Məhkəmə qərarları › İş №2(001)-4798/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4798/2021

26.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4798/2021 26.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri 26 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailəsinə ünvanlandırdığı təhqirlərə son qoymaq üçün Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılması və qızına vurulmuş mənəvi ziyana görə cavabdehdən 30000 manat təzminatın alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149.2 və 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Hazırki ərizədə Cavabdeh ünvanı kimi “X1 küç.1, Binəqədi r-n Polis İdarəsinin inzibati binası” göstərilsə də, bunu təsdiq edən hər-hansı sübut iddia ərizəsinə əlavə edilməmişdir. Belə olduğu təqdirdə iddia ərizəsinin və əlavə olunmuş sənədlərin surətinin cavabdehə göndərilməsi, cavabdehin məhkəmə iclasına çağırılması, məhkəmə aktlarının cavabdehə təqdim edilməsi barədə mülki-prosessual qanunvericiliyin məhkəmənin üzərinə qoyduğu vəzifələrin həyata keçirilməsi mümkünsüz olur. Bu isə məhkəmə icraatının birtərəfli həyata keçirilməsinə və mülki-prosessual qanunvericiliyin əsas prinsiplərindən olan çəkişmə prinsipinin pozulmasına gətirib çıxaracaqdır. Halbuki, Mülki-prosessual qanunvericiliyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Digər tərəfdən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosesual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prossesual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir (MPM-in 9-cu, 14.1-ci maddələri). Digər tərəfdən, qeyd olunur ki, MPM-in 149.1-ci maddəsinə, əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin məcəllənin 150.0.1-ci maddəsinə əsasən, iddia ərizəsinə cavabdehlərin sayına görə iddia ərizəsinin surəti əlavə edilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olunur ki, iddia ərizəsinin cavabdehə təqdim edilməli nüsxəsindəki iddiaçının imzası kserosurətdir. Bundan başqa, iddia tələbi İddiaçı ailəsinə ünvanlandırdığı təhqirlərə son qoyulması üçün Cavabdeh cəzalandırılması və qızına vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi olmaqla 2 hissədən ibarətdir. Tələbin ilk hissəsinə münasibətdə qeyd olunur ki, MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin, İddiaçı Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etməklə tələbini aydın ifadə etməmişdir. Tələbin ikinci hissəsinə münasibətdə isə qeyd olunur ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub – olmamasını araşdırmalıdır. MPM-in 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Hazırki halda İddiaçı qızının adından iddia vermək səlahiyyətini təsdiq edən sənəd olmadan qızına vurulmuş mənəvi zərərin tutulmasını xahiş etmiş, halbuki belə olan halda iddia İddiaçı adından deyil, onun yetkinlik yaşına çatmış qızının adından verilməli idi. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1 və 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar