Məhkəmə qərarları › İş №2(001)-4735/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4735/2024

24.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4735/2024 24.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 4790 manat məbləğində pulun və ödənilmiş 68 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü il ərzində bir neçə ay müddətinə Bakı şəhərinə gedib 20 Yanvar metrosu adlanan ərazidə telefon təmiri mağazalarında işləmiş, cavabdehi oradan tanımış və onunla münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin avqust ayının axırlarında cavabdeh ona “İpone 14 pro” markalı telefon lazım olduğunu bildirmiş, o isə cavabdehlə mağazaya gedərək kreditlə 4250 manat dəyərində qızıl zəmanətli “İpone 14 pro” markalı və daha sonra isə kreditlə 540 manat dəyərində “Honor” markalı telefonu götürüb cavabdehə vermişdir. Cavabdeh telefonları götürdükdən sonra hər ay kredit pulunu vaxtında ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin bir müddət keçəndən sonra cavabdehin telefonların pulunu ödəmədiyindən xəbər tutmuşdur. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayarq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

5. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı müraciətinə baxılmış, araşdırma zamanı məlum olmuşdur ki, müraciəti mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də yaranmış problemli məsələnin həlli məqsədi ilə mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur.

6. İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə və USB daşıyışıda (fleşkada) olan səsyazmadan görünür ki, cavabdeh ilk olaraq telefonların ona hədiyyə şəklində verildiyini bildirsə də sonradan telefonların dəyərini məhkəməyə ödəyəcəyini bildirmişdir.

7. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(017)-1392/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı ABC-Telecom MMC ilə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri bağlamış, həmin müqaviləyə əsasən cavabdeh aldığı telefonların dəyərini ödəmədiyindən iddiaçı ABC Telecom MMC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

8. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

12. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

15. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

17. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh şifahi borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh şifahi borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

18. Müəyyən edilmişdir ki, iddiaçı cavabdehin xahişinə əsasən öz adına iki ədəd mobil telefonu alaraq cavabdehə vermişdir. Aralarında olan razılaşmaya əsasən həmin telefon mağazada nisyə alq-satqı müqaviləsinə əsasən iddiaçının adına rəsmiləşdirilsə də hər ay ödənişləri cavabdeh ödəməyi öhdəsinə götürmüşdür. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh telefonların puluna dair hər hansı bir ödəniş etməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-1392/2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin qətnamədən görünür ki, hazırkı iş üzrə İddiaçı 11 avqust 2023-cü il tarixdə "xxxx" MMC ilə müqavilə bağlayaraq iki ədəd mobil telefon almış və ödəniş etmədiyinə görə borcu yaranmışdır.

19. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi USB daşıyıcıdan (fleşkadan) məlum olur ki, Cavabdeh əvvəlcə iddiaçının telefonları ona hədiyyə etdiyini bildirsə də sonradan həmin telefonların dəyərini məhkəməyə ödəyəcəyini bildirmişdir. Məhkəmə onun sözlərinin iddianı etiraf etməsi kimi qiymətləndirir.

20. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.

21. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.

22. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

23. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

24. Beləliklə məhkəmə araşdlrması ilə müəyyən edilmişdir ki, 2023-cü ili avqust ayında İddiaçı Cavabdeh xahişinə əsasən cavabdehin ödəməsi şərtilə öz adına sənədləşdirilməklə 2 ədəd mobil telefon alaraq ona vermiş, lakin cavabdeh öhdəliyə əməl etməyərək telefonların pulunu ödəməmişdir və nəticədə telefonu satan müəssisə iddiaçıya qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmışdır. Bundan başqa cavabdeh iddiaçı ilə danışığı zamanı əvvəlcə iddiaçının telefonları ona hədiyyə kimi verdiyini qeyd etsə də sonda həmin telefonların dəyərini məhkəməyə ödəyəcəyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhlkəmə hesab edir ki, iddiaçı öz iddia ələbini sübuta yetirdi.

25. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir.

26. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4790 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 68 manat məbləğ tutularaq ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T ET Dİ :

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4790 (dörd min yeddi yüz doxsan) manat məbləğində borc və 68 (almış səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar