Məhkəmə qərarları › İş №2(001)-4813/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4813/2021

11.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4813/2021 11.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı vəkili X8 və nümayəndəsi X6, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.880 manat məbləğində maddi ziyanın, 5.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 29.910 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X12 iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X2 30 iyul 2009-cu il tarixli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsi həqiqətdə ona məxsusdur. O, gözdən əlil olduğu üçün onun qardaşının adına rəsmiləşdirilmişdir. Torpağın əldə edilməsi üçün həmin bələdiyyənin sədri, yəni cavabdehlə aparılan söhbətlərdə o və onun Raquf adlı qohumu iştirak etmişdir. İddia üzrə tələb edilən 24.000 manat məbləğində pul da onlar tərəfindən torpağın rəsmiləşdirilməsi müqabilində məhz cavabdehin tapşırığı əsasında bu bələdiyyənin Xanlar adlı əməkdaşına verilmişdir. 880 manat məbləğində pul isə eyni qaydada cavabdehin tapşırığı əsasında ödənilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmə iclasında İddiaçı vəkili X13 iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə və nümayəndə X6 izahatına uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, İddiaçı və onun qardaşı X5 nəinki 24.000 manat, ümumiyyətlə hər hansı məbləğdə pul almamışdır. İddiaçı ümumiyyətlə xatırlamır. X9 isə bu yaxınlarda 43-cü Polis bölməsində görmüşdür. İddia edilən 880 manat məbləğində pul vəsaiti isə ona deyil, bələdiyyənin kassasına ödənilmişdir. İddiaçıya torpaq sahəsi də qanunvericiliyin tələblərinə uyğun şəkildə, Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyəsinin qərarına əsasən ayrılmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili iddianı qəbul etməyərək, Cavabdeh izahatına uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X2 589 nömrəli, 30 iyul 2009-cu il tarixli qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi əvəllər X3 istifadəsinə ayrılmışdır. Bu baxımdan həmin torpaq sahəsi məhz X4 məxsus olmuş və iddiaçının istifadə və sahibliyinə də onların qarşılıqlı razıığı əsasında keçmişdir. Bələdiyyə tərəfindən qeyd edilən qərar da nəticə etibarı ilə onların razılığı əsasında qəbul edilmişdir. Bu baxımdan hər hansı razılaşma olmuşdursa da, həmin tərəflər arasında olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı nümayəndəsi X12 tərəfindən təmin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı yaxın qohumudur. Torpaq sahəsi də həqiqətdə iddiaçının qardaşı X10 məxsusdur. Sadəcə olaraq o, gözdən əlil olduğundan rəsmiləşdirmə işləri iddiaçının adına aparılmışdır. 2009-cu ildə X12 torpaq əldə etmək qərarına gəlmiş və onlar bu məsələ ilə bağlı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət etmişdilər. Həmin vaxt bu bələdiyyənin sədri olan Cavabdeh torpağın ayrılmasının mümkün olduğunu onlara bildirmiş və bundan irəli gələn bütün məsələlərin həll edilməsini həmin vaxt bələdiyyənin işçisi olan Xanlar adlı şəxsə tapşırmışdır. Bu işlərin görülməsi üçün onlardan 24.000 manat məbləğində pul tələb edilmişdir. X12 gözdən əlil olduğundan həmin məbləğ (bu məbləğ ekvivalentində 30.000 ABŞ dolları) onun tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsində şəxsən həmin Xanlar adlı şəxsə, Xanların otağında verilmişdir. Bundan əlavə cavabdehin tapşırığı əsasında onlar 880 manat məbləğində pul da ödəmişdilər. Məhkəmə, tərəflərin izahatını, habelə şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd ediıməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayonu X2 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı adına və istifadəsinə verilməsi haqqında” 589 nömrəli, 30 iyul 2009-cu il tarixli qərarına əsasən X2 ərazi hüdudlarında Bakı şəhər sakinləri X3 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 500 kv.m. torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilmiş, bununla bağlı iddiaçı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda, torpağın dəyəri qismində X2 kassasına 880 manat məbləğində pul ödənilmişdir. Həmin vaxt X2 sədri Cavabdeh (cavabdeh) olmuşdur. Torpaq sahəsi hazırda da iddiaçının istifadə və sahibliyindədir. İddiaçı bu torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin qurum torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar edilməməsini, alqı-satqı aktının DTXK tərəfindən təsdiq edilməməsini, torpaq sahəsinin duz gölünün və neft kəmərinin mühafizə zonasında yerləşməsini, torpaq sahəsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş idarəsinin rəyinin olmamasını və digər halları əsas gətirərək, iddiaçının torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bu səbəbdən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə şikayətlə müraciət edərək, X2 sədri olan Cavabdeh tərəfindən ona heç bir qüvvəsi olmayan sənədlər əsasında torpaq sahəsinin satıldığını, dövlət rüsumundan əlavə olaraq ondan əsassız olaraq 24.000 manat məbləğində pulun alındığını və nəticə etibarı ilə aldadıldığını bildirmişdir. Həmin şikayət əsasında aparılmış araşdırmanın nəticələrinə dair 30.11.2020-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İddiaçı da hazırda iddia ilə məhkəməyə müraciət edərək, həm torpaq sahəsinin əldə edilməsi üçün torpağın dəyəri qismində ödənilmiş 880 manat məbləğində pulun cavabdehdən alınmasını tələb edir. Həm də bu torpağın əldə edilməsi üçün cavabdehin tapşırığı əsasında bələdiyyənin digər əməkdaşı olan Xanlar adlı şəxsə 24.000 manat məbləğində pulun verildiyini iddia edir və bu məbləğin də cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. İddiaçı və ya onun qohumlarını xatırlamadığını, iddiaçının qohumlarını bir müddət əvvəl Binəqədi rayonu 43-cü Polis bölməsində gördüyünü, iddiaçı və ya onun qohumları tərəfindən ona hər hansı məbləğdə pul verilmədiyini, Xanlar adlı şəxsə onlardan hər hansı məbləğdə pulun alınması ilə bağlı tapşırığın verilmədiyini, 880 manat məbləğində pulun ona deyil, kassaya ödənildiyini, habelə torpağın iddiaçınin istifadəsinə onun əvvəlki sahibinin razılığı əsasında verildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Şahid qismində ifadəsi alınmış X7 2009-cu ildə torpaq əldə etmək üçün Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsin sədri işləmiş Cavabdeh tapşırığı əsasında bələdiyyənin Xanlar adlı əməkdaşına 30.000 ABŞ dolları məbləğində pul verdiyini və məhz cavabdehin tapşırığı əsasında 880 manat məbləğində pulun ödənildiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan iddiaçı iddia üzrə tələb etdiyi məbləğləri cavabdehə verdiyini sübut etməli idi. Lakin araşdırma zamanı iddia üzrə tələb edilən 880 manat məbləğində pulun hazırda da iddiaçının istifadəsində olan torpağın dəyəri olaraq bələdiyyənin kassasına ödənildiyi müəyyən edilmişdir. İddia üzrə tələb edilən 24.000 manat pulun isə cavabdehə verildiyi iddia edilsə də, məhkəmə iclasında həm iddiaçının nümayəndəsi, həm də şahid bu məbləğin cavabdehə deyil, onun tapşırığı əsasında bələdiyyənin əməkdaşı olmuş Xanlar adlı şəxsə verildiyini vurğulayırlar. Lakin həm belə bir tapşırığın olmasını, həm də bu pulun Xanlar adlı şəxs tərəfindən cavabdehə çatdırılmasını sübuta yetirə bilmirlər. Həmin şəxsin də mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qisimində işə cəlb edilməsi, şahid qismində ifadəsinin alınması, habelə cavabdehin əsl cavabdehlə, yəni onunla əvəz edilməsi də mümkün olmamışdır. Belə ki, tərəflərin məlumatına əsasən bu şəxs artıq ölmüşdür. Bununla belə, iddia üzrə tələb edilən 880 manat məbləğində pul cavabdehə deyil, torpağın dəyəri olaraq Bakı şəhəri Binəqədi rayonu X2 kassasına ödənilmiş və bu baxımdan cavabdehdən tələb edilə bilməz. 24.000 manat məbləğində pulun isə cavabdehə verilməsi öz təsdiqini tapmır. Hüquqi nəticə etibarı ilə cavabdeh mövcud vəziyyətdə ümumiyyətlə hazırki iddiaya cavab verməli olan şəxs deyil. Bu da iddianın rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar