Məhkəmə qərarları › İş №2(001)-4658/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4658/2023

10.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4658/2023 10.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçular kimi hərbi xidmətdə olmuşlar. 2020-ci ildə hər ikisi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən Müharibəsində iştirak etmiş, müharibə veteranıdırlar və müharibədən sağ-salamat qayıdıb həmin hərbi hissədə hərbi qulluqlarını davam etdirmişlər. Sonradan, 2021-ci ildə N saylı hərbi hissədə hərbi qulluqçuların sayının ixtisar olması ilə əlaqədar hər ikisi hərbi xidmətdən tərxis olunmuşlar. Onlar N saylı hərbi hissədə hərbi qulluğa bərpa olunmaq istəyirdilər və bu işdə onlara kömək edə biləcək bir adam axtarırdılar. 2022-ci ildə onlar Bakı şəhərində Qusar rayon sakini olan və əvvəldən tanıdıqları Tamerlan adlı şəxs vasitəsi ilə Cavabdeh ilə tanış oldular. Onlar Cavabdeh ilə söhbət etdikdən sonra o, iddiaçılara bu məsələdə, yəni N saylı hətbi hissədə hərbi qulluğa bərpa olunmaq məsələsində kömək edə biləcəyini bildirdi. Cavabdeh iddiaçıların Qusar şəhərindəki N saylı hərbi hissədə hərbi qulluğa bərpa olunmaq məsələnin həll edilməsi üçün cəmi 10000 manat pul lazım olacağını bildirdi. İddiaçılar buna razılaşdı. 2022-ci ilin aprel ayında iddiaçılar Bakı şəhərində Yasamal rayonu ərazisində Vergilər Nazirliyinin yaxınlığında Cavabdeh ilə görüşüb ona İddiaçı1 6000 manat, İddiaçı2 isə 4000 manat pul verdilər. Həmin cəmi 10000 manat pulu iddiaçılardan alan vaxt Cavabdeh onlara söz verdi ki, 45- 50 gün ərzində onların hər ikisi Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N saylı hərbi hissəsinə müdətdən artıq xidmət edən hərbi qulluqçu kimi hərbi xidmətə bərpa ediləcəklər. Lakin Cavabdeh iddiaçılara verdiyi sözünə əməl etməmiş, heç biri hərbi xidmətə bərpa edilməmişdir. Bir neçə dəfə bu məsələ ilə əlaqədar iddiaçıların Cavabdeh ilə söhbətləri olmuş, lakin o, hər dəfə bir bəhanə ilə onların işini uzatmış, həll etməmişdir. Ona görə də iddiaçılar Cavabdeh verdikləri pulu ondan geri tələb etmişlər. Lakin Cavabdeh pulu da qaytarmamışdır. Bundan sonra iddiaçılar Cavabdeh Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Şikayət Yasamal Rayon Polis İdarəsində təhqiqatçı X2 tərəfindən araşdırılmışdır. İddiaçılar Cavabdeh Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi yazdıqdan sonra Cavabdeh İddiaçı1 aldığı 6000 manatdan 2000 manatı, İddiaçı2 aldığı 4000 manat puldan 2700 manat pulu geri qaytarmışdır. Cavabdeh qalan pulu da iddiaçılara qaytaracağına söz versə də, müxtəlif bəhanələrlə pulun uzadılmasını uzadır. Şikayəti araşdıran Yasamal Rayon Polis İdarəsinin təhqiqatçı X1 12 mart 2023-cü il tarixli qəranna əsasən şikayət üzrə toplanmış material ərazi aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə göndərmişdir. Lakin Nərimanov Rayon Polis İdarəsində həmin işin araşdırma nəticəsi iddiaçılara məlum deyildir. Belə ki, biz bir neçə dəfə Nərimanov Rayon Polis İdarəsinə gedib işləri ilə maraqlasalar da, işin kimin icraatında olması və hansı mərhələdə olması barədə məlumat ala bilməmişlər. Halhazırda Cavabdeh İddiaçı1 4000 manat, İddiaçı2 isə 1300 manat pul borclu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, ona qarşı irəli sürülən iddia tələbini qəbul edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 həqiqətən də ona 10000 manat məbləğində borc pul vermiş, lakin o, həmin pulu tam olaraq iddiaçılara qaytara bilməmişdir. Hal-hazırda İddiaçı1 4000 manat, İddiaçı2 isə 1300 manat borcunun olduğunu etiraf edir. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında iddianı tam etiraf etdiyinə dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, ... cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinin tam etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 4000 manat məbləğində pul alınaraq İddiaçı1, 1300 manat məbləğində pul isə alınaraq İddiaçı2 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul alınaraq İddiaçı1, 1300 (min üç yüz) manat məbləğində pul isə alınaraq İddiaçı2 ödənilsin. 73 (yetmiş üç) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar