Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4757/2022 14.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.700 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun köhnədən tanıdığı bir insandır. Cavabdeh ailəsi ilə birlikdə onların həyətində kirayədə yaşamışlar. 2007-ci ildə cavabdeh onu Babək prospektinə çağırıb bildirmişdir ki, avtomobil alveri ilə məşğul olur və ona da qoşulmağı təklif etdi. Ondan 2014-cü ildə borc pul istəmiş və o da avtomobil alveri ilə məşğul olduğunu bildiyindən ona üç dəfəyə 2.700 manat pul vermişdir. Cavabdeh ona bu borcu iki aya qaytarmalı idi. Lakin vaxt çatdıqda ona bildirmişdir ki, “bir ay da vaxt ver pulu qaytaracam”. Sona isə cavabdeh ondan qaçırdı və zənglərinə cavab vermirdi. Bu günə kimi ona bir manat da qaytarmamışdır. Cavabdeh ondan aldığı borcu polis idarəsində verdiyi ifadəsində də göstərmişdir. Lakin ifadəsində ondan 1.500 manat aldığını etiraf etmiş, digər 1.000 manatı isə etiraf etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddiaçıdan pul almamışdır. Onlar birlikdə avtomobil alış-satışı ilə məşğul idilər. İddiaçı düşünür ki, qazanc düzgün bölünməyib və nəticədə onun borcu yaranıb. Lakin onun iddiaçıya heç bir borcu yoxdur. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin 28 noyabr 2017-ci il tarixli arayşının surətindən görünür ki, 02 noyabr 2017-ci il tarixdə icraata Abşeron rayonu, Xırdalan şəhəri, R.Rza küçəsi döngə 4 ev 15-də yaşayan İddiaçı Yasamal RPİ-nə ünvanladığı ərizəsi daxil olmuşdur. Vətəndaş İddiaçı ərizəsində göstərmişdir ki, əvvəllər evində kirayə yaşayan Cavabdeh 2.700 manat borca pul vermiş, lakin bu günə qədər pulunu geri ala bilməmişdir. Pulunun geri qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı Cavabdeh 26-cı PB-nə dəvət olunaraq izahatı alınmışdır. O, izahatında göstərmişdir ki, İddiaçı olan borcunu ayda 50 manat ödəməklə geri qaytarmaq imkanı vardır. Ərizəyə tərəfindən baxılarkən müəyyən olundu ki, ərizədə göstərilən xüsusatlar mülki xarakterlidir və məhkəmə tərəfindən öz həllini tapa bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq materialın Yasamal RPİ-nin 26-cı PB-nin dəftərxanasında işə alınmasını və müraciət müəllifinə mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi ilə əlaqədar olaraq yazılı məlumat verilməsini məqsədə müvafiq hesab edilmişdir. Cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində verdiyi izahatın surətindən görünür ki, o, İddiaçı təxminən neçə illərdir ki, tanıyır. Onun ailə vəziyyəti pis olduğu üçün oğlunun müalicəsinə görə Amildən 1.500 manat borc pul almışdır. Aldığı borcdan təxminən 600 manatını qaytarmışdır. Sonradan Amillə birlikdə avtomobil alverinə başlamışlar. O, Amilə avtomobil tapıb verirdi, Amil də avtomobili satıb xeyrindən ona da pul verirdi. O, Amildən bir dəfə borc almışdır. Təxminən 900 manat borcu qalmışdır. Hal-hazırda ailə vəziyyəti pis olduğundan, işləmədiyindən güclə dolanır. Amilə qalıq borcunu hissə-hissə ayda 50 manat olmaqla ödəyə bilər. İzahat öz sözləri ilə yazılmışdır, izahatın düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. 04 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ondan 2.700 manat məbləğində borc aldığını iddia etsə də, o, cavabdehə məhz həmin məbləğdə borc verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 1.500 manat məbləğində borc almış, həmin borcun 600 manatını iddaçıya qaytardığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.500 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 36 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1.500 (bir min beş yüz) manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 36 (otuz altı) manatı İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4757/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4757/2022
14.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver