Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4647/2021 10.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qızına qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilmiş vəsaitin qaytarılması” tələbi barədə mülki işə 10 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış alğı-satqı müqaviləsinin ləğv olunması, ödənilmiş 2978 manat pulun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 3008 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı “zara_mobilya.az” adı ilə mebel satışı, sifarişi, çatdırılması, quraşdırılması ilə məşğul olan instagram səhifəsindən mebel şifariş edərək onun dəyərini kredit kartı vasitəsi ilə ödəmişdir. Həmçinin, mebelin dəyərinin 2554 manat olması ilə bağlı razılışma olmasına baxmayaraq onun kartından 2978 manat məbləğində pul çəkilmişdir. İddiaçı həmin şirkətin satış müdiri olan Ülviyyə adlı şəxslə danışıq apararkən ona istədiyi mebelin nümunəsinin şəklini göstərmişdir və nümunəyə uyğun olmayan mebel təhvil verildiyi təqdirdə əşyanı geri qaytaracağını bildirmiş, müştəri anketi doldurmuşdur. Şirkət tərəfindən süründürməçilik edilmiş, razılaşdırılmış müddətdə deyil gecikdirilmiş vaxtda mebel təhvil verilmişdir. Həmçinin quraşdırıldıqdan sonra keyfiyyəti və görünüşü nümunəyə, razılaşmaya uyğun olmadığı müəyyən edilmişdir. Bundan sonra iddiaçı dəfələrlə ödədiyi pul məbləğinin geri qaytarılmasını tələb etmişdir. Alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh qızına pretenziya məktubu yazsa da, cavabdeh qeyd edilən ünvanda fəaliyyət göstərmədiyi üçün məktub ona çatmamışdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qızı iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, onun iddiaçının alışverişindən məlumatı olmamışdır. Qeyd olunan mebel şirkətinin post terminalı olmadığı üçün ona məxsus terminaldan istifadə olunmuş, bu səbəbdən ödəniş qəbzində ona məxsus VÖEN nömrəsi əks olunmuşdur. Daha sonra o, iddiaçı tərəfindən ödənilən pulu həmin şirkətə qaytarmışdır. Mülki iş materiallarında olan: - müştəri anketindən görünür ki, İddiaçı 11 yanvar 2021-ci il tarixdə “Melis” yataq dəsti üçün 2978 manat pulu “Tamkart” plastik kartı vasitəsi ilə ödəməyə razılaşmış, ankekdə satıcının təmsilçisi kimi “Ülviyyə” adı qeyd edilmişdir. - ödəniş qəbzlərindən görünür ki, 2978 manat məbləğində pul vəsaiti vergi ödəyicisi kimi ********** nömrə ilə qeydə alınmış “Aylas Mebel”ə ödənilmişdir. - vergi ödəyicilərinin məlumatlarına dair elektron çıxarışdan görünür ki, ********** nömrə ilə Cavabdeh fiziki şəxs olaraq vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 23 iyun 2021-ci il tarixli məktubundan və məktuba əlavə eidlmiş sənədlərdən müəyyən olunur ki, ünvan 1 ünvanında fəaliyyət göstərən “Zara Mobilya” mağazası tərəfindən uyğunluq sertifikatı olmadan mebel satılması səbəbindən (iddiaçının qeydiyyat yeri olan Bakı şəh., Həsən bəy Zərdabi pr., 88 A ünvanında, 25.05.3032-ci il tarixdə, saat 16:00 da) Cavabdeh barəsində 25 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş 09 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərara əsasən, Cavabdeh 1500 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun “İstehlakçıların hüquqları” adlanan 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdir. Qeyd edilən qanunun 5-ci maddəsinə əsasən həmin hüquq istehlakçının satıcıdan alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında satıcının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 581-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Mülki Məcəllənin “Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri” adlanan 587-ci maddəsinin tələblərinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (maddə 587.2; 587.2.1); Qeyd edilən normaların tələbləri baxımından məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının cavabdehdən aldığı “Melis” yataq dəstinin keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğundan cavabdeh iddiaçının həmin məhsul üçün ödədiyi 2978 manatı iddiaçıya geri qaytarmalı, müqavilə ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə “Zara Mobilya” mağazası adı altında fəaliyyət göstərən Cavabdeh arasında bağlanmış 11 yanvar 2021-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilsin. 2978 manat məbləğində pul vəsaiti Cavabdeh qızından tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4647/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4647/2021
10.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver