Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4807/2022 15.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı və Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri 15 iyul 2022-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı və Cavabdeh2 birgə iddiaçılar kimi "xxxx" ASC-yə bə Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən vurduqları maddi zərərə görə iddiaçıların hər birinə 20000 manat olmaqla ümumilikdə 40000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı və Cavabdeh2 müvafiq olaraq Binəqədi Bələdiyyəsi ilə bağlanılan 29 dekabr 2008-ci il tarixli alğı-satqı müqaviləsinə və Binəqədi Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli, 388 nömrəli Qərarına, eləcə də Binəqədi Bələdiyyəsi ilə imzalanmış 29 dekabr 2007-ci il tarixli alğı-satqı müqaviləsinə və 30 dekabr 2007-ci il tarixli, 393 nörməli qərarına əsasən Binəqədi Bələdiyyəsi ərazisində yerləşən Novxanı bağ massivində hər biri 800 kv.metr torpaq sahəsini pulunu tam ödəməklə almışlar. Aldıqları torpaq sahələri uzun müddət istifadələrində olmuş, həmin torpaq sahələrində abadlıq işləri aparmışlar. Özlərində olan qanuni sənədlərə arxayın olduqlarına görə aldıqları torpaq sahələrinə 2 metr hündürlüyündə daş hasarın çəkilməsinə, onların abadlaşdırılmasına ən azı hər biri 20000 manat pul sərf etmişlər. Buna baxmayaraq, onların məlumatı olmadan, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən torpaq sahələrinə çəkdiləri hasarlar dağıdılmış, yaşıllaşma məhv edilmiş, “Novxanı-Pirşağı” (sahil yolu) avtomobil yolunun yenidən qurulması ilə bağlı aldıqları torpaq sahələri zəbt edilmişdir. Hazırda iddiaçılar onlara vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edirlər. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqan kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları X1”nin 1.1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Göründüyü kimi iş üzrə hər iki cavabdeh inzibati akt qəbul etmək səlahiyyətinə malik olan orqanlar olmaqla yanaşı, tərəflər arasında yaranan münasibətlər də publik münasibətlərdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibatiiqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci, 2.2.4-cü və 2.2.7-ci maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda göstərilən normaların təhlilindən belə nəticəyə gəlinir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmin Qərarın 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, hazırki mübahisə inzibati orqanla fiziki şəxs arasında inzibati hüquq münasibətlərindən irəli gəldiyindən iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Digər tərəfdən, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 230 manat dövlət rüsumu ödənilmiş, qəbzin nömrəli 30940-dır. İddia ərizəsinin icraata qəbulundan imtina edildiyindən, ödənilmiş dövlət rüsumu olan 230 manat məbləğində pul vəsaiti büdcədən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: İddiaçı və Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. İddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 230 manat məbləğində pul vəsaiti (qəbzin nömrəsi 30940) büdcədən İddiaçı (FİN – xxxxxxx) qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4807/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4807/2022
15.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver