Məhkəmə qərarları › İş №2(001)-4775/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4775/2022

06.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4775/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlak üzərində mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair mülki işə 06 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi cənub-şərq hissəsində yerləşən 0,03 ha. torpaq sahəsinin və “Volkswagen Passat” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə mülkiyyət hesab edilməsi, həmin əmlaklar üzərində 2/3 hissədə onun, 1/3 hissədə isə cavabdehin payı müəyyən edilməklə həmin paylara uyğun mülkiyyət hüququnun tanınması, habelə, avtomobilə dair cavabdehlə X6 arasında bağlanmış 16 noyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinin və X6 ilə X3 arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh 11 may 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 05 avqust 2008-ci il təvəllüdlü Əsmər adlı uşaqları vardır. Sonradan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(008)-1129/2021 saylı qətnaməsinə əsasən, aralarındakı nikah pozulmuşdur. Tərəflər birgə nikahda olduqları dövrdə iddia ərizəsində göstərilən torpaq sahəsini almışlar. Torpaq sahəsi 18 may 2010-cu il tarixdə cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Həmin ərəfədə nə iddiaçı, nə də cavabdehin rəsmi iş yeri olmamış, iddiaçı fərdi repetitor fəaliyyəti ilə məşğul olmuşdur. Habelə, evləndikləri ilk vaxtlardan tərəflər müxtəlif ünvanlarda müvəqqəti, kirayədə yaşamış, qazanclarını toplamaqla göstərilən torpaq sahəsini əldə etmişlər. Həmin dövrdə cavabdehin anasına məxsus yaşayış evi satılsa da, əldə edilmiş pulda münahisələndirilən torpaq sahəsinin alınmasına xərclənməmişdir. Sonradan həmin torpaq sahəsində öz hesablarına və iddiaçının atasının maddi dəstəyi ilə fərdi yaşayış evi inşa etdirmişlər. Həmin dövrdə iddiaçı rəsmi olaraq işləməsə də, cavabdehlə birgə nikahdan olan övladına baxmış, tikilən evin təmizlik, ustalara yemək, gündəlik təsərrüfat işləri ilə məşğul olmuşdur. Həmçinin, iddia ərizəsində göstərilən avtomobili də birdə nikah dövründə, daha dəqiq 21 sentyabr 2019-cu il tarixdə əldə etmiş, həmin avtomobil də cavabdehin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 16 noyabr 2020-ci il tarixdə, yəni iddiaçı cavabdehə qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxt cavabdeh avtomobili öz adına qeydiyyatdan çıxarmaq məqsədi ilə onunla bağlı alğı-satqı müqaviləsi bağlamışdır. Halbuki, avtomobil birgə mülkiyyət idi və onun özgəninkiləşdirilməsi zamanı iddiaçının razılığının alınması mütləq idi. Sonradan isə cavabehin avtomobili satdığı X7 Bağırova arasında həmin avtomobillə bağlı alğı-satqı müqaviləsi bağlanmışdır. Avtomobilin özgəninkiləşdirilməsi iddiaçının məlumatı olmadan həyata keçirildiyindən, onunla bağlı bağlanmış əqdlər etibarsız hesab edilməlidir. Hazırda tərəflərin birgə nikahdan olan uşaqları iddiaçının himayəsində olduğundan, uşağın da mənafeyi nəzərə alınmaqla göstərilən əmlaklar üzərində iddiaçının 2/3 hissədə payı və həmin paya uyğun mülkiyyət hüququ müəyyən edilməlidir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirib, izahatında əlavə olaraq göstərdi ki, o, evləndikdən sonra 9-cu mikrorayonda, qayınatasının evinə gəlin köçmüş, 2010-cu ilədək orada yaşamışdır. Sonra 2010-cu ilin yanvar ayından 2013-cü ilin aprel ayınadək Badamdar qəsəbəsində yaşamışlar. Həmin dövrdə cavabdehin rəsmi iş yeri olmasa da, restoranda işləmişdir. Sonradan Badamdar qəsəbəsində olan, cavabdehin anasına məxsus ev satıldığından onlar Maştağa qəsəbəsinə köçməli olmuşlar. Lakin, köçdükləri ev yaşanılası şəraitdə olmadığından onun atasıgildə məskunlaşmışlar. Həmin dövrdə cavabdeh evlərini tikdirməklə məşğul olduğundan atası ona 2000 manat pul vermiş, o da həmin pulu maddi kömək üçün cavabdehə vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, iddia tələbində göstərilən əmlaklar birgə nikah dövründə əldə edilsələr də, ərlə arvadın birgə gəlirləri hesabına əldə edilməmişdir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, tərəflər nikaha daxil olduqdan sonra bir müddət cavabdehin valideynləri ilə birlikdə onlara məxsus evdə yaşamışlar, sonradan cavabdehin anasına məxsus, Badamdar qəsəbəsində yerləşən kooperativ binadakı mənzildə yaşamışlar, həmin mənzil satıldıqdan sonra əldə edilmiş vəsait hesabına Maştağa qəsəbəsində yerləşən, iddia ərizəsində göstərilən torpaq sahəsi alınmış, həmin torpaqda ev inşa edilmişdir. Tərəflər birgə nikah münasibətlərində olduqları dövrdə işləməmiş, gəlirləri olmamışdır. Mübahisələndirilən avtomobil isə, birgə nikah dövründə alınmış, həmin dövrdə də satılmışdır. Avtomobili əldə edilən şəxslər vicdanlı sahibdirlər. Buna görə də, həmin müqavilələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında göstərdi ki, o, hazırki iddia üzrə nə iddiaçını, nə də cavabdehi tanımır. İddia ərizəsində göstərilən avtomobili onun əri əvvəl etibarnamə əsasında almış, etibarnamənin müddəti bitəndə isə onun adına dövlət qeydiyyatına aldırmışdır. Avtomobilə görə 9500 manat pul ödəmişlər. Tərəflər arasındakı hazırki mübahisədən məlumatsızdır. Mülki iş materiallarında olan: - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasındakı nikah Sabunçu Rayon Məhkəməsinin qətnaməsi əsasında 05 may 2021-ci il tarixdə pozulmuş, qadına Nəsibova soyadı verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, cənub-qərb hissəsinə yerləşən 0,03 ha. torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə 18 may 2010-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən verilmiş 23 dekabr 2021-ci il tarixli məktuba qoşma edilmiş çıxarışdan müəyyən edilir ki, “Volkswagen Passat” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 sentyabr 2019-cu il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmış, 16 noyabr 2020ci il tarixdə alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. - 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. - 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Hazırki iş üzrə iddiaçı ilə cavabedhin 11 may 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaları, habelə birgə nikahlarından 05 avqust 2008-ci il təvəllüdlü Əsmər adlı bir yetkinlik yaşına çatmayan uşaqlarının olması işin mübahisələndirilməyə halıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.3-cü maddəsinin məzmunundan görünür ki, iddiaçı tərəfindən heç bir vəsait ödənilmədiyi halda belə həmin əmlak birgə mülkiyyət hesab olunur. Məhkəmə iclasında iddiaçı öz izahatında evləndiyi vaxtdan 2010-cu ilədək qayınatasının evində, həmin tarixdən 2013-cü il tarixədək cavabdehin anasına məxsus, Badamdar qəsəbəsində yerləşən evdə yaşadıqlarını bildirmiş, cavabdehin nümayəndəsi isə iddia tələbində göstərilən torpaq sahəsinin məhz Badamdar qəsəbəsindəki evin satılmasından əldə edilmiş gəlir hesabına alındığını bildirmişdir. İddiaçı və cavabdehin evləndikdən sonra hansı dövrdə hansı ünvanda yaşamalarını tərəflər mübahisələndirməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən, sübutetmə yükü tərəflərin üzərinə düşdüyü halda, iddia tələbində göstərilən torpaq sahəsinin məhz cavabdehin anasına məxsus mənzilin satışından əldə edilmiş vəsait hesabına alınmasına dair cavabdeh tərəfdən məhkəməyə heç bir sübut təqdim edilməsə də, məhkəmə qeyd edir ki, iddiaçı öz izahatında 2013-cü ilədək cavabdehin anasına məxsus, Badamdar qəsəbəsindəki evdə yaşadıqlarını bildirmiş, mübahisələndirilən torpaq sahəsinin isə 2010-cu ildə cavabdehin adına dövlət qeydiyyatına alındığı iş materialları ilə sübuta yetirilmişdir. Belə olan halda, məhkəmə həmin torpaq sahəsinin birgə mülkiyyət hesab edilməməsi üçün heç bir əsas müəyyən etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən paylar bərabər hesab edilir. İddia tələbinin avtomobillə bağlı hissələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, avtomobilin tərəflərin birgə nikah dövründə əldə edildiyi, nikah pozulmamışdan da özgəninkiləşdirildiyi müəyyən edilir. Avtomobilin satışından əldə edilmiş gəlirin məhz cavabdeh tərəfindən təkbaşına, iddiaçının fikri nəzərə alınmadan xərcləndiyini təsdiq edən heç bir sübut iddiaçı tərəfdən məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, həmin avtomobilin üzərində iddiaçı ilə cavabdehin pay hüququnun müəyyən edilməsi, habelə, avtomobillə bağlı əqdlərin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyil və iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25 manat hissəsi, habelə, mediasiya xərcinin 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak üzərində mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, cənub-qərb hissəsində yerləşən 0,03 ha. torpaq sahəsi Cavabdeh ilə İddiaçı birgə mülkiyyəti hesab edilsin, həmin torpaq sahəsi üzərində ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payı müəyyən edilməklə, həmin hissədə mülkiyyət hüquqları tanınsın. Dövlət rüsumunun əvəzi kimi 25 manat, mediasiya xərcinin əvəzi kimi 25 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar