Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4713/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildə yaşamaq və qeydiyyatda qalmaq hüququna xitam verilməsi, onun qeydiyyatdan çıxarılması barədə müvafiq dövlət orqanlarına göstəriş verilməsi, eləcə də məhkəmə xərclərinin cavabdehə aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 17.92 kv.m olan mənzil onun xüsusi mülkiyyətindədir və hal-hazırda mülkiyyətində olan həmin ünvanda yerləşən mənzildə keçmiş kürəkəni Cavabdeh qeydiyyatdadır. Onunla aralarında artıq heç bir ailə və ya hüquqi münasibət mövcud deyil. Cavabdeh həmin mənzildə nə faktiki yaşayışı, nə də mülkiyyət hüququ yoxdur. Cavabdeh bu mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını və şəxsi həyatını pozur, mənzilə dair sərbəst şəkildə qərar verməyinə mane olur. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 244 saylı Fərmanının 2.2-ci bəndinə əsasən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları (qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri) həyata keçirirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanda yaşamır. Hazırda da iddiaçı mülkiyyətində olan evdən formal olaraq qeydiyyatda olan şəxsin isitfadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Bu isə yuxarıda qeyd edilən Plenum qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq mülki məhkəmə icraatının predmeti deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Beləliklə, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı olduğundan ərizənin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya izah edilməlidir ki, o, mülkiyyətində olan mənzildən cavabdehlərin qeydiyyatdan çıxarılması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumuna müraciət etməli və şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə isə cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyininin inzibati orqanın üzərinə qoyulması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Adı çəkilən Məcəllənin 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 1 manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz) da onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilir ki, mülkiyyətində olan mənzildən cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumuna müraciət etməli və həmin şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə isə cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyininin inzibati orqanın üzərinə qoyulması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 1 (bir) manat məbləğində dövlət rüsumu(xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz) onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4713/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4713/2025
24.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver