Məhkəmə qərarları › İş №2(001)-4823/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4823/2022

24.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4823/2022 24.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (oğlu) X4, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Bakı şəhəri 32 saylı notariat ofisinə və "xxxx" ASC-yə qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etməklə) icra qeydinin ləğvi barədə iddia ərizəsinə dair mülki işə 24 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə aralarında bağlanmış 28 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi əsasında Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı bankdan 4 il müddətinə 10000 manat kredit götürmüşdür. İddiaçı banka olan borcundan 4864 manatını ödəsə də, müqavilənin müddətinin 2023-cü ildə bitəcəyi nəzərə alınmadan bank tərəfindən icra qeydinin verilməsi üçün müvafiq notariat ofisinə müraciət edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən, bundan əvvəl bank iddiaçını icra qeydinin verilməsi ilə bağlı müraciət olunacağı barədə xəbərdar etməli idi. İddiaçının mübahisələndirilən icra qeydinin mövcudluğundan yalnız icra məmuru tərəfindən icra qeydinin icrası ilə bağlı çağırış aldıqda məlumatı olmuşdur. Bundan başqa, icra qeydində iddiaçıdan 10180 manat borcun tutulması göstərilmişdir. Halbuki, notarius heç bir araşdırma aparmadan həmin icra qeydini vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, iddiaçı 28 oktyabr 2019-cu il tarixdə banka müraciət edərək ona kredit ayrılmasını xahiş etmiş, bank tərəfindən iddiaçıya illik 20 faizlə, 48 ay müddətində qaytarmaq şərti ilə 10000 manat kredit verilmişdir. İddiaçının kredit üzrə ödədiyi vəsaitdən 2150,19 manat əsas borcundan, 2125,44 manat faiz borcundan çıxılmış, 23 iyun 2022-ci il tarixdə onun banka 7849,81 manat əsas, 2330,12 manat faiz borcu yaranmışdır. Ödənilmiş dövlət rüsumu və komissiya haqqı ilə birlikdə icra qeydində göstərilən məlbəğdə vəsait iddiaçıdan bankın xeyrinə tutulmalıdır. Bank tərəfindən notariusa müraciət edilməmişdən əvvəl iddiaçıya bu barədə bildiriş çatdırılmışdır. Lakin, iddiaçı bildirişə əhəmiyyət vermədiyindən, bank notariusa müraciət etmişdir. Buna görə də, icra qeydinin ləğvi üçün heç bir əsas yoxdur. Sonda N.İ.Hacıyeva məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdeh ünvan 1 ünvanlayaraq, məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxs kimi Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi isə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin iştirakı təmin edilməmişdir. Mülki iş materiallarında olan: - Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli, reyestrdə 8İ-5237 nömrə ilə qeyd edilmiş icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçı BPM**********25 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 10180 manat 33 qəpik pulun tutulması, bundan əlavə, İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 10205 manat 33 qəpul pulun tutulması təklif edilmişdir. - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, BPM**********25 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı bankdan illik 20 faizlə 48 ay müddətinə 10000 manat kredit götürmüşdür. - Maliyyə arayışından görünür ki, İddiaçı kredit müqaviləsi üzrə 23 iyun 2022-ci il tarixə 7849,81 manat əsas, 2330,12 manat faiz borcu vardır, icra qeydinin verilməsi üçün 25 manat dövlət rüsumu, 0,4 manat komissiya haqqı ödənilmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı ünvanlandırılmış 10 may 2022-ci il tarixli bildirişdən görünür ki, bank borcluya 20 gün müddətində borcu ödəməyəcəyi halda icra qeydinin verilməsi üçün notariusa müraciət edəcəyini bildirmiş, poçt xəbərnaməsindən görünür ki, bildiriş 18 may 2022-ci il tarixdə İddiaçı təqdim edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərdən “X3” ASC-nin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 17-ci maddəsinin 15-ci bəndinə əsasən, dövlət notariusu icra qeydləri aparır. - 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi, notariusun borcludan pul məbləğlərini tutmaqla bağlı icra qeydi verməsi qanunla nəzərdə tutulduğundan hazırki icra qeydinin verilməsində Bakı şəhəri 32 saylı notariat ofisinin hərəkətlərində qanunazidd hal müəyyən edilməmişdir. İşin müəyyən olunan hallarına görə "xxxx" ASC tərəfindən İddiaçı ünvanlandırılmış 10 may 2022-ci il tarixli bildirişlə borcluya 20 gün müddətində borcu ödəməyəcəyi halda icra qeydinin verilməsi üçün notariusa müraciət edəcəyini bildirmiş, sözügedən bildiriş 18 may 2022-ci il tarixdə İddiaçı təqdim olunmuş, 24 iyun 2022-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq icra qeydi aparmışdır. Buna görə də, məhkəmə hesab edir ki, hazırki iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Bakı şəhəri 32 saylı notariat ofisinə və "xxxx" ASC-yə qarşı (Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etməklə) icra qeydinin ləğvi barədə iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar