Məhkəmə qərarları › İş №2(103)-2011/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2011/2021

22.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2011/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Həsənov Vəli Adıgözəl oğluna və Cavabdeh1 qarşı “girov biletinin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-4634/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Həsənov Vəli Adıgözəl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Həsənov Vəli Adıgözəl oğlu (lombard) arasında bağlanmış müqavisə və müqavilə əsasında verilmiş 733389 nömrəli girov biletinin etibarsız hesab edilməsi və lombard tərəfindən girov kimi götürülmüş, onun mülkiyyətində olan “Ford Transit 350 L” markalı, AZ**-LX-*** qeydiyyat nişanlı avtomobilin lombarddan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə X2 ilə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuş, xx.xx.2019-cu il tarixdə “Ford Transit 350 L” markalı, AZ**-LX-*** qeydiyyat nişanlı avtomobil adıma rəsmiləşmiş və qeydiyyata alınmışdır. Həmin mikroavtobusla ölkə hüdudlarından kənara sərnişin daşımaq məqsədi ilə Əli Hümbətov mikroavtobusa sürücü qismində Cavabdeh1 öz yanında sürücü kimi işə cəlb etmiş və bununla bağlı ona etibarnamə verilmişdir. Bir müddətdən sonra Cavabdeh1 pul müqabilində həmin mikroavtobusla sərnişin daşımaqdan ötrü 3 günlüyünə Quba, Qusar və Şamaxıya gedib-gəlməsi üçün Hümbətov Əli ilə razılaşmış və avtomobil sonuncu tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 təhvil verilmişdir. Bir neçə gündən sonra Əli Hümbətov mikroavtobusun qaytarılması ilə bağlı Cavabdeh1 zəng etmiş, lakin cavabdeh tərəfindən zənglərə cavab verilməmiş və qaçıb gizlənərək iddiaçıya məxsus avtomobili qaytarmaqdan yayınmışdır. Cavabdehin qeyd olunan dələduzluq əməli barədə Əli Hümbətov xx.xx.2020-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nə ərizə ilə müraciət etmiş və məlum olmuşdur ki, Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə "5 saylı Asan Xidmət Mərkəzində" cavabdeh, lombard fəaliyyəti ilə məşğul olan Həsənov Vəli Adıgözəl oğluna etibarnamə verilmişdir. Bu məlumatı öyrəndikdən sonra həmin gün yəni xx.xx.2020- ci il tarixdə Cavabdeh1 verilmiş etibarnaməyə xitam verilmişdir. Polis Bölməsində aparılan təhqiqat zamanı cavabdeh Həsənov Vəli Adıgözəl oğlu izahat verərək xx.xx.2020-ci il tarixdə Cavabdeh1 metronun “Xalqlar Dostluğu” stansiyasının yanında fəaliyyət göstərdiyi lombarda gələrək mübahisəli avtomobili girov qoymaqla 5.000 manat məbləğində kredit götürdüyünü bildirmişdir. Aralarında sənədləşmə işləri aparıldıqdan sonra Həsənov Vəli Adıgözəl oğlu Cavabdeh1 733389 nömrəli girov bileti verməklə girovu rəsmiləşdirmiş və mübahisəli avtomobil Həsənov Vəli Adıgözəl oğlu tərəfindən Xətai rayonu, N.Tusi, 18 A ünvandakı dayanacağa yerləşdirilmişdir. Hal-hazırda mübahisəli avtomobil həmin dayanacaqda saxlanılır. Təhqiqat araşdırması zamanı Cavabdeh1 olduğu yer müəyyən edilərək araşdırmaya cəlb edilməsi mümkün olmadığından onun əməlində dələduzluq cinayətinin ərkibinin olub-olmaması müəyyən edilə bilməmiş, beləliklə, xx xxxx 2020-ci il tarixdə “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Göründüyü kimi, Cavabdeh1 özünə məxsus olmayan, etibarnamə əsasında ona verilmiş avtomobili pul əldə etmək məqsədilə Həsənov Vəli Adıgözəl oğlunun lombardına girov qoymuş, 5000 manat kredit götürmüş, bu zaman Vəli Həsənov tərəfindən avtomobilin həqiqətən də Cavabdeh1 məxsus olub-olmaması araşdırılmamış, avtomobil duracağa təhvil verilmişdir. Nəticədə, iddiaçı öz şəxsi mülkiyyətindən qanunsuz məhrum edilmiş, buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-4634/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Həsənov Vəli Adıgözəl oğlu tərəfindən verilmiş GJN seriyalı, 733389 nömrəli girov biletinin etibarsız hesab edilməsi, İddiaçı mülkiyyətində olan “Ford Transit 350 L” markalı, AZ**-LX-*** qeydiyyat nişanlı avtomobilin lombarddan alınaraq İddiaçı təhvil verilməsi, dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin müştərək qaydada Həsənov Vəli Adıgözəl oğlundan və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh Həsənov Vəli Adıgözəl oğlu ləğv barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, onlar lombard fəaliyyəti ilə məşğul olurlar. Cavabdeh1 adıçəkilən “Ford Transit 350 L” markalı, AZ**-LX-*** qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında onların Lombarda qoyaraq göstərilən məbləğdə pulu götürmüşdür. Sonradan məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh1 əlbir olaraq əsassız varlanmaq məqsədilə bunu etmişdir. Cavabdeh1 iddiaçıdan xəbərsiz olaraq avtomobili lombarda qoya bilməzdi. O, ona dəymiş ziyanın əvəzinin ödənilməsini istəyir. İddiaçı onunla danışıqlarında dəymiş ziyanın bir qismini ödəməyə razılıq versədə sonradan bunu inkar etdi, bu bir daha onu göstərir ki, iddiaçı və Cavabdeh1 qabaqcadan əlbir olan bir qrup şəxs şəklində bu işi görmüşlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 tərəfindən verilmiş çıxarışdan görünür ki, “Ford Transit 350 L” minik markalı, AZ99- LX-141 qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir, Həsənov Adıgözəl Vəli oğluna avtomobillə bağlı etibarnamə verilmişdir. İş materiallarında olan Həsənov Vəli Adıgözəl oğlunun təhqiqat orqanına verdiyi izahatdan, eləcə də, xx xxxx 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Həsənov Vəli Adıgözəl oğlu metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında lombard işlədir. xx xxxx 2020-ci il tarixdə Cavabdeh1 lombarda yaxınlaşaraq özünə məxsus “Ford Transit 350 L” markalı, AZ**-LX-*** qeydiyyat nişanlı avtomobili girov qoyub əvəzində 5000 manat kredit götürmək istəyini bildirmiş, avtomobilə dair mülki etibarnaməni təqdim etdikdən sonra V.Həsənov avtomobilin həqiqətən də ona məxsus olduğuna inanmış və onlar razılamışlar. Cavabdeh1 girov bileti verilmiş, avtomobil duracağa yerləşdirilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 733389 nömrəli girov biletindən görünür ki, Cavabdeh1 “Ford Transit 350 L” markalı avtomobili lombard fəaliyyəti göstərən Həsənov Vəli Adıgözəl oğluna girova vermişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.6-cı maddəsinə əsasən, əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Həmin Məcəllənin 271.1-ci maddəsinə əsasən, əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Həmin Məcəllənin 302.1 və 302.2-ci maddələrinə əsasən, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 302.8-ci maddəsinə əsasən, lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən kollegiya birinci instansiya məhkəməsinin “Ford Transit 350 L” markalı, AZ**-LX-*** qeydiyyat nişanlı avtomobil girov predmeti deyil, ipoteka predmeti ola biləcəyi barədə gəldiyi nəticəni əsaslı hesab edir. Kollegiya həmçinin vurğulayır ki, mübahisəli avtomobili cavabdeh V.Həsənov bilavasitə mülkiyyətçidən girova qəbul etməmişdir. Bununla da, Mülki Məcəllənin 269.4-cü və 271.1ci maddəsinin tələblərinə riayət olunmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-4634/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar