Məhkəmə qərarları › İş №2(001)-4615/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4615/2024

02.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4615/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X7 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X7 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən delikt törədilməsi nəticəsində mülkiyyətində olan “BMW 530i” markalı, **-KK-*** dövlət nömrə nişanlı minik avtomobilinə dəymiş 14250 manat məbləğində maddi ziyanın, həyat yoldaşının aldığı orta ağır zədənin müalicəsinə sərf etdiyi 3000 manat maddi, ona dəymiş 2000 manat mənəvi ziyanın və ödənilmiş 147,75 manat dövlət rüsumunun cavabdeh hüquqi şəxsdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “BMW 530i” markalı, **-KK-*** dövlət nömrə nişanlı minik avtomobilini xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində baş yolda idarə edirmiş. Yolla davam edən zaman yolun asfalt örtüyünün bitum və yağlı olması səbəbindən avtomobil idarə etməsini itirmiş və avtomobili dayandıra bilməmişdir. Avtomobil yolun hərəkət hissəsindən çıxmış, inersiyanın təsiri altında yolun kənarındakı dərəyə yuvarlanmışdır. Nəticədə avtomobildə olan həyat yoldaşı orta ağır zədə almış və avtomobilinə ziyan dəymişdir. Hadisə ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı DYP orqanı yolun cavabdeh hüquqi şəxs tərəfindən bitumla yağlanması nəticəsində qəzanın baş verməsi qənaətinə gəlmişdir. Bu barədə ona arayış təqdim edilmişdir. Cavabdeh hüquqi şəxs balansında olan ümumi istifadədə olan yolu istifadə üçün yararsız hala salması səbəbindən hadisənin baş verdiyi öz təsdiqini tapmışdır. Cavabdeh hüquqi şəxs yolda hər hansı təmir və bərpa işlərinin aparılması barədə lazımı məlumatları və yol nişanlarını yerləşdirməmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində ona məxsus avtomobilə 14250 manat məbləğində maddi ziyan dəymişdir. Bu barədə nöqsan aktı tərtib edilmişdir. Ancaq cavabdeh vurduğu ziyanı ödəməkdən yayınır. Eləcə də cavabdeh hüquqo şəxsin delikt törətməsi səbəbindən idarə etdiyi avtomobilin qəzaya uğraması səbəbindən avtomobildə olan həyat yoldaşına orta ağır zədə dəymişdir. Həyat yoldaşının müalicəsi ilə bağlı ona 3000 manat maddi, əlavə olaraq 2000 manat mənəvi ziyan dəymişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə cavabdehlərdən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ-nin cavabdeh qismindən çıxartmaqla, "xxxx" MMCnin əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, təmin olunmamasını məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, sözügedən iddianın onlara aidiyyati yoxdur, məbləğlərin digər cavabdehdən tutulmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının digər cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:45 radələrində vətəndaş İddiaçı idarə etdiyi BMW markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Dədəqorqud qəsəbəsi istiqamətində hərəkətdə olan zamanı yolun asfaltbeton örtüyünün “Bitum və yağlı” olması səbəbindən idarə etdiyi avtomobilin idarə etməsini itirmiş və nəticədə avtomobil yoldan çıxaraq dərəyə sürüklənmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobildə sərnişin qismində əyləşən X1 qolunun sınıq xəsarətləri alması səbəbindən Suraxanı RPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılır. Azərbaycan Respublikası Bakı şəhəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı məxsus BMW 530 – minik, ** KK *** dövlət nömrə nişanlı avtomobilə nöqsan aktına əsasən 14250 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası” PHŞ-nin Travmatologiya şöbəsinə müraciət etmiş, xx.xx.2024-xx.xx.2024-cü il tarixə qədər stasionar müalicədə olmuşdur. Diaqnozu: Sağ mil sümüyünün aşağı 1/3-nin köhnə sınığı. Mil sinirin sağ said nahiyyəsində travması. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı “BMW 530” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9750,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 6300,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 3450,00 manat. X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X3 ondan ötrü ki, həqiqətən də o, xx.xx.2024-cü il tarixində “X4 – 1” klinikasında boru hamiləliyi əməliyyatı keçirmişdir. Pasient klinikaya 1070 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 149 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». 1097.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki iş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində özünə məxsus “BMW 530i” markalı, **-KK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun asfaltbeton örtüyünün “Bitum və yağlı” olması səbəbindən idarə etdiyi avtomobilin idarəetməsini itirmiş və nəticədə avtomobil yoldan çıxaraq dərəyə sürüklənmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobildə sərnişin qismində əyləşən iddiaçın həyat yoldaşı X5 xəsarət almış və iddiaçıya məxsus nəqliyyat vasitəsi zədələnmişdir. Hazırda iddiaçı nəqliyyat vasitəsinə dəymiş 14250 manat məbləğində maddi ziyanı, həyat yoldaşının aldığı orta ağır zədənin müalicəsinə sərf etdiyi 3000 manat maddi, ona dəymiş 2000 manat mənəvi ziyanı cavabdehdən tələb edir. Məhkəmə iddianın nəqliyyat vasitəsinə dəymiş 14250 manat maddi ziyan hissəsində hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçıya dəymiş maddi ziyan 9750 (dəyişilməli hissələrin qiyməti – 6300 manat; təmir-bərpa işlərinin qiyməti – 3450 manat) manat məbləğində olması sübuta yetirilir. Məhkəmə iddianın həyat yoldaşının aldığı orta ağır zədənin müalicəsinə sərf etdiyi 3000 manat maddi ziyanla bağlı hissəsində hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim olunan Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli arayışla iddiaçının həyat yoldaşının zədələnməsi sübuta yetirilsə də, onun müalicəsi üçün sərf olunmuş pul vəsaiti barədə heç bir sübut (qəbz) iş materiallarına əlavə olunmamışdır. Belə olan halda da, iddia bu hissədə təmin edilə bilməz. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024cü il tarixli arayış və qəbzlərlə müəyyən olunan keçirilmiş əməliyyatın yol-nəqliyyat hadisəsinə aidiyyatı yoxdur. Belə ki, yol-nəqliyyat hadisəsi zamanı iddiaçın həyat yoldaşının aldığı xəsarət Sağ mil sümüyünün aşağı 1/3-nin köhnə sınığıdır. Həmçinin, məhkəmə iddianın mənəvi zərərlə bağlı hissəsində hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə razılaşır ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərə və həyat yoldaşının aldığı xəsarətə görə iddiaçı müəyyən mənəvi ziyana məruz qalıb. Lakin məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği həddən artıq yüksəkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mənəvi ziyan qismində iddiaçıya 500 manat məbləğində pul vəsaiti cavabdehlər tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən “BMW 530i” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 9750 manat məbləğində maddi ziyan və 500 manat məbləğində mənəvi ziyan tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 140 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “BMW 530i” markalı, **-KK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərərin əvəzi olaraq 9750 (doqquz min yeddi yüz əlli) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul və 140 (yüz qırx) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar