaqədar Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 17 saylı Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, həmin Şöbədə cavabdeh dindirilərkən cavabdeh iddiaçıdan almış olduğu 2300 manat məbləğində borc pulu etiraf etmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçı məhkəməyə bildirdi ki, xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən ona 170 manat ödənilmiş və ona görə də, hal-hazırda onun cavabdehdən tələbi 2130 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul edir və etiraf edir ki, iddiaçıya 2300 manat borcu var idi və tərəfindən xx.xx.2020-ci il tarixdə 170 manat ödənildikdən sonra, iddiaçıya 2130 manat borcu qalmışdır. Həmin borcun ödənilməsindən boyun qaçırmır. Lakin həmin məbləği bir dəfəyə ödəməsi mümkün deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, iddia tələbini etiraf edir və iddiaçıya 2300 manat borcunun olmasını qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən və etiraf məhkəmə tərəfindən təsdiq edildiyindən, eyni zamanda cavabdeh tərəfindən borcun 170 manat hissəsinin xx.xx.2020-ci il tarixdə ödənilməsi işin mübahisəsiz halı olduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2130 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2130 (iki min yüz otuz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar