Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-475/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ona vurulmuş maddi zərərin əvəzi kimi 8145 manat, mənəvi zərərin əvəzi kimi 50000 manat olmaqla ümumilikdə 58145 manat məbləğində pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı xx xxx 2020-ci il tarixdə saat 16:15 radələrində özünə məxsus “Toyota Prius” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospekti ilə hərəkət edərkən sürətlə hərəkət edən “İnfinity” markalı, **-DS- *** dövlət qeydiyyat nişanlı avtomobil arxadan iddiaçının idarə etdiyi avtomobillə toqquşmuş, zərbənin təsirindən iddiaçının avtomobili qarşısında onunla eyni istiqamətdə hərəkət edən “Mercedes Benz” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Nəticədə iddiaçının avtomobilinin həm arxa, həm də ön tərəfi zədələnmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsini törətməkdə Cavabdeh1 təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, protokol əsasında qəbul edilmiş qərarla 40 manat cərimə edilmişdir. İddiaçının avtomobilinə 7945 manat həcmində zərər dəymiş, həmçinin, hadisə zamanı iddiaıç özü yüngül xəsarət aldığından müalicəsinə 200 manat xərcləmişdir. Bundan sonra iddiaçı həm Cavabdeh1, sonuncunun idarə etdiyi avtomobilin sahibi Cavabdeh2 ona vurulmuş zərərin qarşılanmasını tələb etsə də, cavabdehlər ümumiyyətlə onunla maraqlanmamışlar. Yol-nəqliyyat hadisəsi baş verən zaman iddiaçının idarə etdiyi avtomobildə azyaşlı qızı və dostu olduğundan yüksək dərəcədə sarsıntı, stress, həyəcan keçirməsinə səbəb olmuşdur. Buna görə də, hazırda iddiaçı cavabdehlərdən həm vurulmuş maddi zərərin əvəzinin, həm də mənəvi zərərə görə 50000 manat pulun tutulmasını tələb edir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda izahatlarında iddianı qəbul etmədiklərini, iddiaçıya məlum yol-nəqliyyat hadisəsi nəticəsində sığorta şirkəti tərəfindən sığorta ödənişinin edildiyini, həmin vaxt iddiaçının təyin olunan məbləğə etiraz etmədiyini, hazırki iddia ərizəsində göstərilən məbləğin süni şişirdildiyini bildirib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Mülki iş materiallarında olan: - İnzibati xəta haqqında xx xxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokoldan və həmin protokol əsasında qəbul edilmiş xx xxx 2020-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh1 xx xxx 2020-ci il tarixdə idarə etdiyi “İnfinity FX-35” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşısında onunla eyni istiqamətdə hərəkət edən avtomobillə düzgün ara məsafəsi saxlamaması nəticəsində onunla toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmiş, buna görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2 tərəfindən verilmiş çıxarışdan görünür ki, “İnfiniti FX-35” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2020-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir, xx xxxx 2020ci il tarixdə avtomobil “**-RR-***” dövlət qeydiyyat nişanlı ilə qeydiyyata alınmışdır. - AD seriyalı, 670143 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Toyota Prius” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - “MY AUTO SERVİS” tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli qüsur aktından görünür ki, “Toyota Prius” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi usta xərci ilə birlikdə 7945 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx xxx 2020-ci il tarixdə Cavabdeh2 məxsus avtomobili idarə edən Cavabdeh1 yol-nəqliyyat hadisəsi törədərək İddiaçı məxsus avtomobillə toqquşması və nəticədə İddiaçı maddi zərər dəyməsi işin mübahisələndirilməyən halıdır. Avtomobilə dəymiş zərərin dəqiq müəyyən olunması məqsədi ilə məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-4340/2020 saylı qərardadına əsasən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4512 saylı müvafiq rəyində göstərilmişdir ki, “Toyota Prius” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7118 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında cavabdehlər iddiaçıya dəymiş zərərin sığorta şirkəti tərəfindən ödənildiyini bildirsələr də, buna dair hər-hansı sübut məhkəməyə təqdim etməmişlər. Bununla yanaşı, cavabdehlər tərəfindən məhkəməyə “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, 9 nömrəli qüsur aktı təqdim edilmişdir ki, həmin aktda iddiaçıya məxsus avtomobilə usta xərci ilə birlikdə 3510 manat zərərin dəydiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, avtomobilə vurulmuş zərərin miqdarı ilə bağlı tədqiq edilmiş sübutlardan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəy əsas götürülməli və zərər ekspert rəyində göstərilən məbləğə uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı avtomobilinin zədələnməsi ilə bağlı ona vurulmuş maddi zərərin əvəzi kimi 7118 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin müalicə xərclərinin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin həmin hissəsinə dair məhkəməyə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən, iddia həmin hissədə təmin edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçı mənəvi zərərin əvəzi qismində 50000 manat məbləğində pul tələb etsə də, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmamışdır. Buna görə də, iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində də rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi kimi 7118 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 10 manat hissəsi də müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 90 manat hissəsi cavabdehlərdən, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş zərərin əvəzi kimi 7118 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia digər hissələrdə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 10 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 90 manat hissəsi müştərək qaydada Cavabdeh1 və Cavabdeh2, 10 manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-475/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-475/2021
23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver