Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4787/2022 13.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (əri) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10480 manat pulun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 130 manat olmaqla, ümumilikdə 10610 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (əri) iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, onun iki yetkinlik yaşına çatmayan uşağı vardır. Uşaqlar anadangəlmə xəstə olmaqla, bununla əlaqədar onlara hər ay hərəsinə 200 manat, bu ilin yanvar ayından isə 280 manat müavinət iddiaçının bank kartına ödənilir. Cavabdeh isə onların həmkəndlisi olmaqla, yaşadıqları ərazidə ərzaq mağazası işlədir. 2019-cu ilin oktyabr ayında o, cavabdehlə şifahi qaydada bank kartını cavabdehə verməyi, kartda yığılacaq puldan cavabdehin dövr etməklə pul əldə etməsini, 3 ildən sonra isə kartı yığılmış və xərclənmiş pulla bilrikdə ona qaytarmasına dair razılaşmışdır. Razılaşmanın məqsədi müavinət pulunun toplanması olmuş, şərtə əsasən, kart cavabdehə olduğu müddətdə iddiaçı və ailəsi cavabdehin mağazasından məhsulları pul ödəmədən əldə etmişlər. Cavabdeh 2019-cu ilin oktyabr ayından 30 ay ərzində kartdan 12480 manat nağdlaşdırmış, xərcləmişdir. 2022-ci ilin mart ayında o, cavabdehdən qarşılıqlı hesablaşma aparmaqla kartı qaytarmağı xahiş etmiş, bu zaman cavabdeh onun mağazadan götürülmüş məhsullara görə 2000 manat borcunun olduğunu bildirmişdir. Həmin pulu kartdan nağdlaşdırılan pul ilə əvəzləşdirəndə cavabdehin 10480 manat borcu qalır. Cavabdeh həmin pulu ödəməkdən imtina etdiyinə görə, o, Qobustan Rayon Polis İdarəsinə müraciət etmiş, lakin ona mübahisənin mülki xarakterli olduğu bildirilərək, müvafiq tələblə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Sonda E.Q.Hümmətov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, habelə, iddiaya yazılı münasibətini bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Nikah haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki,İddiaçı ilə X2 birgə nikahlarından 27 yanvar 2012-ci il təvəllüdlü X3 və 20 iyun 2013-cü il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmamış uşaqları vardır. - "xxxx" ASC tərəfindən verilmiş, İddiaçı məxsus kart hesabından çıxarışdan görünür ki, 25 oktyabr 2019-cu il tarixdən (kartın cavabdehə verildiyi vaxt) 23 avqust 2021ci il tarixədək (bu tarixdən sonra mədaxillər "xxxx" ASC tərəfindən həyata keçirilmişdir) karta 9079,17 manat pul mədaxil edilmiş, bütün məbləğ məxaric edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş, İddiaçı məxsus kart hesabından çıxarışdan görünür ki, 23 sentyabr 2021-ci il tarixdən 2022-ci ilin mart ayınadək (iddiaçının nümayəndəsi kartın qaytarılması ilə bağlı cavabdehə müraciət etdiyi vaxt) karta 3280 manat pul mədaxil edilmiş, 23 mart 2022-ci il tarixə balansda qalan 560 manat məxaric edilmişdir. - X2 müraciəti əsasında Qobustan rayon Polis Şöbəsində toplanmış material öyrənilərkən, müəyyən edilmişdir ki, Cavabdeh Musazaid oğlu izahatında X2 övladına məxsus pensiya kartının həqiqətən onda olmasını, həmin şəxsin özünə məxsus mağazadan hər ay alış-veriş etdiyi üçün mağazanın ödənişini Hümmətov Elşənə məxsus pensiya kartından götürdüyünü, kartı könüllü surətdə aldığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilən hallarına görə 2019-cu ilin oktyabr ayında tərəflər arasında şifahi razılıq əsasında iddiaçıya məxsus uşaqları üçün ödənilən müavinətə görə bank kartlarını cavabdehə verməyi, kartlarda yığılacaq puldan cavabdehin dövr etməklə pul əldə etməsini, 3 ildən sonra isə kartları yığılmış və xərclənmiş pulla bilrikdə ona qaytarmasına dair razılaşmışdırlar. Razılaşmanın məqsədi müavinət pulunun toplanması ilə yanaşı kart cavabdehdə olduğu müddətdə iddiaçı və ailəsi cavabdehin mağazasından məhsulları əldə etmək hüququ qazanmaları olub. Cavabdeh 2019-cu ilin oktyabr ayından 30 ay ərzində kartdan 12480 manat nağdlaşdırmış, 2022-ci ilin mart ayında iddiaçı cavabdehdən qarşılıqlı hesablaşma aparmaqla kartı qaytarmağı xahiş etmiş, bu zaman cavabdeh onun mağazadan götürülmüş məhsullara görə 2000 manat borcunun olduğunu bildirmişdir. Həmin kartdan nağdlaşdırılan pul ilə əvəzləşdirəndə cavabdehin 10480 manat borcu qalmışdır. Cavabdeh həmin pulu ödəməkdən imtina etdiyinə görə, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında iddiaçının uşaqlarına məxsus bank kartlarından qarşılıqlı razılıq əsasında cavabdeh tərəfindən istifadə olunması işin mübahisəsiz halıdır. Lakin bu istifadənin məqsədini iddiaçı kartda yığılacaq puldan cavabdehin dövr etməklə pul əldə etməsini, 3 ildən sonra isə kartı yığılmış və xərclənmiş pulla bilrikdə ona qaytarması ilə, cavabdeh isə ona məxsus ərzaq mağazasında iddiaçının alış-veriş etməsi ilə şərtləndirmişdir. 30 ay ərzində kartdan 12480 manat nağdlaşdırmış məbləğdən 2000 manatın cavabdehdə olan malların alğı-satqısına sərf olunmasını iddiaçı mübahisələndirmir. Lakin qalan 10480 manatın hansı əsasla cavabdehdə qalması və həmin məbləğin qaytarılması iş üzrə müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. - 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. - 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. [ Hazırki halda iddiaçı iddia ərizəsində özünə məxsus bank kartının 2019-cu ilik oktyabr ayından cavabdehdə olmasını, cavabdehin həmin kartdakı vəsaitdən istifadəsi nəticəsində ona 10480 manat borcunun yarandığını bildirmiş, iddia ərizəsinə bank kartı hesabından çıxarışları əlavə etmiş, hansı ki, həmin çıxarışlarla iddia ərizəsində göstərilən müddətdə kartdan edilmiş məxariclərlə iddia tələbində göstərilən borc məbləği üst-üstə düşür, iddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etmiş, cavabdeh isə məhkəmə iclaslarının vaxtı və yeri barədə, habelə, iddianın mahiyyətindən xəbərdar olduğu halda, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri məhkəmə tərəfindən üzrlü səbəb olaraq qəbul edilməmişdir. Bununla belə, iş materialları ilə iddia ərizəsində göstərilən müddətdə iddiaçıya məxsus bank kartının cavabdehdə olması öz təsdiqini tapmışdır (polisdən götürülmüş materiallar). Habelə, məhkəmənin sübutların təmin edilməsinə dair qərardadına əsasən, bank kartından pulları məxaric edərkən qeydə alınmış videogörüntülər bankdan götürülmüş, həmin görüntülər araşdırılarkən əksər görüntülərdə pulun bankomat vasitəsilə cavabdeh tərəfindən nağdlaşdırıldığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 10480 manatı cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. İşin faktiki halları ilə sübut olunur ki, iddiaçı özünə məxsus bank kartını 2019-cu ilin oktyabr ayından kart hesabına daxil olan pulun özü tərəfindən xərclənməməsi, yığılması məqsədi ilə 3 ildən sonra kartı həmin müddətdə hesaba daxil olman cəm vəsaitlə birlikdə geri götürmək şərti ilə cavabdehə vermiş, karta yığılan puldan cavabdehin işlətdiyi mağaza üzrə alış-veriş zamanı dövriyyədə yararlanmaqla gəlir əldə etməsinə icazə vermiş, habelə, cavabdehlə aralarındakı razılığa əsasən, kart cavabdehdə olduğu müddətdə iddiaçının ailəsinin cavabdehin işlətdiyi mağazadakı məhsulları əvəzi kartdakı vəsaitdən çıxılmaq şərti ilə almağı razılaşdırmışlar. 2022-ci ilin oktyabr ayında iddiaçı cavabdehdən kartını geri istəyib, karta 30 ay ərzində toplanmış vəsaitdən 2000 manat çıxılmaqla 10480 manatın verilməsini tələb etməyinə baxmayaraq, cavabdeh pulu ödəməmişdir. Polisə verdiyi izahatında cavabdeh iddiaçının onun mağazasından etdiyi alış-verişin ümumi məbləğinin karta yığılan məbləğlə əvəzləşdirildiyini göstərsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia tələbi üzrə 10480 manat, habelə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 160 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10480 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Həmçinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 160 manat da Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4787/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4787/2022
13.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver