Məhkəmə qərarları › İş №2(001)-4641/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4641/2021

28.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4641/2021 28.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (iddiaçının qardaşıdır) X3, Cavabdeh "xxxx" Firmasının nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 iyul 2021-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, aldığı qüsurlu malın yenisi ilə dəyişdirilməsi və ya mala görə ödənilən məbləğin tam həcmdə geri qaytarılması öhdəliyinin cavabdeh "xxxx" Firmasının üzərinə qoyulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 14 sentyabr 2020-ci il tarixdə "xxxx" Firmasının mağazasından 1611 manat dəyərində “Asus Zhenbook” dizüstü kompüter alımışdır. Kompüterin veb-kamerasında nasazlıq olması səbəbindən 4 oktyabr 2020-ci il tarixdə “CompClinic” Servis Mərkəzinə müraciət etmiş, diaqnostika zamanı avadanlığın aparat təminatında nasazlığın olduğu, veb-kameranın işləmədiyi öz təsdiqini tapmışdır. Servis rəyində avadanlığın istifadə qaydalarının pozulmadığı və zəmanətli hala aid olduğu qeyd olunmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən şirkət rəsmilərindən avadanlığın yenisi ilə əvəz olunmasını və ya ödənilmiş məbləğin tam həcmdə geri qaytarılmasını tələb etsə də, tələbinin əsassız olduğunu və vebkameranın yalnız servis mərkəzində dəyişdirilə biləcəyi bildirilmişdir. 7 Oktyabr 2020 ci il tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş, xidmətin 15 yanvar 2021-ci il tarixli məktubunda xüsusi karantin rejiminin 31 yanvar 2021-ci il tarixinədək uzadıldıması səbəbindən bəhsi keçən mağazanın fəaliyyət göstərə bilmədiyi, ölkədə qüvvədə olan karantin müddəti bitdikdən sonra Xidmətə yenidən müraciət edə biləcəyi qeyd olunmuşdur. 27 fevral 2021-ci il tarixdə yenidən adıçəkilən Xidmətə müraciət etmiş, lakin müraciətin icra vəziyyəti ilə əlaqədar adı çəkilən qurumdan ona indiyədək hər hansı məlumat verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (qardaşı) X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Həmçinin, verilmiş suala cavab olaraq bildirmişdir ki, onlar cavabdeh tərəflə razılıq əldə etməyə çalışmış, hətta əlavə pul ödəyərək aldıqları kompyuterin daha bahalı kompyuterlə əvəz edilməsini təklif etmişlər, lakin razılıq əldə edə bilməmişlər. Məhkəmə iclasında cavabdeh "xxxx" Firmasının nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı 14 gün müddəti ötdükdən sonra müraciət etdiyindən avadanlığın dəyişdirilməsi mümkün deyildir. Belə halda kompüterdəki nasazlığın təmiri mümkündür ki, kompüterin kamerasını sifariş edərək dəyişməyə hazırdırlar. Həmçinin iddiaçıya əlavə olaraq ayrıca 150 manat dəyərində veb kamera verməyi də təklif edirlər. Lakin iddiaçı bu təkliflə razılaşmır. Noutbukun yalnız web kamerasında nasazlıq var. Digər hissələri isə tam saz vəziyyətdədir, gündəlik cari işləri icra etmək mümkündür. İddiaçıya dəfələrlə web kameranın 9 aya yaxın müddətdə servis mərkəzində olduğunu, yaxınlaşıb problemini həll edə biləcəyi bildirilmişdir. İddiaçı bu günə kimi aldığı noutbuku istifadə edir. Həmin noutbukda başqa heç bir qüsur aşkar edilməmişdir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halına görə, İddiaçı 14 sentyabr 2020-ci il tarixdə cavabdeh firmaya aid mağazadan nəğd qaydada 1611 manat dəyərində “Asus Zhenbook” dizüstü kompüter (model-UM462-DA-Aİ012T) alımışdır. Tərəflər mübahisələndirmirlər ki, sözügedən kompüterin alınmasından bir müddət sonra onun kamerasında nasazlıq ortaya çıxmışdır. İşin qeyd edilən halı “CompClinic” Servis Mərkəzinin 07.10.2020-ci il tarixli texniki qərarı ilə də öz təsdiqini tapır; həmin sənəddə avadanlığın (model-UM462-DA-Aİ012T) istifadə qaydalarının pozulmadığı halda, kamerasının ağ-qara göstərdiyi və kamerada nasazlıq aşkarlandığı qeyd edilmişdir. İşin mübahisəsiz digər halına görə, məsələ ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciətlər etmişdir. İddia tələbinə görə, kompüterin kamerasında nasazlıq olduğundan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun və Mülki Məcəllənin tələblərinə əsasən o, yenisi ilə əvəz olunmalı, bu mümkün olmadıqda isə mala görə ödənilən məbləğin tam həcmdə geri qaytarılmalıdır. Cavabdehin mövqeyinə görə isə, məhsulun dəyişdirilməsi üçün nəzərdə tutulmuş 14 günlük müddət ötürüldüyündən onun dəyişdirilməsi tələbi deyil, ondakı nasazlığın aradan qaldırılması (təmir edilməsi) tələbi irəli sürülə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası kimi istinad edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624.1-ci maddəsinə əsasən, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: - keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin (624.1.1); - alış qiyməti mütənasib surətdə azaldılsın (624.1.2); - malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın (624.1.3); - malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (624.1.4). Mülki Məcəlləsinin 624.3-cü və 624.4-cü maddələrində deyilir ki, malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun “Qüsuru olan mal satılarkən istehlakçının hüquqları” başlıqlı 7-ci maddəsindəki müddəalar da Mülki Məcəllədəki tənzimləmə ilə paralellik təşkil etməkdədir. Həmin maddəyə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan 1) lazımi keyfiyyətli mala dəyişdirməyi; 2) satış qiymətini uyğun məbləğdə azaltmağı; 3) malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; və ya 4) malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; və ya 5) müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, İddiaçı ilə cavabdeh "xxxx" Firması arasında pərakəndə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin müqavilə ilə cavabdeh tərəfindən iddiaçıya lazımi keyfiyyətli olmayan mal satılmış, iddiaçı isə keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini, bu mümkün olmadıqda isə mala görə ödənilən məbləğin tam həcmdə geri qaytarılmasını istəmişdir; cavabdeh iddiaçının bu tələbindən əsassız olaraq imtina etmişdir. İşin hallarına qiymət verərək, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı “aldığı qüsurlu malın yenisi ilə dəyişdirilməsini və ya mala görə ödənilən məbləğin tam həcmdə geri qaytarılmasını” tələb etməkdə haqlıdır. Məhkəmə bu qənaətə gələrkən cavabdehin “...14 günlük müddət ötürülməsi səbəbindən kompüterin dəyişdirilməsi tələbinin deyil, ondakı nasazlığın aradan qaldırılması (təmir edilməsi) tələbinin irəli sürülməli olması” arqumentinin də əsassız olduğunu vurğulayır. Belə ki, iddia tələbi alıcıya qüsurlu malın satılması halında ona tanınan seçimlik haqların istifadəsi ilə bağlıdır. Mülki Məcəllənin 589.1-ci maddəsinə görə, əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Maddənin 2-ci bəndinə görə, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, istehlakçıya tanınan malı 14 gün ərzində dəyişmək haqqının istifadəsi qüsur şərtinə bağlı olmayıb, malda qüsurun olubolmamasından asılı olmayaraq Mülki Məcəllənin 623-cü maddəsidə göstərilən şərtlər daxilində (malın işlədilmiş olmaması, istehlak xassələrini qorunub saxlaması, həmin satıcıdan alındığına dair sübutların mövcudluğu və s.) hər bir halda həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin qanununun 8.4.13-cü maddəsinə görə, qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair iddia ərizələri üzrə 20 manat dövlət rüsumu tutulmalıdır. Bu mənada məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdeh firmadan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı aldığı və kamerasında qüsur olan “Asus Zhenbook” dizüstü kompüterin yenisi ilə dəyişdirilməsi, bu mümkün olmadıqda (malın qaytarılması şərti ilə) mala görə ödənilmiş 1611 manat məbləğinin geri qaytarılması öhdəliyi cavabdeh "xxxx" Firmasının üzərinə qoyulsun. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul "xxxx" Firmasından alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar