Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4728/2020 24.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19.100 manat məbləğində maddi ziyanın, 5.000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 24.130 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçının qızı X3 xx.xx.2016-cı ildə ailə quraraq nikaha daxil olmuşlar. Lakin cavabdehin dələduzluq xarakterli əməllərlə iddiaçının pulunu mənimsəməsi və ailəsinə qarşı kobud rəftar etməsi nəticəsində iddiaçının qızı boşanmaq qərarına gəlmiş və məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının qızı ilə evli olduğu vaxtda hər dəfə fərqli bəhanələrlə iddiaçıdan xeyli miqdarda pul almışdır. Belə ki, müxtəlif vaxtlarda cavabdeh iddiaçıdan sürücülük vəsiqəsi almaq üçün 1200 manat, avtomobil almaq üçün 2700 manat, mebel almaq üçün 3000 manat, borc olaraq 2200 manat, torpaq sahəsi almaq üçün 10.000 manat məbləğində pul olmaqla, ümumilikdə 19.100 manat pul almışdır. Dəfələrlə bununla bağlı cavabdehə iradını bildirərək pulunu geri istəsə də, o, müxtəlif bahənalərlə pulu geri qaytarmaqdan yayınmışdır. Cavabdeh pulu qaytarmamaqla iddiaçının gərgin əsəb stress keçirməyinə səbəb olmuş və nəticə etibarilə iddiçıya çox ağır mənəvi zərər vermişdir. O, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 5000 manat məbləğində qiymətləndirir. İddiaçı cavabdeh pulu başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının-nümayəndəsi vəkili R.Qocayev iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən sürücülük vəsiqəsi almaq üçün 1200 manat, avtomobil almaq üçün 2700 manat, mebel almaq üçün 3000 manat, borc olaraq 2200 manat, torpaq sahəsi almaq üçün 10.000 manat, mənəvi zərərə görə 5000 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 24.130 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili F.Mürsəlzadə iddia tələbini qəbul etmədiyini, iddiaçı tərəfindən cavabdəhə borc qismində iddia ərizəsində göstərilmiş məbləğlərdə pul verilmədiyini, cavabdehin sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna və sürücülük vəsiqəsinin verilməsinə görə cəmi 45 manat pul ödədiyini və bunun üçün iddiaçıdan borc pul götürmədiyni, iddiaçının ona maşın almaq üçün 2700 manat məbləği borc kimi yox, toy hədiyyəsi olaraq, ailələri piyada hərəkət etməsin deyə maşın almaq üçün verdiyini bildirdi. Həmçinin cavabdehin hər hansı bir mebel və pul almadığını, 2200 manat məbləğində borc adı ilə, torpaq sahəsi alamaq üçün isə 10.000 manat məbləğində pulun almadığını, ümumiyyətlə iddiaçıya borcu olmadığını və adına hər hansı torpaq sahəsinin qeydə alınmadığını bildirir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -740-cı maddəsinə uyğun olaraq borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə Cavabdeh avtomobil üçün ona İddiaçı tərəfindən 2700 manat pulun verilməsini, lakin həmin pulun borc kimi deyil toy hədiyyəsi olaraq, maşın almaq üçün verməsi barədə yazılı formada verdiyi izahatını etiraf kimi qiymətləndirir. Belə ki, cavabdeh həmin 2700 manat pul məbləğini iddiaçı tərəfindən ona verilməsini qəbul edir. Lakin Məhkəmə qeyd edir ki, cavabdeh həmin pulun ona toy hədiyyəsi olaraq verilməsini sübuta yetirə bilməmiş və buna dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 2700 manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı Ə. Mikayılov məhkəməyə heç bir sübut təqdim etməməklə, tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-4728/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4728/2020
24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver