Məhkəmə qərarları › İş №2(001)-4764/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4764/2021

26.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4764/2021 26.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.700 manat məbləğində əsas,1.836 manat məbləğində faiz və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 17.566 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 11.03.2019-cu il tarixdə dəyəri 11.700 manat olan “X2” markalı və dəyəri 7.000 manat olan “X3” markalı mobil telefonu, onların ümumi dəyərini təşkil edən 18.700 manat məbləğində pulu 1 ay ərzində ödəmək şərti ilə İddiaçı Urfan oğlundan nisyə almışdır. Həmin telefonların ümumi dəyərindən 3.000 manat hissəsi 12.11.2020-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, 10.02.2021-ci il tarixdə isə cavabdeh yazılı iltizam yazaraq, qeyd edilən məbləğin 3.000 manat hissəsini ödədiyini, qalan məbləği ödəmədiyini və borcunun yarandığını etiraf edərək, borcu 07.03.2021-ci il tarixədək qaytaracağını bildirmişdir. Bundan sonra iddiaçı Bakı şəhəri Səbail rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, cavabdehin ondan aldığı mobil telefonlar üçün ödəməli olduğu pulun 15.700 manat hissəsini bügünədək ödəmədiyini və ondan gizləndiyini bildirmişdir. Həmin şikayət əsasında aparılmış araşdırma zamanı cavabdeh öz izahatında iddiaçıdan aldığı mobil telefonların ümumi dəyərini təşkil edən 18.700 manat pulun 3.000 hissəsini ödədiyini, qalan 15.700 manat pulu ödəməkdən boyun qaçırmadığını və pul toplayıb həmin məbləği mütləq ödəyəcəyini bildirmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, qeyd edilən 15.700 manat borcun bugünədək cavabdeh tərəfindən ona ödənilmədiyini iddia edir və bu məbləğin, habelə borcun ödənilməsi gecikdirildiyindən 15.700 manat pulu əsas götürməklə gecilkdirilmiş vaxt üçün 11.04.2019-cu il tarixdən illik 5% dərəcəsi ilə hesablanmış 1.836 manat məbləğində faiz borcunun, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı ümumi dəyəri 18.700 manat olan 2 ədəd mobil telefonu onların dəyərini 1 ay ərzində ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin məbləğin 3.000 manat hissəsi 12.11.2020-ci il tarixdə cavabdeh tərəfindən qaytarılmışdır. Bundan sonra onların arasında 10.02.2021-ci hüquqi nəticə etibarı ilə borcun etirafı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 15.700 manat məbləğində borcunun qaldığını etiraf etmiş və bu məbləğin 07.03.2021-ci il tarixədək qaytarmağı barədə üzərinə öhdəlik götürmüşdür. Buna baxmayaraq, cavabdeh iddiaçıya olan həmin borcunu ödəməmişdir. Qeyd edilən məbləğdə borcun olmasını cavabdeh Bakı şəhəri Səbail rayon polis idarəsinə verdiyi izahatında da etiraf etmişdir. İddiaçı da bu hallara, o cümlədən müqaviləyə istinadən hazırda cavabdehdən 15.700 manat məbləğində pulun tutulmasını tələb edir. Bununla belə, cavabdeh iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış 15.700 manat məbləğində borcu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin "əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesablamaqla 1.836 manat məbləğində pulun tutulması" hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır, lakin qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Məhkəmə qeyd edir ki, cavabdeh mobil telefonları, onların ümumi dəyərini təşkil edən 18.700 manat məbləğində pulu 1 ay ərzində ödəmək şərti ilə nisyə almışdır. Bundan sonra 12.11.2020-ci il tarixdə həmin pulun 3.000 manat hissəsini qaytarmışdır. Qalan məbləği isə bugünədək qaytarmamışdır. İddiaçı da hazırda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə istinadən, borc məbləğinin ödənilməsinin gecikdirilməsi səbəbindən 11.04.2019-cu il tarixini və 15.700 manat məbləğini əsas götürüb gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə faiz hesablamaqla ümumilikdə 1.836 manat məbləğində pulun da cavabdehdən tutulmasını tələb edir. Məhkəmə, cavabdehin iddiaçıya 15.700 manat məbləğində borcunun olması qənaətinə gəldiyindən hesab edir ki, borc məbləğinin ödənilməsi gecikdirilmiş və bununla da iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz tələb etmək hüququ yaranmışdır və gecikdirmə vaxtının əvvəli qismində məhz 11.04.2019-cu il tarixi əsas götürülməlidir. Belə ki, cavabdeh mobil telefonların dəyərini 1 ay ərzində ödəməyi barədə öhdəlik götürmüş və onun tərəfindən 12.11.2020-ci il tarixdə bu məbləğin 3.000 manat hissəsinin qaytarılması, habelə sonradan borcun etirafı müqaviləsinin bağlanması iddiaçını qeyd edilən tarixdən etibarən borcun ödənilməsinin gecikdirilməsi halını həm istisna etmir, həm də aradan qaldırmış olmur. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi bu hisədə qismən təmin edilməli, illik 5 faiz dərəcəsi ilə hesablama 11.04.2019-cu il tarixdən 22.05.2021-ci il tarixədək (sonuncu gün qismində iddianın qaldırıldığı tarix əsas götürülməklə), yəni 25 ay 10 gün müddət üçün iddaçının mövqeyinə və tələbinə uyğun olaraq 15.700 manat əsas götürülməklə aparılmalı və bu qaydada aparılmış hesablamaya uyğun olaraq, cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış (15.700 x 5% / 100% = 785 / 12 ay= 65,42 manat 1 ay üçün, 65,42 x 25 ay = 1.635,50 manat 25 ay üçün, 65,42 / 30 gün x 10 gün = 21,80 manat 1 gün üçün, 1.635,50 + 21,80 = 1.657,30 manat 25 ay 10 gün üçün) 1.657,30 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15.700 manat məbləğində pul, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 1.657,30 manat məbləğində pul, cəmi 17.357,30 manat məbləğində pul, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15.700 (on beş min yeddi yüz) manat məbləğində pul, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 1.657,30 (bir min altı yüz əlli yeddi manat, otuz qəpik) manat məbləğində pul, cəmi 17.357, 30 (on yeddi min üç yüz əlli yeddi manat, otuz qəpik) manat məbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar