Məhkəmə qərarları › İş №2(001)-4576/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4576/2021

22.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4576/2021 22.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2021-ci ilin yanvar ayında tikinti işləri ilə əlaqədar tanış olmuş, Novxanıda yerləşən bağ evini ona göstərərək natamam qalmış işlərin görülməsi barədə aralarında razılaşmışlar. İddiaçı 18.01.2021-ci il tarixdə Cavabdeh 2300 manat pul vermiş, Cavabdeh həmin pulun qarşılığında iddiaçının həyətində quyu qazaraq içərisini betonladı və iddiaçının evimin yarımçıq qalmış döşəməsini taxta ilə döşədi. Bir müddət sonra cavabdeh iddiaçıdan əlavə olaraq 3700 manat pul istədi və bağ evinin qalan işlərini görülməsi məqsədi ilə lazım olan materialları alacağını söylədi. İddiaçı cavabdehin səmimiliyinə inanaraq ona 2021-ci ilin yanvar ayının 25-də 3700 manat pul vermişdir. İddiaçı işləyir və tikinti gedilən yerə ayda 2-3 dəfə gedirdi. Cavabdeh bu fürsətdən istifadə edərək, bir neçə gündən sonra iddiaçıya yaxınlaşıb bildirdi ki, ona verdiyi pulla bütün lazım olan materialları alıb və bağda tikinti gedir. Cavabdeh halhazırda bağda beş nəfərin işlədiyini və işin müəyyən hissəsini gördüklərini bildirərək onların zəhmət haqqlarının verilməsi üçün iddiaçıdan 1300 manat pul istəmişdir. İddiaçı cavabdehə 1300 manatı vermiş, lakin uzun müddət keçmədən bağa getmiş və orada heç bir materialın alınmadığını, heç bir işin görülmədiyini görmüşdür. İddiaçı cavabdehlə əlaqə saxlayaraq ondan nə baş verdiyini soruşmuş, cavabdeh isə müxtəlif bəhanələrlə qaçmağa çalışdı. Sonradan iddiaçıya məlum oldu ki, cavabdeh kiməsə borcu olub və o iddiaçının ona verdiyi 3700 manatı, 1300 manatı ümumilikdə 5000 manatı borclu olduğu şəxsə vermişdir. İddiaçı cavabdehdən polis idarəsinə şikayət vermiş, lakin ona işin mülki qaydada məhkəmədə baxılmalı olması bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarıda olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin məhkəmənin sorğusuna verdiyi 18.06.2021-ci il tarixli cavabına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh 29.04.2021-ci il tarixdə həmin polis bölməsində verdiyi izahatda İddiaçı 3600 manat məbləğində pulun qaytarılmalı olmasını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən istinad etdiyi hallar onun tərəfindən qismən sübut edildiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3600 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 72% hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 21,60 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat pul və ödənilmiş dövlət rüsumunun 21,60 (iyirmi bir manat altmış qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 8,40 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar