Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4809/2021 27.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna sənədlərin qəbul edilməsi və müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların statusu” haqqında Qanunun 28-ci maddəsinin tələblərinə əsaslanaraq mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Binəqədi Rayon İcra Hakimiyyətində Dövlət Mənzil Fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil uçotuna sənədlərin qəbul edilməsini və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsini, hər ay 375 manat ödənilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Binəqədi Rayon İcra Hakimiyyətində Dövlət Mənzil Fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil uçotuna sənədlərin qəbul edilməsi və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsinin 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsi, hər ay 375 manat ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Lakin, hazırki iddia tələblərinə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarın İİİ hissəsinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqan kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2, 2.2.2, 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya hazırki tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna sənədlərin qəbul edilməsi və müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırki tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4809/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4809/2021
27.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver