Məhkəmə qərarları › İş №2(001)-4676/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4676/2025

20.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4676/2025 20.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “aktın qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MTK cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “aktın qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli, 88440707/xx/xx/2024 nömrəli aktın qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 127 ünvanında yerləşən və İddiaçı MTK daimi istifadəsində olan torpaq sahəsində ağacların kəsilməsi faktı müəyyən edilmiş və bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 23 noyabr 2024-cü il tarixli, 88440707/xx/xx/2024 nömrəli akt tərtib edilmişdir. Həmin akt iddiaçı tərəfə rəsmi qaydada təqdim edilmiş, İddiaçı MTK cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı aktın qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 16 aprel 2025-ci il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Bundan sonra hazırki iş üzrə iddiaçı eyni məzmunlu iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırki ərizəyə münasibətdə qeyd edilməlidir ki, mübahisələndirilən akt hazırki vəziyyətdə yalnız ağacların kəsilməsi faktını özündə ehtiva edir və istər iddiaçı tərəf və ya digər şəxslər üçün hər hansı bir hüquqi nəticə yaratmır. Digər tərəfdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci fəslində Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar təsbit edilmişdir və həmin Məcəllənin 253-cü maddəsində “Ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi ilə bağlı” inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Eyni Məcəllənin 129-cu maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydası təsbit edilmişdir və həmin qaydalara uyğun olaraq səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsində Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə ilə bağlı məsuliyyət nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq, hesab edirəm ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli akt hazırki vəziyyətdə hər hansı bir hüquqi nəticə yaratmadığından, həmin akt əsasında inzibati orqan tərəfindən istər inzibati icraat haqqında qərar (inzibati akt), həmçinin əməldə inzibati xətanın tərkibinin və ya cinayət tərkibinin olması ilə bağlı hər hansı bir qərar qəbul edilmədiyindən, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, həmin orqan tərəfindən qəbul ediləcək qərarın mahiyyətindən və nəticəsindən asılı olaraq iddiaçıya qəbul ediləcək qərardan şikayətlə müvafiq icraat qaydasında yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) yaxud məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “aktın qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar