Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-458/2021 17.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 20000 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 20000 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2017-ci ilin əvvəlində evinin təmiri məqsədi ilə qonşusu olan usta Cavabdeh ilə razılığa gəlmişdir. Həmin razılıq əsasında cavabdeh onun evinin 1-ci mərtəbəsini təmir etməli idi. Ümumi olaraq təmirə xərclənən məbləğ 20000 manat təşkil etmişdir. Həmin məbləğin 10000 manatını o, cavabdehə əlmuzdu kimi vermiş, 10000 manatı isə tikinti materialı təşkil etmişdir. Cavabdehlə razılaşmalarına əsasən təmir qarajda, dəhlizdə, sanitar qovşağında, otaqlarda, evin bayır hissəsində aqlay vurmaqla aparılmalı idi. Həmçinin evin qaz xəttinin çəkilməsini də cavabdehlə razılaşmışdır. Təmir 2017-ci ilin sonlarında bitmiş, cavabdehlə o, tam olaraq hesablaşmışdır. Təmir işləri başa çatdıqdan 7-8 ay sonra evin təmiri günügündən yararsız hala düşməyə başlamış, qarajın divarında çatlar yaranmağa, dəhlizin və otaqların döşəməsi çökməyə, divar kağızları qopmağa başlamış, evin bayır hissəsinə vurulan aqlay daşları tökülməyə eyni zamanda küçədə keçən vətəndaşlar üçün təhlükə yaratmağa başlamışdır. Evin pəncərələrinin araları genişlənmişdir. Cavabdeh tavanda qaz xəttini rezin boru ilə çəkmiş, nəticədə qaz sızıntısı baş vermişdir. O, hər gün 3,50 manat qaza görə əlavə ödəniş etmiş, bir ilə 1000 manata yaxın ziyana düşmüşdür. O, cavabdehə dəfələrlə müraciət edərək bütün bu çatışmazlıqları aradan qaldırmasını və yaxud ödənişi geri qaytarmasını tələb etsə də, cavabdeh tərəfindən heç bir hərəkət olunmamışdır. Ekspert rəyində qüsurla görülməsi müəyyən olunan bütün işlər cavabdeh tərəfindən görülmüşdür. Yaxın qonşu olduqlarından o, cavabdehə etibar edib verdiyi pul barədə hər hansı bir sənəd almamışdır. Ona görə də, Cavabdeh tərəfindən təmir işlərini yararsız aparması nəticəsində ona dəyən zərərə görə 20000 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, uzun müddət qonşusu olan iddiaçı ilə aralarındakı razılaşmaya görə iddiaçıya məxsus sahəsi 42 m2 olan otağı tam təmir etməyi, 9 m2 sahəsi olan hamam otağının sanitar qovşağını və qarajın metlax işini görməyi 2500 manat müqabilində öhdəsinə götürmüşdür. O, təmir işlərini təkbaşına yox, həmkarı X1 ilə birgə görmüşdür. 2016-cı il noyabr ayının 24-də başlanan təmir işləri 2017-ci ilin mart ayınadək davam etmişdir. İddiaçı gördüyü işlərin müqabilində ona 2300 manat verərək 200 manatı kəsmişdir. İddiaçıya məxsus evin bayır hissəsinin aqlayla üzlənməsi işini nə o, nə də onun həmkarı görmüşdür. Onlar bu işi bacarmadıqlarından iddiaçıya əslən Şamaxı rayonundan olan ustaları məsləhət görmüşlər. İddiaçı həmin ustalarla razılaşaraq aqlay işini sonunculara gördürmüş, həmin ustaların da əmək haqqını verməmişdir. O, iddiaçıya məxsus evdə qaz çəkməmişdir. Evin pəncərələrinin qırağına suvaq vurmaqla bağlı onunla iddiaçı arasında danışıq olmamışdır. İddiaçıya məxsus evin yerləşdiyi ərazini tez-tez su basır. Onun evin döşəməsinin altında hava dövranın olması üçün məsafənin qoymamasının səbəbindən otaqların ölçülərinin düzgün olmamasıdır. İş üzrə keçirilən ekspertiza tədqiqatı zamanı iddiaçının evində təmir bərpa işlərinin aparılması üçün müəyyən olunan tikinti materiallarının həcmi şişirdilmişdir. O, iddiaçı ilə mübahisənin məhkəmədən kənar qaydada həll etməyə cəhd etsə də, cavabdeh onunla razılaşmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX № ******* seriyalı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi M.Məmmədxan küçəsi 84 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 264 nömrəli reyestr kitabının 24507 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2425 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi M.Məmmədxanov küçəsi 84 saylı evdə yaşayış otağının tavanı boya ilə rənglənmiş, divarlarına şpaklyovka çəkilərək divar kağızı ilə üzlənmiş, döşəməsinin altı reyka ilə yığılaraq arasına beton tökülmüş, üzərinə döşəmə üçün taxta vurulmuş və laklanmışdır. Dəhlizə bitişik inşa olunmuş qaraj tikilisinin divarları suvanmış, şpaklyovka çəkilərək boya ilə rənglənmişdir. Yaşayış evinin fasadı aqlay daşla üzlənmişdir. Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi M.Məmmədxanov küçəsi 84 saylı evdə faktiki olaraq aparılmış təmir-tikinti işlərinin həmin işlərin görüldüyü tarixə orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 12492,2 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi M.Məmmədxanov küçəsi 84 saylı evin dəhlizinin və otaqlarının döşəməsinin çökməsi (döşəməsində taxtanın eroziyaya uğrayaraq parçalanması, aralanması) döşəmənin altında hava dövranın olmaması səbəbindən baş verə bilər. Eyni zamanda yaşayış evində aparılmış təmir işlərindən uzun müddət keçdiyindən divara vurulmuş divar kağızının aralanmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Qaraj tikilisinin divarlarında yaranmış çatlar aparılmış tikinti işlərində tikinti qaydalarına (divara vurulmuş suvağın və şpaklyovkanın qurunma müddətini gözlənməməyini) riayət olunmamasından baş verə bilər. Fasad divarlara vurulmuş aqlay daşlarının tökülməsi, daşların altında olan boşluğun olması, həmin daşların keyfiyyətsiz olmasından baş verə bilər. Rəydən daha sonra müəyyən olunur ki, tədqiq olunan mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 8643,20 manat məbləğində müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi M.Məmmədxanov küçəsi 84 saylı fərdi yaşayış evində aparılmış qüsurlu təmir işləri nəticəsində iddiaçıya 8643,20 manat maddi ziyan dəyməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının cavabdehə qarşı maddi ziyan tələbini bu hissədə əsaslı hesab edib iddia ərizəsini qismən təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 8643,20 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 8673,20 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-458/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-458/2021
17.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver