Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4739/2024 28.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, iddiaçıların nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (32 saylı Dövlət Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vərəsəlik paylarının müəyyən edilməsi və paylara uyğun olaraq çıxarışlarının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində istifadədə olan fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.metrdən ibarət torpaq sahəsinə (üzərində inşa edilmiş tikili ilə birgə) Cavabdeh və X6 hər birinin ayrılıqda 1/5 hissə üzrə, İddiaçı1 isə 3/5 hissə üzrə vərəsəlik paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum atası X5 ünvan 1 ünvanında yerləşən mənzil və Bakı şəhəri, Binəqədi rayonu, 9-ci mikrorayon, A.Məmmədov küçəsində istifadədə olan fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.metrdən ibarət torpaq sahəsi üzərində inşa edilmiş tikili ilə birgə miras qalmışdır. Qeyd edir ki, vərəsələr arasında mübahisə olduğundan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-157/2014 saylı qətnaməsinə əsasən, X2 miras qalmış Bakı şəhəri, 9-ci mikrorayon, Mir Cəlal küçəsi, 137 saylı evin 3 otaqdan ibarət 24-cü mənzilinə Cavabdeh, İddiaçı2 və İddiaçı1 hər birinin ayrılıqda 1/5 hissə, X11 isə 2/5 hissə üzrə vərəsəlik paylarının müəyyən edilməsi və müəyyən edilmiş vərəsəlik paylarına uyğun olaraq adlarına müvafiq çıxarışların verilməsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədə miras qalmış digər əmlak - Bakı şəhəri, Binəqədi rayonu, 9-ci mikrorayon, A.Məmmədov küçəsində istifadədə olan fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.metrdən ibarət torpaq sahəsi dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi üçün miras əmlak kimi bölgüsü aparılmadı. Bundan sonra mərhum anaları X15 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Binəqədi Rayon Bələdiyyəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair hüququn ölmüş şəxsə, X9 məxsus olması haqqında arayışın iddiaçı X12 verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 3157/2019 saylı qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-659/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1 (81 )-3157/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)-1956/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismin təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-659/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-77/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 3157/2019 saylı qərarı ləğv edilmiş, iddia təmin edilərək iddiaçı X12 Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair hüququn ölmüş şəxsə X10 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(102)-1310/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 77/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edir ki, anaları X15 da dünyasını dəyişməmişdən öncə xx.xx.2018-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını qızı İddiaçı1 vəsiyyət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıların nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində istifadədə olan fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.metrdən ibarət torpaq sahəsinə (üzərində inşa edilmiş tikili ilə birgə) Cavabdeh və X6 hər birinin ayrılıqda 1/5 hissə üzrə, İddiaçı1 isə 3/5 hissə üzrə vərəsəlik paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 12 avqust 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh iddianı tam qəbul etdiyini, sözügedən torpaq sahəsi üzərində olan tikili ilə birgə 1/5 onun və 1/5 İddiaçı2, 3/5 İddiaçı1 vərəsəlik paylarının tanınmasına etiraz etmədiyini bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin 05 dekabr 2013-cü il tarixdə Cavabdeh ünvanlandığı məkt7ubdan görünür ki, 04 iyun 2013-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair X11 və X3, İddiaçı2 ilə və İddiaçı1 ilə aralarında mübahisə olduğu çüün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmənin verilməsi mümkün olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(006)- 157/2014 saylı qətnaməsindən görünür ki, X2 miras qalmış Bakı şəhəri, 9-ci mikrorayon, Mir Cəlal küçəsi, 137 saylı evin 3 otaqdan ibarət 24-cü mənzilinə Cavabdeh, İddiaçı2 və İddiaçı1 hər birinin ayrılıqda 1/5 hissə, X11 isə 2/5 hissə üzrə vərəsəlik paylarının müəyyən edilməsi və müəyyən edilmiş vərəsəlik paylarına uyğun olaraq adlarına müvafiq çıxarışların verilməsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-77/2022 saylı qərarından görünür ki, iddiaçı X15 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri saylı Bakı Ərazi İdarəsinə və Binəqədi Rayon Binəqədi Bələdiyyəsinə qarşı cavabdehlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair çıxarışın alınması barədə hüququn mərhum X10 məxsus olması haqqında arayış verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(81)- 3157/2019 saylı qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-659/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1 (81 )-3157/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1956/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-659/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmənin qeyd edilən qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2-1(81)- 3157/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilməsi və iddiaçı X12 Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair hüququn ölmüş şəxsə X10 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xitmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1310/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-77/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 03 avqust 2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, 1938-ci ildə doğulmuş X15 (X7 və X13 şahidliyi ilə) ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ünvan 3 ünvanında qeydiyyat olan İddiaçı1 vəsiyyət etmişdir. Müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlka dair hüquqların rəsmilşdirilməsinin mümkünlüyü barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, X12 ondan ötrü verilmişdir ki, həqiqətəndə onun təqdim etdiyi hüquqmüəyyənedici sənədlər X12 mərhum X9 aid olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin mülkiyyət və ya digər əşya hüquqlarının Mülkiyyət qanunvericiliyinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Arayışda həmçinin mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlakın üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyta alına bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iddia tələbi X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində istifadədə olan fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.metrdən ibarət torpaq sahəsinə (üzərində inşa edilmiş tikili ilə birgə) Cavabdeh və X6 hər birinin ayrılıqda 1/5 hissə üzrə, İddiaçı1 isə 3/5 hissə üzrə vərəsəlik paylarının müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, artıq qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(006)-157/2014 saylı qətnaməsi ilə X2 miras qalmış Bakı şəhəri, 9-ci mikrorayon, Mir Cəlal küçəsi, 137 saylı evin 3 otaqdan ibarət 24-cü mənzilinə Cavabdeh, İddiaçı2 və İddiaçı1 hər birinin ayrılıqda 1/5 hissə, X11 isə 2/5 hissə üzrə vərəsəlik paylarının müəyyən edilməsi və müəyyən edilmiş vərəsəlik paylarına uyğun olaraq adlarına müvafiq çıxarışların verilməsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Hazırkı iş üzrə Cavabdeh məhkəmədə təqdim etdiyi ərizə ilə iddianı tam qəbul edərək, sözügedən torpaq sahəsi üzərində olan tikili ilə birgə 1/5 onun və 1/5 İddiaçı2, 3/5 İddiaçı1 vərəsəlik paylarının tanınmasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi X5 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində istifadədə olan fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.metrdən ibarət torpaq sahəsinə dair Cavabdeh və X6 hər birinin ayrılıqda 1/5 hissə üzrə, İddiaçı1 isə 3/5 hissə üzrə vərəsəlik paylarının müəyyən edilməsi ilə bağlı tərəflər arasında mübahisə olmadığından məhkəmə əlavə araşdırmaya zərurət görmür və hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Lakin məhkəmə iddia tələbinin torpaq üzərində inşa olunmuş tikiliyə münasibətdə iddianı əsaslı hesab etmir. Belə ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İddiaçıların iddia etdiyi atalarından qalmış ev o, vaxt miras kütləsinə daxil edilə bilər ki, ya həmin əmlak miras qoyanın sağlığında, ya da ölümündən sonra mülkiyyəti kimi dövlət qeydiyyatına alınsın. Lakin hazırki tələbdən görünür ki, iddiaçılar iddia etdiyi əmlakın həqiqətəndə onun təqdim etdiyi hüquqmüəyyənedici sənədlər X12 mərhum X9 aid olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli Arayışına əsasən anaları X12 verilmiş və onun 03 avqust 2018-ci il tarixli vəsiyyətnaməsi ilə bütün əmlakını ünvan 3 ünvanında qeydiyyat olan İddiaçı1 vəsiyyət etməsi ilə qəbul etmişdir. İddiaçılar həmçinin nəzərə almamışlar ki, yalnız dövlət qeydiyyatına alınmış əmlaklar miras kütləsinə daxil edilə və vərəsələr arasında qanunvericiliyə uyğun bölünə bilər. Göründüyü kimi mərhum X8 öldüyü məqamadək ona məxsus olan əmlaka olan hüquqlarını qeydiyyata aldırmadığından, vərəsələr həmin hüququn vərəsələrə keçməsinı Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə tənzimlənməlidir. Həmin maddədə qeyd olunur ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunan normadan başa düşülür ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı, yəni Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti verir. Belə bir arayış alındıqdan sonra isə daşınmaz əşya üzərində mülkiyyət hüququ və ya digər əşya hüququ həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hal-hazırkı mübahisəli məsələdə isə mərhum X8 həyatda olduğu zaman və ya ölümündən sonra daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun ona məxsus olması barədə arayış alınmamış və ya müraciət edilməmişdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ mülkiyyət hüququnun tərkibi olaraq Konstitusiya ilə təmin olunsa da, bu hüququn reallaşdırılması üçün müəyyən əsaslar mövcud olmalıdır. Bu əsaslara hüququnun tanınması xahiş edən şəxsin müvafiq növbəliliklə mirasqoyanın vərəsəsi olması, vərəsəlik hüququnun qüvvədə olması, miras kütləsinin mövcud olması, mirasın qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi daxildir. Hazırki halda, miras əmlakın (fərdi yayaşyış evinin) kütləsinin mövcudluğu işin faktiki hallarını araşdıran məhkəmələrlə müəyyən edilmir. Tikili faktiki mövcud olsa da, miras əmlak üzərində mülkiyyət hüququ mərhum X1 həmçinin vəfat etdikdən sonra tanınmamış və dövlət qeydiyyatdan keçirilməmişdir. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun üzərində də vərəsələrin payların müəyyən edilməsi qeyri-mümkündür. Odur ki, iddianın Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində istifadədə olan fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.metrdən ibarət torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə dair vərəsəlik paylarının müəyyən edilməsi hissəsi rədd edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində istifadədə olan fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.metrdən ibarət torpaq sahəsinə Cavabdeh və X6 hər birinin ayrılıqda 1/5 hissə üzrə, İddiaçı1 isə 3/5 hissə üzrə vərəsəlik payları müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində istifadədə olan fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.metrdən ibarət torpaq sahəsinə Cavabdeh və X6 hər birinin ayrılıqda 1/5 hissə üzrə, İddiaçı1 isə 3/5 hissə üzrə vərəsəlik payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4739/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4739/2024
28.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver