Məhkəmə qərarları › İş №2(001)-4612/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4612/2021

14.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4612/2021 14.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 (üç min beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 10.05.2020-ci ildə 2500 (iki min beş yüz) manat məbləğində borc pul vermişdir. Borc şifahi razılıq əsasında verilmiş, Cavabdeh yazılı qəbz yazaraq həmin məbləğdə borcunu etiraf edib borcu iki dəfəyə (12.10.2020-ci ildə 1500 (min beş yüz) manat, 2020-ci ilin noyabr ayında 1000 (min) manat) qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən 2021-ci ilin fevral ayında ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılan dövrdə Cavabdeh borcunu qaytaracağını vəd etdiyindən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürmüş, mülki iş baxılmamış saxlanılmışdır. Lakin Cavabdeh vədinə əməl etməmiş, borcunu qaytarmaq üçün ondan möhlət istəyərək 03.03.2021-ci il tarixdə yeni qəbz yazmışdır. Qəbzə əsasən Cavabdeh ona əlavə verdiyi borc nəzərə alınmaqla 5000 manat borcu olduğunu bəyan etmiş, borcunu 2021-ci ilin aprel ayından hər ayın 15-i ödəyəcəyini üzərinə öhdəlik kimi götürmüşdür. Qəbzdə yazılmasa da, aralarındakı şifahi razılaşmaya əsasən aybaay ödəniləcək borcun aylıq məbləği 500 manat olmuşdur. Buna baxmayaraq Cavabdeh növbəti dəfə vədinə əməl etməmiş, borcunu qaytarmamışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən Cavabdeh ona olan borcundan 1500 manat qaytarmış, qalan borcu qaytarmamışdır. Cavabdeh izahatda göstərdiyini davranışını nəzərə alıb hesab edir ki, borcun qaytarılmamasının səbəblərindən biri Cavabdeh əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsidir. Bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaratdığından qalan borcun dərhal qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə əsasən Cavabdeh 3500 (üç min beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək, iddiaçıdan 5000 manat borc pul götürdüyünü, həmin məbləğdən 1500 manatını qaytardığını, qalan məbləği ayda 500 manat olmaqla qaytarmaq fikrində olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh sonrakı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh (cavabdeh) yazdığı və imzaladığı 17.11.2021-ci il tarixli borcun etirafı barədə iltizamda göstərilmişdir ki, “Mən Cavabdeh İddiaçı 10.05.2020-ci il tarixdə aldığım 2500 (iki min beş yüz) manat məbləğində olan pulu, 11.2020 tarixində 1000 (min) manatı, 12.10.2020-ci il tarixdə 1500 (min beş yüz) manatı qaytarmağı öhdəmə götürürəm.” Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-2413/2021 saylı 02.03.2021-ci il tarixli Qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə (2.500 manat) dair iddiası Azərbaycan Respubikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Cavabdeh yazdığı və imzaladığı 03.03.2021-ci il tarixli borcun etirafı barədə iltizamda göstərilmişdir ki, “Mən Cavabdeh İddiaçı borclu olduğum 5000 (beş min) manat məbləğində pulu 2021-ci il aprel ayının 15-dən etibarən hər ayın 15-i borc bitənədək ödəməyi öhtəliyimə götürürəm.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir, 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, 324.4-cü maddəsinə əsasən, bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 326-cı maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır, 327-ci maddəsinə əsasən, birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd olmasın. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh yazdığı iltizamın, yəni birtərəfli əqdin Mülki Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd olmamasını nəzərə alaraq həmin əqd məhz borc müqaviləsindən irəli gələn öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, borc alan birtərəfli əqd bağlayaraq üzərinə götürdüyü öhdəliyə uyğun olaraq götürdüyü borcun əvəzini müvafiq qaydada borc verənə qaytarmalı olduğu halda, bunu etməmişdir. Cavabdeh 5000 (beş min) manat borcu 2021-ci ilin ilin aprel ayının 15-dən başlayaraq qaytaracağı barədə yazdığı iltizamla bağlı qeyd edilməldir ki, işin müəyyən edilmiş hallarına əsasən həmin borc cavabdehin 2021-ci ilin mart ayında daha əvvəldən mövcud olan borcu etiraf etdiyi və hazırkı vaxta kimi tam qaytarmağı üzərinə götürdüyü borcdur və borcun 2021-ci ilin mart ayından bugünə kimi tam qaytarılmaması məhz borc alanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə dəlalət edir ki, bu halda da borc verənin borcun dərhal qaytarılmasını tələb etmək hüququ yaranır. Buna görə də, Cavabdeh məhz borc müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə öhdəlik yaranmış, özünün də etiraf etmiş olduğu borcdan ödənilməmiş olan cəmi 3500 (üç min beş yüz) manat məbləğində borcu yaranmışdır. İşin hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin öhdəlikdən yaranan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Təsvir olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar