Məhkəmə qərarları › İş №2(001)-4650/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4650/2023

17.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4650/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı X1, onun vəkili Vəkil2, Cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə X1 Cavabdeh MMC-yə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: X2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə girov qoyulmuş və dəyəri ödənilmiş 583 əyarlı, 2,75 qram çəkidə, dəyəri 209 manat olan 1 ədəd boyunbağının; 583 əyarlı, 5 qram çəkidə, dəyəri 380 manat olan 1 ədəd saatın; 583 əyarlı, 6 qram çəkidə, dəyəri 455 manat olan 1 dəst üzük və sırğanın; 583 əyarlı, 4,88 qram çəkidə, dəyəri 370 manat olan 1 ədəd sırğanın; 583 əyarlı, 10,54 qram çəkidə, dəyəri 800 manat olan 1 ədəd üzüyün, beləliklə cəmi 2214 manat dəyərində qızıl-zinət əşyalarının cavabdeh tərəfindən geri qaytarılması, ödənilmiş 42 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin və ona etirazın əsasları, tərəflərin izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 06 yanvar 2022-ci il tarixdə cavabdehlə kredit müqaviləsi bağlayaraq, 1550 manat kredit götürmüşdür. Kreditin təminatı kimi özünə məxsus qızıl-zinət əşyalarını cavabdehə girov qoymuş, 06 yanvar 2022-ci il tarixli qiymətləndirmə aktına əsasən, iddiaçı tərəfindən girov qoyulmuş 1 ədəd 583 əyarlı, 2,75 qram çəkili boyunbağının dəyəri 209 manat, 1 ədəd 583 əyarlı, 5 qram çəkili saatın dəyəri 380 manat, 1 ədəd 583 əyarlı, 6 qram çəkili üzük-sırğa dəstinin dəyəri 455 manat, 1 ədəd 583 əyarlı, 4,88 qram çəkili sırğanın dəyəri 370 manat, 1 ədəd 583 əyarlı, 10,54 qram çəkili üzüyün dəyəri 800 manat müəyyən edilmişdir. İddiaçı götürdüyü krediti geri ödəsə də, indiyədək cavabdehdən girov qoyduğu əmlakı geri ala bilmir. Bu barədə cavabdehə müraciət etdikdə, cavabdeh ona əlavə müqavilə təqdim edərək, güyə onun 07 iyun 2022-ci il tarixdə 1337 manat, 13 oktyabr 2022-ci il tarixdə isə 1397 manat kredit götürdüyünü, bu kreditlərin götürülməsi üçün yuxarıda adları sadalanan qızılların yenidən qiymətləndirilərək girova qoyulduğunu bildirmişlər. Halbuki, iddiaçının nə sözügedən kredit müqavilələrindən, nə də əmlakının qiymətləndirilməsindən məlumatı yoxdur. Sonrakı qiymətləndirmə aktlarında təqdim edilmiş qızılların dəyəri dəyişdirilmiş, 21 aprel 2022-ci il tarixli akta əlavə olaraq güyə iddiaçının cavabdehə dəyəri 709 manat olan boyunbağı, dəyəri 497 manat olan üzük-sırğa dəsti, dəyəri 106 manat olan üzük, dəyəri 426 manat olan qolbaq verdiyi qeyd edilmişdir. Lakin, həmin qızıllar iddiaçıda olmamış, o, yalnız birinci müqavilədə göstərilən qızılları təqdim edərək pul götürmüşdür. Hazırda həmin əşyalar cavabdehdə qalmaqla, cavabdeh onları qaytarmaqdan imtina edir. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, 07 iyun 2022-ci il tarixli kredit müqaviləsinə 1 və 2 nömrəli əlavələrdən də görünür ki, cavabdeh ilə iddiaçı arasında 07 iyun 2022-ci il tarixli 0490/22 nömrəli müqavilə bağlanmışdır. Müqavilə üzrə kreditin məbləği 1337 manat olmuşdur. Təminat olaraq 1 ədəd 583 əyarlı 2,75 qramlıq sep (boyunbağı), 1 ədəd 583 əyarlı 5 qramlıq saat, 1 ədəd 583 əyarlı 6 qramlıq dəst, 1 ədəd 583 əyarlı 4,88 qramlıq sırğa, 1 ədəd 583 əyarlı 10,54 qramlıq üzük cavabdehə girova verilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyi tam icra etdikdən sonra girov qoyduğu qızılları 13 oktyabr 2022-ci il tarixdə tam şəkildə təhvil almış və qızılları təhvil alması barədə 07 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əlavənin üzərində qeyd yazaraq imzası ilə təsdiq etmişdir. İddiaçı ərizəsində 13 oktyabr 2022-ci il tarixdə kredit götürmədiyini göstərsə də, iş materiallarında olan 13 oktyabr 2022-ci il tarixli müqaviləyə 1 və 2 nömrəli əlavələrin məzmunundan da göründüyü kimi, cavabdeh ilə iddiaçı arasında sözügedən müqavilə bağlanmışdır. Tərəflər arasında 06 yanvar 2022-ci il tarixli müqavilə bağlanmamışdır. İddiaçı iddia ərizəsində 709 manat dəyərində boyunbağı, 497 manat dəyərində dəst, 106 manat dəyərində üzük, 426 manat dəyərində qolbağın ona aid olmadığını və cavabdehə vermədiyini qeyd etsə də, iddia ərizəsinə əlavə edilmiş və iddiaçının imzası ilə təsdiq etdiyi 21 aprel 2022-ci il tarixli qiymətləndirmə aktından da göründüyü kimi, qeyd edilən qızıllar cavabdehə iddiaçı tərəfindən təhvil verilmişdir. Eyni zamanda, diqqətə çatdırılır ki, iddiaçı ilə cavabdeh arasında 21 aprel 2022-ci il tarixli, 0170/22 nömrəli kredit müqaviləsi bağlanmış və müqavilə üzrə kredit məbləği 2665 manat olmuşdur. Ümumilikdə 9 ədəd qızıl olmaqla, 1 ədəd 195 manat dəyərində, 583 əyarlı, 2,75 qram sep, 1 ədəd 355 manat dəyərində 583 əyalı, 5 qram saat, 1 ədəd 426 manat dəyərində 583 əyalı, 6 qram dəst, 1 ədəd 346 manat dəyərində 583 əyarlı, 4,88 qram sırğa, 1 ədəd 748 manat dəyərində 583 əyarlı, 10,54 qram üzük, 1 ədəd 709 manat dəyərində 583 əyarlı, 10 qram sep-qırıq, 1 ədəd 497 manat dəyərində 583 əyarlı, 7 qram dəst, 1 ədəd 106 manat dəyərində 583 əyarlı, 1,5 qram üzük, 1 ədəd 426 manat dəyərində 583 əyarlı, 6 qram qolbaq cavabdehə girov qoyulmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyini tam icra etdikdən sonra girov qoyduğu qızılları 06 iyul 2022-ci il tarixdə tam şəkildə təhvil almış, qızılları təhvil alması barədə 21 aprel 2022-ci il tarixli kredit müqaviləsinə 01 nömrəli Əlavənin üzərində qeyd yazaraq imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, qeyd edilən müqavilələr üzrə tərəflər qarşılıqlı olaraq öhdəliklərini tam icra etmiş, yəni iddiaçının hazırda cavabdehə qarşı hər hansı öhdəliyi olmamış, həmçinin, cavabdehi tərəfindən müqavilələrdə qeyd edilən qızıllar iddiaçıya qaytarıldığından, cavabdehin iddiaçının qarşısında hər hansı öhdəliyi mövcud deyildir. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilənləri müdafiə etdiyini bildirib, əlavə olaraq izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh MMC arasında cəmi iki, 21 aprel 2022-ci il tarixdə, eləcə də 07 iyun 2022-ci il tarixdə kredit müqavilələri bağlanmış, həmin kreditlərin təminatı olaraq iddiaçı özünə aid qızılları girov qoymuş, sonradan hər iki müqavilə üzrə borc ödənildiyindən, qızıllar iddiaçıya qaytarılmışdır. İddia ərizəsində göstərilən digər müqavilələrin cavabdehə aidiyyəti yoxdur, həmin müqavilələr başqa hüquqi şəxslərlə bağlanmışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Tədqiq edilən sübutlar: - 06 yanvar 2022-ci il tarixli, 1144/22 saylı kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, X2 1550 manat pulu 12 ay ərzində aylıq 174,06 manat ödəmək şərti ilə "xxxx" MMC-dən kredit götürmüşdür. - 06 yanvar 2022-ci il tarixli, 1144/22 saylı kredit müqaviləsi üzrə qiymətləndirmə aktından görünür ki, hər biri 583 əyarlı olan 1 ədəd 2,75 qramlıq sep 209 manat, 1 ədəd 5 qramlıq saat 308 manat, 1 ədəd 6 qramlıq dəst 455 manat, 1 ədəd 4,88 qramlıq sırğa 370 manat, 2 ədəd 10,54 qramlıq üzük 800 manat qiymətləndirilmiş, akt həm qiymətləndirici, həm "xxxx" MMC-nin kredit mütəxəssisi, həm də X2 tərəfindən imzalanmışdır. - 21 aprel 2022-ci il tarixli, 0170/22 saylı kredit müqaviləsindən görünür ki, X2 illik 59 faizlə 24 ay müddətinə ödəmək şərti ilə Cavabdeh MMC-dən 2665 manat kredit götürmüşdür. - 21 aprel 2022-ci il tarixli, 0170/22 saylı kredit müqaviləsinə 01 saylı əlavədən (qiymətləndirmə aktı) görünür ki, hər biri 583 əyarlı olan 1 ədəd 2,75 qramlıq sep 195 manat, 1 ədəd 5 qramlıq saat 355 manat, 1 ədəd 6 qramlıq dəst 426 manat, 1 ədəd 4,88 qramlıq sırğa 346 manat, 2 ədəd 10,54 qramlıq üzük 748 manat, 1 ədəd 10 qramlıq sepqırıq 709 manat, 1 ədəd 7 qramlıq dəst 497 manat, 1 ədəd 1,5 qramlıq üzük 106 manat, 1 ədəd 6 qramlıq qolbaq 426 manat qiymətləndirilmiş, akt həm qiymətləndirici, həm Cavabdeh MMC-nin kredit mütəxəssisi, həm də X2 tərəfindən imzalanmışdır. - 21 aprel 2022-ci il tarixli qiymətləndirmə aktının aşağı hissəsində iddiaçının “qızıllarımı tam şəkildə xx-xx-2022-ci il təhvil aldım” qeydi mövcuddur. - 07 iyun 2022-ci il tarixli, 0490/22 saylı kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, X2 1337 manat pulu 18 ay ərzində aylıq 113,63 manat ödəmək şərtilə Cavabdeh MMC-nin 1 saylı filialından kredit götürmüşdür. - 07 iyun 2022-ci il tarixli, 0490/22 saylı kredit müqaviləsinə 01 saylı Əlavədən (qiymətləndirmə aktı) görünür ki, hər biri 583 əyarlı olan 2 ədəd 10,54 qramlıq üzük 690 manat, 1 ədəd 4,88 qramlıq sırğa 320 manat, 1 ədəd 6 qramlıq dəst 393 manat, 1 ədəd 2,75 qramlıq sep 180 manat, 1 ədəd 5 qramlıq saat 327 manat qiymətləndirilmiş, akt həm qiymətləndirici, həm Cavabdeh MMC-nin kredit mütəxəssisi, həm də X2 tərəfindən imzalanmışdır. - 07 iyun 2022-ci il tarixli qiymətləndirmə aktının aşağı hissəsində iddiaçının “qızıllarımı tam şəkildə təhvil aldım. xx/xx-2022-ci il” qeydi mövcuddur. - 13 oktyabr 2022-ci il tarixli, 0734/22 saylı kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, X2 1397 manat pulu 18 ay ərzində aylıq 118,73 manat ödəmək şərtilə "xxxx" MMC-nin 1 saylı filialından kredit götürmüşdür. - 13 oktyabr 2022-ci il tarixli, 0734/22 saylı kredit müqaviləsinə 01 saylı Əlavədən (qiymətləndirmə aktı) görünür ki, hər biri 583 əyarlı olan 2 ədəd 10,54 qramlıq üzük 721 manat, 1 ədəd 4,88 qramlıq sırğa 334 manat, 1 ədəd 6 qramlıq dəst 411 manat, 1 ədəd 2,75 qramlıq sep 188 manat, 1 ədəd 5 qramlıq saat 342 manat qiymətləndirilmiş, akt həm qiymətləndirici, həm "xxxx" MMC-nin kredit mütəxəssisi, həm də X2 tərəfindən imzalanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 281.1. Girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İş materialları ilə müəyyən edilir ki, iddiaçının iddia ərizəsində göstərdiyi 06 yanvar 2022-ci il tarixli kredit müqaviləsi iddiaçı ilə cavabdeh arasında yox, "xxxx" MMC arasında bağlanmışdır. 07 iyun 2022-ci il tarixli kredit müqaviləsi iddiaçı ilə cavabdeh arasında bağlanmış, kreditin təminatı olaraq iddiaçıya məxsus hər biri 583 əyarlı olan 2 ədəd 10,54 qramlıq üzük 690 manat, 1 ədəd 4,88 qramlıq sırğa 320 manat, 1 ədəd 6 qramlıq dəst 393 manat, 1 ədəd 2,75 qramlıq sep 180 manat, 1 ədəd 5 qramlıq saat 327 manat qiymətləndirilməklə cavabdehə girov qoyulmuş, 13 oktyabr 2022-ci il tarixdə borcun bağlanması səbəbi ilə həmin qızıllar iddiaçı tərəfindən təhvil alınmışdır. İddia ərizəsində göstərilən 13 oktyabr 2022-ci il tarixli müqavilə də iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış, hər biri 583 əyarlı olan 2 ədəd 10,54 qramlıq üzük 721 manat, 1 ədəd 4,88 qramlıq sırğa 334 manat, 1 ədəd 6 qramlıq dəst 411 manat, 1 ədəd 2,75 qramlıq sep 188 manat, 1 ədəd 5 qramlıq saat 342 manat qiymətləndirilməklə, kreditin təminatı olaraq "xxxx" MMC-yə girov qoyulmuşdur. Yəni, göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında iki kredit müqaviləsi bağlanmış və hər iki müqavilə üzrə öhdəliklər qarşılıqlı olaraq icra edilmişdir. İddiaçı ilə qızıl əşyalarının girovu üsulu ilə kredit müqaviləsi sonuncu dəfə "xxxx" MMC ilə bağlanmış, iddia tələbində göstərilən qızıllar da məhz həmin MMC-yə girov qoyulmuşdur. Həmin müqavilə üzrə borcun ödənilib-ödənilməməsi, qızılların iddiaçıya qaytarılıb-qaytarılmaması hazırki mübahisənin mövzusu ola bilməz, çünki hazırki iddia Cavabdeh MMC-yə qarşı yönəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilən qızılların cavabdehdə olması sübuta yetirilmədiyindən, Cavabdeh MMC-ilə 21 aprel 2022-ci il və 07 iyun 2022-ci il tarixli müqavilələr üzrə isə öhdəliklər qarşılıqlı icra edildiyindən iddia tələbi əsassızdır. Ona görə də iddia rədd edilməli, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: X1 Cavabdeh MMC-yə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar