Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-481/2024 10.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri Binəqədi rayonu X12 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi, torpaq sahəsindən istifadəyə maneənin qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 xx.xx.2011-ci il tarixli, 683 saylı qərarı ilə Binəqədi Qəsəbənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300 kv.metr torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 çıxarılması, torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 xx.xx.2011-ci il tarixli, 683 saylı qərarı ilə Binəqədi Qəsəbənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsinin sahiblik və istifadə hüquqları onun istifadəsinə verilmişdir. Belə ki, qeyd edilən torpaq sahəsi əvvəllər X4 istifadəsində olmuş və torpaq sahəsinin ona satılması ilə bağlı 15.000 ABŞ dolları məbləğində pul ödəmişdir. Torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq sənədlər ona verilmişdir, torpaq sahəsi naturadan göstərilərək ona təhvil verilmişdir. Bildirir ki, həmin vaxtlar maddi imkanı olmadığından tikinti işləri apara bilməmişdir. 2021-ci ildə torpaq sahəsinə baxmağa getdikdə torpaq sahəsində tikinti işlərinin aparıldığını görmüş, bu barədə Bələdiyyəyə və İcra Hakimiyyətinə müraciət etmiş və həmin vaxt tikinti işləri dayandırılmışdır. 2022-ci ilin fevral ayında yenidən torpaq sahəsinə getmiş və məlum olmuşdur ki, torpaq sahəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş və qeyri-qanuni olaraq tikinti işləri aparılaraq fərdi yaşayış evləri inşa edilmişdir. Cavabdehlər onu torpaq sahəsinə buraxmamışlar. Torpaq sahəsi cavabdehlər tərəfindən qeyri-qanuni olaraq zəbt edilmişdir. Bu barədə o, Binəqədi rayon Polis İdaərinin 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, iş mülki xarakteri olması əsas götürülərək xx.xx.2023- cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ona məxsus 300 kv.m sahəsi olan torpaq sahəsi qanunsuz olaraq cavabdehlər tərəfindən zəbt edilmiş və tikinti işləri aparılmışdır. O, dəfələrlə cavabdehlərdən torpaq sahəsindən çıxmalarını və tikililəri sökmələrini tələb etmiş, lakin cavabdehlər bundan imtina etmişlər. Cavabdehlərdə torpaq sahəsi ilə bağlı hər hansı bir rəsmi sənəd yoxdur. Göründüyü kimi bu torpaq sahəsi onun faktiki sahibliyinə və istifadəsinə verilmiş, gələcəkdə özəlləşdirilməsi hüququna malikdir. Bununla bağlı da cavabdehlər tərəfindən onun hüquqları kobud şəkildə pozulmuş və torpaq sahəsinə daxil ola bilmir. Torpaq sahəsinin mülkiyyət vəsiqəsi olmasa da, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və mülkiyyətə bərabər tutulmalıdır. Cavabdehlər zəbt etdikləri sahədən çıxarılmalı və torpaq sahəsində inşa edilmiş özbaşına tikililər cavabdehlərin hesabına sökülməli, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Həmçinin cavabdehin torpaq sahəsindən istifadəsinə törətdiyi maneələr cavabdehə qadağan edilməli və bu torpaq sahəsi ilə bağlı gələcəkdə hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 onun torpağının 2 sotunda ev tikib, 1 sotunu da digər Cavabdeh2 satıb. Ona Bələdiyyənin arxivindən arayış verilib ki, həmin torpaq ona məxsusdur. Həmçinin bildirdi ki, iş materiallarına əlavə edilmiş torpaq sahəsinin onun olmasına dair bütün hüquq müəyyənedici sənədlərlə torpaq sahəsi ona məxsusdur. Həmin torpağın 2022-ci ilə qədər vergisini o, ödəmişdir. İcra Hakimiyyətinin nümayəndələri torpağa baxış keçirmiş və ona bildirmişlər ki, torpaq sahəsi onundur və gedib Bələdiyyənin arxivindən sənəd ala bilər. Bələdiyyəyə müraciət etmiş və bələdiyyənin 3 əməkdaşı tərəfindən araşdırılma aparılaraq, ona bildirmişlər ki, qeyd edilən torpaq sahəsi xəritədə onun adına qeyd edilib və bunun əsasında da, ona arayış verilmişdir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, İddiaçı tanımır. Qeyd edilən toraq sahəsi 1 sot torpaq sahəsidir. Vergisini ödəyir. Ondan başqa heç kim nə torpağın nə evin pulun ödəməyib. İddiaçının orada heç nəyi yoxdu, o, oranı alanda heçnə olmayıb, təmirsiz 2 otaq, damı, hasarı var idi. Həmçinin bildirdi ki, o, qeyd edilən topaq sahəsini Cavabdeh2 podrat müqaviləsi ilə alıb. Digər cavabeh Cavabdeh1 tanımır. 2 sot tarpaq sahəsidi, 1 sotunda o, ev tikib və ona məxsusdur. Bundan əlavə göstərmişdir ki, o, qeyd edilən evi yarımçıq tikili kimi alıb, özü təmir etdirib və hazırda da, həmin evdə yaşayır və bütün komunallar onun tərəfindən ödənilir. Qeyd edilən evin tikintisini tamamlayarkən İddiaçı mütəmadi oraya gələrək şəkil çəkib gedirdi. Yəni, həmin ərəfədə bir dəfə də olsun həmin torpaq sahəsinin ona məxsus olması barədə ona heç bir söz deməmişdir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi rayonu X8 nümayəndəsi X13 məhkəmənin 17 may 2024-cü il tarixli iclasında iştirak etmiş və qeyd edilən topaqlara baxış keçirib növbəti məhkəmə iclasında iddia ərizəsinə münasibət bildirəcəyini göstərmişdir. Lakin o, hazırda məhkəmə iclasına gəlməmiş və ondan, qeyd edilən torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı hər hansı bir rəsmi sənəd məhkəməyə daxil olmamışdır. İş üzrə Cavabdeh2 teleqramla məhkəməyə müraciət edərək, xx.xx.2024-cü ilə tarixə təyin edilmiş məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini göstərib, üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Torpaqların alqı-satqısına dair müqavilənin surətindən görünür ki, X10 tərəfindən bələdiyyə orqanına 15 dekabr 2005-ci il tarixdə torpaq sahəsi ilə bağlı müraciət edilmiş və həmin müraciətə bələdiyyə orqanının iclasında baxılmış və X7 X12 ərazisində 300 m2 torpaq sahəsi satılması barədə 29 dekabr 2005-ci il tarixli 1826 saylı qərar qəbul edilmiş və bunun müqabilində X10 tərəfindən X8 büdcəsinə ******* manat (köhnə) haqq ödəmişdir. Həmçinin həmin müqavilənin qeyd hissəsində ilkin qərar vətəndaş X5 adına rəsmiləşdirilmiş 300m2 torpaq sahəsi sonradan 26 avqust 2011-ci il tarixli, 683 saylı qərarla vətəndaş İddiaçı adına keçməsi qeyd edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, X8 678404 nömrəli kassa mədaxil orderindən görünür ki, X10 tərəfindən qeyd edilən hesaba bir milyon iki yüz min manat pul ödənilmişdir. 26 avqust 2011-ci il tarixli, 683 nömrəli qərardan görünür ki, vətəndaş X10 29 dekabr 2005-ci il tarixli 1826 saylı qərarla fərdi yaşayış evinin tikintisi məqsədi ilə qanunla müəyyən olunmuş qaydada ayrılması rəsmiləşdirilmiş 300 m2 torpaq sahəsini Bakı şəhər sakini İddiaçı adına verilməsini ərizə ilə X6 xahiş etmiş və qeyd edilən qərarla X8 ərazi hüdudlarında vətəndaş X4 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 300m2 torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı istifadəsinə verilməsi qərara alınmış və İddiaçı həmin torpaq sahəsinin torpaqvergilərini vaxtında X8 hesablaşma hesabına ödəməsi tapşırılmışdır. X8 01 aprel 2021-ci il tarixli, 465 nömrəli arayışından görünür ki, X12 tərəfindən 683 saylı, xx.xx.2011-ci il tarixli İddiaçı istifadəsinə ayrılmış 300 m2 torpaq sahəsinin Qərarı X8 arxivində həqiqətən də qorunub saxlanılır. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli, AKX-04626xx/xx-2022 nömrəli Müqavilədən görünür ki, X11 ilə Cavabdeh3 arasında istehlakçını keyfiyyətli qazla təmin edilməsi və istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürməsi barədə müqavilə bağlanmışdır. X14 ilə Cavabdeh3 arasında bağlanmış 22 iyul 2022-ci il tarixli Podrat Müqaviləsindən görünür ki, birinci tərəf (X14) öz materiallarından istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Binəqədi şossesi (DSK yolu) yeni massiv ünvanında yerləşən tikinti sahəsi 76.40 kv.metr təşkil edən 6.60 metr hündürlüyü, 8 (səkkiz) daş kürsü 3.00 metr tavan hündürlüyü olan 2 (iki) otaqlı 1 (bir) mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi (Cavabdeh3) isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 26000 (iyrimi altı min) manat təşkil edir. Sifarişçi həmin məbləğin 1000 (bir min) manat nağd şəkildə ödəmiş, 25000 (iyirmi beş min) manat notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Cinayət işinin rədd edilməsi haqqında 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək Binəqədi DSK yolu 4 ünvanda yerləşən özünə məxsus 3 sot torpaq sahəsi Alim adlı şəxs tərəfindən qanunsuz olaraq zəbt edilməklə tikinti işləri aparılmışdır. Həmin ərizə üzrə araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 2008-ci ilin avqust ayında Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə 3 sot sahəsini bələdiyyə sənədi ilə X2 15000 ABŞ dollarına almış, lakin, maddi imkanı olmadığı üçün həmin torpaq sahəsində heç bir tikinti işi apara bilməmişdir. 2021-ci ilin fevral ayında həmin torpaq sahəsinə baxmaq üçün getdikdə orada artıq ev inşa edildiyini görüb maraqlandıqda ona məlum olmuşdur ki, evi Alim adlı makler inşa etdirmişdir. Bundan sonra Alim adlı həmin şəxsi tapmış özünə məxsus torpaq sahəsində tikinti işləri aparması barədə soruşduqda sonuncu bu yolla pul qazandığını bildirmişdir. Ona görə də Rayon İcra Hakimiyyəti və Bələdiyyəyə müraciət etmiş, bundan sonra tikinti işləri dayandırılmışdır. 2022-ci ilin fevral ayında yenidən həmin torpaq sahəsinə baxmağa getdikdə orada ikinci evin inşa edildiyinı görmüş və inşa etdirən şəxs ona torpaq sahəsini Alim adlı şəxsdən 9000 manata aldığını bildirmişdir. Bundan sonra Alim adlı şəxsi tapa bilməmiş ona görə də vermiş hadisə barədə polisə məlumat vermişdir. O, göstərmişdir ki, qeyd etdiyi sahəsinə aid Bələdiyyənin alqı-satqı müqaviləsi, torpaq sahəsinin planı, X8 həmin torpaq sahəsini onun istifadəsinə verməsi haqqında qərarını təqdim edə bilər. Alim adlı şəxs ***-***-**-** və ***-***-**-** əli mobil telefonlardan istifadə edir. Araşdırma zamanı həmçinin izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, İddiaçı müraciəti ilə tanış olmuş, İddiaçı ərizəsində göstərdiyi torpaq sahəsi ilə heç bir aidiyyatı yoxdur. Həmin torpaq sahəsi hazırda adını tanımadığı şəxsə məxsusdur. Qeyd edilən torpaq sahəsini heç kimə 9000 manata satmamışdır. Araşdırma zamanı həmçinin izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, 2009-cu ilin əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 8 nömrəli ünvanda yerləşən 1 sot torpaq sahəsini 800 manata almış, məqsədi həmin torpaq sahəsində oğlu Tərlana yaşayış evi inşa etmək olmuşdur. Maddi çətinliyi ilə əlaqədar həmin torpaq sahəsində tikinti işləri apara bilməmiş, 2021-ci ilin təxminən may ayında kürsülü, iki otaqlı ev inşa etdirməyə başlamışdır. Lakin, təxminən 2 aydan sonra maddi vəziyyəti ilə əlaqədar tikinti işlərini dayandırmışdır. 2022-ci ilin əvvəllərində bankdan kreditlə pul götürüb tikinti işlərini davam etdirmiş və 2022-ci ilin ayında tikinti işlərini başa çatdırmışdır. Lakin, maddi çətinliklərlə əlaqədar evin işlərinə başlaya bilməmiş, evi satmaq qərarına gəlmiş və evin giriş qapısına satılması barədə elan yazıb yapışdırmışdır. 2022-ci ilin iyul ayında sonradan tanıdığı Cavabdeh3 həmin evi 26000 manata satmış, bundan sonra Bakı şəhərində yerləşən Azadlıq metrostansiyasıınm yaxınlığındakı 43 saylı notariat ofisinə Cavabdeh3 ilə podrat müqaviləsi bağlamışdır. Lakin, Cavabdeh3 satdığı evə görə ona heç bir rəsmi sənəd verməmiş, belə ki, həmin evin əvvəlidən heç bir rəsmi sənəd olmamışdır. Cavabdeh1 adlı şəxsi isə tanımır. Araşdırma zamanı həmçinin izahatı alınmış Cavabdeh3 Cavabdeh2 ilə eyni məzmunlu izahat vermişdir. Araşdırma zamanı tərəflər arasında olan məsələ mülki xarakterli olduğundan, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmasını təsdiq edən kifayət qədər sübutlar olmadığından toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. X8 31 may 2024-cü il tarixli məktubundan görünür ki, 2(001)-481/2024 saylı xx.xx.2024-cü il tarixli mülki iş üzrə İddiaçı adına rəsmiləşdirilmiş X8 683 saylı 26 avqust 2011-ci il tarixli Qərarının və torpaq sahəsinin ayrılmasına əsas olan digər sənədləri esgizlayihə torpaqların alqı-satqısına dair müqaviləni və maliyyə qəbzinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmiş, eyni zamanda mübahisəli torpaq sahəsinin koordinat nöqtələri olmasada cavabdehlər tərəfindən qeyd olunan torpaq sahəsi barədə heç bir sənəd təqdim edilməməsi qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5625/2023 saylı qərardad ilə iş üzrə tikinti - texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertiza Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin iştirakı ilə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 22 yanvar 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən 1-ci sual üzrə; faktiki olaraq göstərilən mübahisəli 184,0 kv.m torpaq sahəsinin sərhədləri bir tərəfdən şərti, üç tərəfdən mişar daş hasarla sərhədlənib. Həmçinin göstərilən 95,0 kv.m torpaq sahəsinin isə iki tərəfi mişar daş hasarla, iki tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Torpaq sahələrinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Sahələrinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Bundan əlavə təqdim edilmiş cizgi qanunvericiliyin tələblərinə uyğun deyıldir. Cizginin sözügedən sahəyə aidiyyəti yoxdur. 2-ci sual üzrə; yuxarıda qeyd olunduğu kimi təqdim edilmiş cizgi qanunvericiliyin tələblərinə uyğun deyildir. Cizginin sözügedən sahəyə aidiyyəti yoxdur. 3cü sual üzrə; vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/8622 nömrəli ekspert rəyindən görünür ki, (qərardadın birinci və ikinci sualları üzrə) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, faktiki olaraq göstərilən mübahisəli 184 m2 torpaq sahəsinin sərhədləri bir tərəfdən şərti, üç tərəfdən mişar daş hasarla sərhədlənib. Həmçinin göstərilən 95 m2 torpaq sahəsinin isə iki tərəfi mişar daş hasarla, iki tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Torpaq sahələrinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Sahələrinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Bundan əlavə təqdim edilmiş cizgi qanunvericiliyin tələblərinə uyğun deyildir. Cizginin sözügedən sahəyə aidiyyəti yoxdur. (qərardadın üçüncü sualı üzrə) Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Torpaq Məcəlləsi: Maddə: 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə: 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə: 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 65. 1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların,tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddia tələbinin əsasını X8 xx.xx.2011-ci il tarixli, 683 saylı qərarı ilə Binəqədi Qəsəbənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300 kv.metr torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 çıxarılması, torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulması təşkil edir. Məhkəmə iddia tələbinin X8 xx.xx.2011-ci il tarixli, 683 saylı qərarı ilə Binəqədi Qəsəbənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300 kv.metr torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 çıxarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. İşin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, mübahisəli sahə tərəflərin heç birinin mülkiyyətində olmamaqla yanaşı mübahisəli torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmuş plan da mövcud deyil, torpaq sahəsinin cizgisi isə qanunvericiliyin tələblərinə uyğun olmaması ilə yanaşı, cizginin sözügedən sahəyə aidiyyəti yoxdur. Həmçinin müəyyən edilmişdir ki, Binəqədi Qəsəbənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300 kv.metr torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Bu fakt həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8622 nömrəli rəyində, həm də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 22 yanvar 2024-cü il tarixli mütəxəssis rəyində öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahəsinin zəbt edilibedilmədiyini müəyyən etmək mümkün deyil. Bunun səbəbi isə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada tərtib edilmiş planının mövcud olmamasıdır. Həmin maddənin 5-ci hissəsinə görə, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə, bələdiyyə qərarı torpaq sahəsi üzərində hüquqları təsdiq edən sənəd sayılır. Lakin həmin hüququn şamil edildiyi torpaq sahəsinin hududlarını torpaq sahəsinin planı müəyyən edir. Plan olmadan hüququn pozulub-pozulmadığını müəyyən etmək mümkün deyil. Hazırkı halda isə təqdim edilmiş cizginin qanunvericiliyin tələblərinə uyğun olmaması ilə yanaşı, cizginin sözügedən sahəyə aidiyyətinin olmadığı müəyyən edilir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada torpaq sahəsinin planını əldə etdikdən sonra müəyyən edərsə ki, həmin sahə bələdiyyə qərarı ilə onun istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir, belə halda torpaq sahəsinin boşaldılması üçün yenidən ümumi qaydada iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla yanaşı iddiaçı mübahisəli torpaq sahəsinin X8 xx.xx.2011-ci il tarixli, 683 saylı qərarı ilə ona ayırılmasına istinad etsə də, iş üzrə Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300 kv.metr torpaq sahəsi “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağının olması müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, torpaqların alqı-satqısına dair müqaviləyə əsasən X10 tərəfindən bələdiyyə orqanına 15 dekabr 2005-ci il tarixdə torpaq sahəsi ilə bağlı müraciət edilmiş və həmin müraciətə bələdiyyə orqanının iclasında baxılaraq, X7 X12 ərazisində 300 m2 torpaq sahəsi satılması barədə 29 dekabr 2005-ci il tarixli 1826 saylı qərar qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X8 26 avqust 2011-ci il tarixli, 683 nömrəli qərarı ilə vətəndaş X10 29 dekabr 2005-ci il tarixli 1826 saylı qərarla fərdi yaşayış evinin tikintisi məqsədi ilə qanunla müəyyən olunmuş qaydada ayrılması rəsmiləşdirilmiş 300 m2 torpaq sahəsini Bakı şəhər sakini İddiaçı adına verilməsini ərizə ilə X6 xahiş etmiş və qeyd edilən qərarla X8 ərazi hüdudlarında vətəndaş X4 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 300m2 torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı istifadəsinə verilməsi qərara alınmış və İddiaçı həmin torpaq sahəsinin torpaq-vergilərini vaxtında X8 hesablaşma hesabına ödəməsi tapşırılmışdır. Göründüyü kimi X12 mülkiyyətində olmayan hazırki iş üzrə mübahisəli torpaq sahəsini ilk olaraq 29 dekabr 2005-ci il tarixli 1826 saylı qərarla X1, sonradan da, qeyd edilən qərarla Bəxtiyar Həmzəyevin istifadəsindən ayıraraq, İddiaçı istifadəsinə verilməsi barədə qərar qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsindən cavabdehlərin çıxarılması hissəsində iddia əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə eyni zamanda iddia tələbinin torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbinin həmin hissəsi törəmə hüquq münasibəti olub, iddia tələbinin X8 xx.xx.2011-ci il tarixli, 683 saylı qərarı ilə Binəqədi Qəsəbənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300 kv.metr torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 çıxarılması hissəsi rədd edildiyindən, iddia həmin hissələrdə də rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə təmin edilmədiyindən 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı X8 xx.xx.2011-ci il tarixli, 683 saylı qərarı ilə Binəqədi Qəsəbənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300 kv.metr torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 çıxarılması, torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı X8 xx.xx.2011-ci il tarixli, 683 saylı qərarı ilə Binəqədi Qəsəbənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300 kv.metr torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 çıxarılması, torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X9, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev