Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4774/2024 10.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Camal-zadə Camal Orxan oğluna qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Camal-zadə Camal Orxan oğluna qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan mənzildən istifadə hüuqunun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 14 fevral 2024-cü il tarixinə AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən ata evinin ona düşən vərəsəlik payını satıb, 28 fevral 2024-cü il tarixində AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi ilə X1 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, ev 3, mənzil 38 ünvanında yerləşən mənzili almışdır. Alqı-satqı müqaviləsinin 13-cü bəndində göstərildiyi kimi xx.xx.2024-cü il tarixinədək X3 və onun ailə üzvləri həmin ünvandakı mənzildən qeydiyyatdan çıxmalı idilər. Lakin özü və yoldaşı qeydiyyatdan çıxaraq Xəzər rayonunda aldıqları evə qeydiyyata düşdükləri halda oğlu, qızı və nəvələri indiyədək qeydiyyatdan çıxmayıblar. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan qanunda göstərilən hallarda çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təstiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 244 saylı Fərmanının 2.2-ci bəndinə əsasən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları (qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri) həyata keçirirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 53.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, o, şəxslərin qeydiyyatdan çıxarılması ilə əlaqədar inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən bundan imtina edildikdə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Həmçinin, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 102 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Camal-zadə Camal Orxan oğluna qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunur ki, o, şəxsin qeydiyyatdan çıxarılması ilə əlaqədar inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən bundan imtina edildikdə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 102 (yüz iki) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4774/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4774/2024
10.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver