Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4771/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdeh Cavabdeh1 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilmiş tikiliyə istifadə hüququnun tanınması və yaşayış hüququna cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilmiş tikiliyə istifadə hüququnun tanınması və yaşayış hüququna cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə ünvan 1 ünvanında özbaşına tikilmiş fərdi yaşayış evinə istifadə hüququnun tanınması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdə cavabdeh X4 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş və bu nikahdan Miray və Bəhlul adlı uşaqları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra ünvan 1 ünvanında özbaşına tikilmiş fərdi yaşayış evinə gəlin köçmüşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-509/2023 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Hazırda o uşaqları ilə birlikdə yuxarıda qeyd olunan özbaşına tikilmiş fərdi yaşayış evində yaşayır və cehiz əşyaları həmin evdədir. Lakin cavabdehlər onun həmin evdə yaşamasına maneə törədirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı hazırda həmin evdə yaşayır və iddaçının həmin mənzildən istifadə etməsinə onlar (cavabdehlər) tərəfindən heç bir maneə yaradılmır. Həmçinin bildirdi ki, iddiaçı ilə yenidən rəsmi nlikaha daxil olmuşlar. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında qalması, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh1 uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində qeydiyyatsız yaşayır. - Abonent saldosundan və "xxxx" ASC-nin A015430 saylı arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev 0048, 0140 saylı mənzilə aid kommunal ödənişlər Urqusarə Əlməmmədovanın adınadır. - kommunal bildirişlərdən və abonent saldosundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev 0048, 0140 saylı mənzilə aid kommunal ödənişlər X5 adınadır. Məhkəmə cavabdehlərin izahatlarından və məhkəmə baxışı zamanı müəyyən edilən işin digər hallarından aydın olur ki, ünvan 1 ünvanında özbaşına tikilmiş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, İddiaçı mənzilə yaşayış sahəsindən istifadə hüququn tanınmasını tələb etmək hüququna malik deyildir. Belə ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. -180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. -180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, özbaşına inşa edilmə nəticəsində yeni yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehlərin adına qeydə alınmadığından, iddiaçının özbaşına tikiliyə istifadə hüququnun tanınması yolverilməzdir. Göründüyü kimi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmadığından, onun mənzilə yaşayış sahəsindən istifadə hüququn tanınmasını tələb etmək hüquqları da olmamışdır. Odur ki, iddia əsassızdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-4771/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4771/2023
20.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver