Məhkəmə qərarları › İş №2(001)-4634/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4634/2020

17.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4634/2020 17.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Həsənov Vəli Adıgözəl oğluna və Cavabdeh1 qarşı girov biletinin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması tələbi barədə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Həsənov Vəli Adıgözəl oğlu (lombard) arasında bağlanmış müqavisə və müqavilə əsasında verilmiş 733389 nömrəli girov biletinin etibarsız hesab edilməsi və lombard tərəfindən girov kimi götürülmüş, onun mülkiyyətində olan “Ford Transit 350 L” markalı, AZ**-LX-*** qeydiyyat nişanlı avtomobilin lombarddan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı xx.xx.2019-cu il tarixdə X2 ilə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuş, xx.xx.2019-cu il tarixdə “Ford Transit 350 L” markalı, AZ**-LX-*** qeydiyyat nişanlı avtomobil adıma rəsmiləşmiş və qeydiyyata alınmışdır. Həmin mikroavtobusla ölkə hüdudlarından kənara sərnişin daşımaq məqsədi ilə Əli Hümbətov mikroavtobusa sürücü qismində Cavabdeh1 öz yanında sürücü kimi işə cəlb etmiş və bununla bağlı ona etibarnamə verilmişdir. Bir müddətdən sonra Cavabdeh1 pul müqabilində həmin mikroavtobusla sərnişin daşımaqdan ötrü 3 günlüyünə Quba, Qusar və Şamaxıya gedib-gəlməsi üçün Hümbətov Əli ilə razılaşmış və avtomobil sonuncu tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 təhvil verilmişdir. Bir neçə gündən sonra Əli Hümbətov mikroavtobusun qaytarılması ilə bağlı Cavabdeh1 zəng etmiş, lakin cavabdeh tərəfindən zənglərə cavab verilməmiş və qaçıb gizlənərək iddiaçıya məxsus avtomobili qaytarmaqdan yayınmışdır. Cavabdehin qeyd olunan dələduzluq əməli barədə Əli Hümbətov xx.xx.2020-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nə ərizə ilə müraciət etmiş və məlum olmuşdur ki, Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə "5 saylı Asan Xidmət Mərkəzində" cavabdeh, lombard fəaliyyəti ilə məşğul olan Həsənov Vəli Adıgözəl oğluna etibarnamə verilmişdir. Bu məlumatı öyrəndikdən sonra həmin gün yəni xx.xx.2020-ci il tarixdə Cavabdeh1 verilmiş etibarnaməyə xitam verilmişdir. Polis Bölməsində aparılan təhqiqat zamanı cavabdeh Həsənov Vəli Adıgözəl oğlu izahat verərək xx.xx.2020-ci il tarixdə Cavabdeh1 metronun “Xalqlar Dostluğu” stansiyasının yanında fəaliyyət göstərdiyi lombarda gələrək mübahisəli avtomobili girov qoymaqla 5.000 manat məbləğində kredit götürdüyünü bildirmişdir. Aralarında sənədləşmə işləri aparıldıqdan sonra Həsənov Vəli Adıgözəl oğlu Cavabdeh1 733389 nömrəli girov bileti verməklə girovu rəsmiləşdirmiş və mübahisəli avtomobil Həsənov Vəli Adıgözəl oğlu tərəfindən Xətai rayonu, N.Tusi, 18 A ünvandakı dayanacağa yerləşdirilmişdir. Hal-hazırda mübahisəli avtomobil həmin dayanacaqda saxlanılır. Təhqiqat araşdırması zamanı Cavabdeh1 olduğu yer müəyyən edilərək araşdırmaya cəlb edilməsi mümkün olmadığından onun əməlində dələduzluq cinayətinin ərkibinin olub-olmaması müəyyən edilə bilməmiş, beləliklə, xx xxxx 2020-ci il tarixdə “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Göründüyü kimi, Cavabdeh1 özünə məxsus olmayan, etibarnamə əsasında ona verilmiş avtomobili pul əldə etmək məqsədilə Həsənov Vəli Adıgözəl oğlunun lombardına girov qoymuş, 5000 manat kredit götürmüş, bu zaman Vəli Həsənov tərəfindən avtomobilin həqiqətən də Cavabdeh1 məxsus olub-olmaması araşdırılmamış, avtomobil duracağa təhvil verilmişdir. Nəticədə, iddiaçı öz şəxsi mülkiyyətindən qanunsuz məhrum edilmiş, buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda iddiaçının nümayəndəsi X3 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişlər. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 tərəfindən verilmiş çıxarışdan görünür ki, “Ford Transit 350 L” minik markalı, AZ**-LX-*** qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir, Həsənov Adıgözəl Vəli oğluna avtomobillə bağlı etibarnamə verilmişdir. Həsənov Vəli Adıgözəl oğlunun təhqiqat orqanına verdiyi izahatdan, eləcə də, xx xxxx 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Həsənov Vəli Adıgözəl oğlu metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında lombard işlədir. xx xxxx 2020-ci il tarixdə Cavabdeh1 lombarda yaxınlaşaraq özünə məxsus “Ford Transit 350 L” markalı, AZ**-LX-*** qeydiyyat nişanlı avtomobili girov qoyub əvəzində 5000 manat kredit götürmək istəyini bildirmiş, avtomobilə dair mülki etibarnaməni təqdim etdikdən sonra V.Həsənov avtomobilin həqiqətən də ona məxsus olduğuna inanmış və onlar razılamışlar. Cavabdeh1 girov bileti verilmiş, avtomobil duracağa yerləşdirilmişdir. xx xxxx 2020-ci il tarixli, 733389 nömrəli girov biletindən görünür ki, Cavabdeh1 “Ford Transit 350 L” markalı avtomobili lombard fəaliyyəti göstərən Həsənov Vəli Adıgözəl oğluna girova vermişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.6-cı maddəsinə əsasən, əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. 271.1-ci maddəsinə əsasən, əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. 302.1 və 302.2-ci maddələrinə əsasən, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. 302.8-ci maddəsinə əsasən, lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh1 öz mülkiyyətində olmayan, İddiaçı məxsus, etibarnamə əsasında idarə etdiyi “Ford Transit 350 L” markalı, AZ**-LX-*** qeydiyyat nişanlı avtomobili lombard fəaliyyəti ilə məşğul olan Həsənov Vəli Adıgözəl oğluna girov predmeti kimi təqdim etməklə oradan 5000 manat kredit götürmüş, girov haqqında müqavilə girov biletinin verilməsi ilə rəsmiləşdirilmişdir. Halbu ki, “Ford Transit 350 L” markalı, AZ**-LX-*** qeydiyyat nişanlı avtomobil girov predmeti deyil, ipoteka predmeti ola bilər. Bununla yanaşı mübahisəli avtomobili cavabdeh V.Həsənov bilavasitə mülkiyyətçidən girova qəbul etməmişdir. Bununla da, Mülki Məcəllənin 269.4-cü və 271.1ci maddəsinin tələblərinə riayət olunmamışdır ki, buna görə də, girov müqaviləsi hesab edilən girov bileti etibarsız hesab edilməli, avtomobil qanuni sahibinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 10 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Həsənov Vəli Adıgözəl oğluna və Cavabdeh1 qarşı girov biletinin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması barədə iddiası təmin edilsin. Həsənov Vəli Adıgözəl oğlu tərəfindən verilmiş GJN seriyalı, 733389 nömrəli girov bileti etibarsız hesab edilsin. İddiaçı mülkiyyətində olan “Ford Transit 350 L” markalı, AZ**-LX-*** qeydiyyat nişanlı avtomobil lombarddan alınaraq İddiaçı təhvil verilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaiti müştərək qaydada Həsənov Vəli Adıgözəl oğlundan və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar