Məhkəmə qərarları › İş №2(001)-4799/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4799/2022

13.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4799/2022 13.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı 2022-ci il yanvar ayından tanımışdır. Tanışlığın səbəbi iddiaçının fərdi qaydada ustalıqla məşğul olmağı olmuşdur. Cavabdeh ona bildirmişdir ki, Bakı şəhərində fəaliyyət göstərən Şərq Bazarı adlanan Ticarət Mərkəzində gedən tikintidə iş icraçısıdır və tikinti sahəsində böyük səlahiyyətli iş adamıdır. Buna görə də iddiaçı ona inanıb və onunla razılaşıb Şərq Bazarında fasadın qranit-mərmər tərkibli materialla işlənməsi üçün Sobsan şirkətindən dəyəri 3000 manat olan material sifariş etdi, üç gündən sonra cavabdeh iddiaçıya həmin materialın pulunu ödədi və iddiaçı da həmin məbləği Sobsan şirkətinə ödəmişdir. Bir müddət sonra Cavabdeh işin yekununda iddiaçıdan xahiş etdi ki, əlavə 107 vedrə həmin materialdan gətirsin və onu inandırdı ki, narahat olmağa əsas yoxdur. İddiaçı cavabdehə etibar etdiyi üçün yenidən 6955 manat dəyərində materialı Sobsan şirkətindən alaraq Cavabdeh verdi. Həmçinin Şərq Bazarında fasadın qranit-mərmər tərkibli materialla işlənməsi üçün cavabdeh iddiaçıya 4100 manat zəhmət haqqı veməli idi. Buna görə də cavabdehin iddiaçıya 11055 manat borcu yaranmış və artıq bunun üstündən bir neçə ay keçməsinə baxmayaraq cavabdeh iddiaçıya pulu qaytarmaqdan boyun qaçırır. İddiaçı Cavabdeh Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə şikayət etmişdir. Orada hər iki tərəfin izahatları alınmış, Cavabdeh polisə gələrək iddiaçıya borclu olduğunu etiraf etmiş və borcunu qaytaracağını bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh iddiaçıya borclu olduğu 11055 manat pulu qaytarmamaq üçün min bir bahanə gətirir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsindən iddiaçıya bildirdilər ki, məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh 11055 manatın və ödədiyi dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi polis polkovnik-leytenantı Bayram Alıyevə verdiyi izahatda göstərmişdir ki, “ ... İddiaçı yazdığı ərizə ilə tanış oldum və qeyd etmək istəyirəm ki, həqiqətən də Məhəmməd Rəhim oğlu mən işlədiyim şirkətə 6955 AZNlik Sobsan sifariş etdi və bu günə qədər 6955 AZN və 4000 AZN pulu İddiaçı ödəyə bilməmişəm. Qeyd etmək istəyirəm ki, 6955 AZN Məhəmməd Rəhim oğluna Sobsan şirkətindən götürdüyü mineral suvağa veriləsi puldu, 4000 AZN isə İddiaçı verəcəyim əmək haqqıdır. Mən ... 6955 AZN pulu xx.xx.2022-ci il tarixdə İddiaçı ödəyəcəyimə söz verirəm. Əks halda AR qanunları ilə məsuliyyət daşımağa hazıram. 4000 AZN əmək haqqını isə iki ay ərzində ödəyəcəm”. İş materiallarında olan Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Qələndər Cabbarov tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş arayışda aşağıdakılar göstərilmişdir: “ ... Bakı şəhəri, Vunq Tau küçəsi, ev 23, mənzil 6-da yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Nərimanov RPİ 18-ci PŞ-nə müraciət edərək, tanışı iş icraçısı olan Arif adlı şəxsin ondan iş görmək üçün “Sobsan” şirkətindən 40 vedrə mərmər-qranit tərkibli material almağını xahiş edib, ona 3000 manat pul verdiyini, onun öz adına materialı alıb, binanın fasadlarına istifadə etdiklərini, sonradan Arif adlı şəxsin xahişi ilə onun “Sobsan” şirkətindən dəyəri 6955 manat dəyərində materialı götürdüyünü, lakin həmin şəxsin həmin məbləği və 4000 manat əmək haqqını ödəməkdən boyun qaçırdığını bildirmişdir. Ərizəçi pulun qaytarılmasında ona kömək etməyi xahiş etmişdir. Ərizədə göstərilənlərin mülki xarakter daşımasını nəzərə alaraq, bu barədə ərizəçiyə məhkəmə orqanlarına mülki qaydada müraciət etmə hüququna malik olması izah edilməsi və toplanmış materialın işə alınması məqsədə müvafiqdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ulfat Alıev ifadəsində məhkəməyə bildirdi ki, o, iddiaçı ilə birlikdə Şərq Bazarında fasadın qranit-mərmər tərkibli materialla işlənməsini icra etmişdir. Bilir ki, İddiaçı Cavabdeh tapşırığı ilə Sobsan şirkətindən öz adına 6955 manatlıq material götürmüş, lakin Cavabdeh ona həmin pulu ödəməmişdir. Eyni zamanda cavabdeh iddiaçıya 4100 manat əmək haqqı da borclu qalmışdır. Halhazırda cavabdehin iddiaçıya 11055 manat borcu olsa da, o, həmin pulu müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh İddiaçı olan borcunu 10955 (6955+4000) manat hissəsində Nərimanov RPİ-nin 18-ci PŞ-də verdiyi izahatda etiraf etmişdir. İddiaçı əmək haqqı olaraq ona 4000 manat deyil, 4100 manatın ödənilməli olmasını qeyd etsə də, buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 10955 manat məbləğində pul cavabdeh Kərəmov Arı̇ f Kərəm oğlundan tutularaq İddiaçı Rəhı̇ m oğluna ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 10955 (on min doqquz yüz əlli beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 123,88 (yüz iyirmi üç manat səksən səkkiz qəpik) manat hissəsi cavabdeh Kərəmov Arı̇ f Kərəm oğlundan tutularaq İddiaçı Rəhı̇ m oğluna ödənilsin. İdda ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 1,12 (bir manat on iki qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar