Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4825/2024 07.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurulmuş 200 manat maddi və 500 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 700 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən obyekti həmin yerin mülkiyyətçisi X2 5 il müddətinə icarəyə götürməklə təndir evi kimi işlədir. Cavabdeh mütəmadi olaraq onun icarəsində olan obyektə gələrək, həmin yerin zirzəmisində olan ayaqyolunun qapısının kilidini sındırmış, yerin ona məxsus olduğunu iddia edərək qapını qaynaqlayaraq ona maddi ziyan vurmuşdur. O, bildirir ki, işlətdiyi obyektə cavabdehin heç bir aidiyyəti yoxdur və sonuncunun bu hərəkətləri, yəni obyektin qapısının kilidini vurub sındırması nəticəsində ona ümumilikdə 200 manat dəyərində maddi ziyan dəymişdir. Bununla bağlı o polis şöbəsinə müraciət etmiş, lakin cinayət işinin başlanması rədd edilərək məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikde hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Bu səbəbdən də mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. a) İddia ərizəsinə qarşı etiraz:
3. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, ünvan 2 ünvanında yerləşən sahəsi 19,4 kv.m olan təndir evi uzun illər ərzində etibarnamə əsasında onun istifadəsində olmuşdur. xx.xx.2008-ci tarixdə qonşusu X1 həmin qeyri-yaşayış sahəsinə X3 adına texniki pasport almışdır. O, həmin təndir evini işlətməklə bərabər yan tərəfdə olan, hal-hazırda mübahisə predmeti olan sahəni zibiliklərdən təmizləyərək orada öz hesabına 12 m2 obyekt inşa etmişdir. Həmin obyekti əvvəlcə özü işlətmiş, sonradan icarəyə verərək qazanc əldə etmişdir. Hər iki obyektin kommunal xidmətləri onun adınadır. X1 əvvəlcə təndir evini, sonra isə inşa etdiyi 12 m2 obyekti əlindən alaraq ayrı-ayrı şəxslərə icarəyə vermişdir. Bu obyektlərə qair heç bir sənəd İddiaçı adına deyildir. Sadəcə icarə götürərək işlədir. Əgər sahəsi 12 m2 olan obyekt onun tərəfindən inşa olunaraq uzun müddət istiadəsində olubsa və qapı onun tərəfindən qoyulubsa, onda kimin əmlakına ziyan vurmuşdur? Əgər əmlak iddiaçıya məxsus deyilsə, hansı maddi, mənəvi ziyan tələb edə bilər? Maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunmuş və iş halhazırda icraatdadır. Hesab edir ki, iddiaçının ona qarşı qaldırdığı iddia tam əsassızdır və heç bir hüquqi əhəmiyyəti yoxdur. Cünki mübahisə predmeti olan sahəsi 12 m2 olan obyekt özbaşına tikilidir, dövlət qeydiyyatına alınmamış və həmin əmlak da onun tərəfindən inşa edildiyindən ona məxsusdur. İddiaçının icarəyə götürdüyü həmin qeyriyaşayış sahəsinə dair icarə müqaviləsi yoxdur və qanunsuz olaraq orada ticarətlə məşğuldur. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdir ki, mübahisəli yaşayış sahəsinin onun olduğunu iddia edərək əsassız olaraq cavabdeh ondan 8 ay icarə haqqı almış, sonradan həmin sahənin onun olmadığını öyrənmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, iddia ərizəsinə etiraz ərizəsini müdafiə etdiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
c) Mülki işin materialları:
6. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı maddi ziyan vurmuş Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə tədbir görülməsindən ötrü qərarın surətinin Binəqədi RPİ-nin 7-ci PB-nə göndərilməsi qərara alınmış, eyni zamanda ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
7. xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı (X3 əvəzinə) ilə X6 arasında bağlanılmış, S.Aslanova ünvan 2 saylı binanın qarşısında yerləşən daş qarajlar sırasında yerləşən, ümumi sahəsi 19.4 kv.m olan qarajı icarə verməyi, X6 isə əvəzində qarşı tərəfə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
8. xx.xx.2022-ci il tarixli AR-İİ №851240 seriya nömrəli etibarnamədən görünür ki, X7 mülkiyyətində olan ƏMDK yanında DƏDRX-nin yanında Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci ill tarixli, 11/979 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna əsasən mülkiyyətində olan ünvan 2 saylı binanın qarşısında yerləşən daş qarajlar sırasında yerləşən, ümumi sahəsi 19.4 kv.m olan qarajı özgəninkiləşdirməmək şərti ilə istədiyi şəkildə idarə və istifadə etməyi İddiaçı xx.xx.2027-ci il tarixinədək səlahiyyət vermişdir.
9. Binəqədi Bələdiyyəsi ilə X7 arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında xx.xx.2006-cı il tarixli, 421a saylı müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 147 saylı binanın yaxınlığında olan 12 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə 99 il müddətinə X5 icarəyə verilmişdir.
10. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” ETLİ ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 002/1/1298 saylı razılaşmaya əsasən icraçı xx.xx.2016cı il tarixli, 002/1/1298-tş saylı Texniki şərtlərin icrası ilə əlaqədar Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 145 saylı binanın qarşısında yerləşən daş qarajın (təndir) su təhcizatı (d32 mm) və kanalizasiya (d150 mm) sisteminə qoşulmasının təmin edilməsi məqsədilə “Sifarişçi”nin vəsaiti hesabına nəzərdə tutulan işlərin yerinə yetirilməsinin təşkilini öhdəsinə götürür.
ç) Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
13. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
16. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
d) Məhkəmənin mövqeyi:
17. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
18. İş materiallarından görünür ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən obyekti həmin yerin mülkiyyətçisi X2 5 il müddətinə icarəyə götürməklə təndir evi kimi işlədir. Cavabdeh mütəmadi olaraq onun icarəsində olan obyektə gələrək, həmin yerin zirzəmisində olan ayaqyolunun qapısının kilidini sındırmış, yerin ona məxsus olduğunu iddia edərək qapını qaynaqlayaraq ona maddi ziyan vurmuşdur. Lakin onun bu dəlili iş materialları ilə təkzib olunur.
19. Belə ki, iş materiallarında olan Binəqədi Bələdiyyəsi ilə X7 arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında xx.xx.2006-cı il tarixli, 421a saylı müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 147 saylı binanın yaxınlığında olan 12 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə 99 il müddətinə X5 icarəyə verilmişdir. xx.xx.2022-ci il tarixli AR-İİ №851240 seriya nömrəli etibarnamədən görünür ki, X7 mülkiyyətində olan ƏMDK yanında DƏDRX-nin yanında Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci ill tarixli 11/979 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna əsasən mülkiyyətində olan ünvan 2 saylı binanın qarşısında yerləşən daş qarajlar sırasında yerləşən, ümumi sahəsi 19.4 kv.m olan qarajı özgəninkiləşdirməmək şərti ilə istədiyi şəkildə idarə və istifadə etməyi İddiaçı xx.xx.2027-ci il tarixinədək səlahiyyət vermişdir.
20. Məhkəmə qeyd edir ki, Sevda Aslanovanın Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 147 saylı binanın yaxınlığında olan 12 kv.m torpaq sahəsinə dair icarə müqaviləsi olduğu halda onun 145 saylı binanın qarşısında yerləşən daş qarajlar sırasında yerləşən, ümumi sahəsi 19.4 kv.m olan qarajı özgəninkiləşdirməmək şərti ilə istədiyi şəkildə idarə və istifadə etməyi İddiaçı xx.xx.2027-ci il tarixinədək səlahiyyət verməsi iddiaçıya məhkəmədə iddia qaldırmaq hüququ vermir. Bundan başqa iddiaçının iddia etdiyi kimi onunla həmin qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanılmamışdır, ona istifadə üşün etibarnamə verilmişdir. Həmin etibarnamədə isə iddiaçının məhkəmədə S.A.Aslanovanın adından iddia qaldırmaq hüquuqu qeyd olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir.
21. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
22. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
23. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli qeyriyaşayış sahəsinin, yaxud onun yerləşdiyi torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil.
24. Məhkəmə qeyd edir ki, iddia tələbi iki hissədən, yəni maddi və mənəvi ziyanın ödənilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan maddi ziyan tələbinə dair hissədə iddia təmin edilmədiyindən, mənəvi ziyan tələbinə dair hissədə də təmin edilməməlidir.
25. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır.
26. Belə ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
27. Hazırkı halda iddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur.
28. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi təmin edilməməlidir.
29. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir.
31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova