Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4683/2020 21.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı zərərin və dövlət rüsumunun əvəzinin ödənilməsi barədə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixdə icbari sığorta müqaviləsi bağlanmış və sonuncuya məxsus “Kia Sportage” markalı, AZ**-GS-*** qeydiyyat nişanlı avtomobil icbari sığorta olunmuşdur. Cavabdeh idarə etdiyi həmin avtomobillə xx.xx.2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz E320” markalı, AZ**-CM-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncu avtomobilə 1550 manat məbləğində zərər vurmaqla hadisə yerindən yayınmışdır. Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (əvvəlki məcəllə) 151.3-cü (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddəsi ilə inzibati protokol tərtib edilmişdir. “Mercedes Benz E320” markalı avtomobilə dəymiş 1550 manat məbləğində zərər İddiaçı ASC tərəfindən ödənilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1550 manat məbləğində zərərin əvəzinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Beə ki, “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin tə'siri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair e'tibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə belə hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə digər şəxsə maddi zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayındığından və bu xüsusat qanuni qüvvəyə minmiş, icra olunmuş inzibati xəta hqqında iş üzrə qərarla sübuta yetirildiyindən İddiaçı ASC-nin ona qarşı subroqasiya, yəni sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ yaranmışdır. Buna görə də, məlum yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E320” markalı, AZ**-CM-*** qeydiyyat nişanlı avtomobilə vurulmuş, İddiaçı ASC tərəfindən ödənilmiş 1550 manat məbləğində sığorta ödənişinin əvəzi olaraq həmin məbləğdə pul Cavabdeh tutularaq sığortaçıya ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi miqdarında zərərin əvəzinin və dövlət rüsumunun əvəzinin ödənilməsi barədə iddiası təmin edilsin. Zərərin əvəzi qismində 1550 manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4683/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4683/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver