Məhkəmə qərarları › İş №2(001)-483/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-483/2022

19.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-483/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlərin nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən payçı kimi İddiaçı MTK-dan aldığı öz mənzilinin kommunal xidmətlərin göstərilməsi və ödənişi haqqında alqı-satqı müqaviləsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən 2014-cü il tarixdən 2016-ci ilin may ayı daxil olmaqla kommunal xidmətləri haqqını ödəməmiş 310 manat, 315 manat quraşdırılmış antennanın pulunu, 260 manat quraşdırılmış sayğaclar üçün borcun, ümumilikdə 885 manat pulun Cavabdeh1, 2240 manat və 30 manat iddia ərizəsinin pulunu, daxil olmaqla, 2016-cı ilin avqust ayından başlamaqla Cavabdeh2 tutulmaqla, ümumilikdə müştərək qaydada 3155 manat pulun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, Cavabdeh1 2016-cı ilin avqust ayınadək istifadə etdiyi kommunal xidmətlərə görə 310 manat, quraşdırılmış antenaya görə 315 manat, quraşdırılmış sayğaclar üçün 260 manat olmaqla, ümumilikdə 885 manat pulun və 2016-cı ilin avqust ayından etibarən istifadə olunmuş kommunal xidmətlərə görə hesablanan 2240 manat pulun Cavabdeh2 və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil Tikinti Kooperativi kimi 30.12.2003-cü ildən qeydiyyata alınmışdır. 2006-cı ildə MTK ünvan 1 ünvanında coxmərtəbəli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın mənzil paylarının gec satılması və həmin binanın payçılarının 2021-ci ilin iyul ayınadək özlərinin MMMC-ni yaratmadığı üçün həmin binanın payçılarının 2021-ci ilin iyul ayınadək özlərinin MMMC-ni yaratmadığı üçün həmin binanın kommunal və binaya xidməti və onun saxlanılmasına, təmirinə, zibillərinin daşınmasına, liftin və binanın saxlanılması sakinlərin razılığı əsasında "xxxx" MTK öz üzərinə götürmüşdür. Belə ki, 27.08.2015-ci il tarixində "xxxx" MTK ləğv olunur və onun qanuni varisi "xxxx" MMC yaranır və Azərbaycan Respublikasının Vergilər Nazirliyindən və Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Lakin təəsüf hissi ilə bildiririk ki, biz “İdeal inşaat company “MTK-nın varisi olaraq xərclədiyimiz kommunal pullarımızı bəzi sakinlərdən ala bilmirlər. Onlar faktiki olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 113-cü maddəsinə "xxxx" MTK-nın hüquqi varisidirlər. Cavabdehlərlə də payın əldə olunması haqqında alqı-satqı müqaviləmiz də vardır. Lakin təəssüf hissi ilə qeyd edirik ki, cavabdehlər Cavabdeh2 və onun qızı Cavabdeh1 kommunal öhdəliklərini yerinə yetirmədiklərinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirirlər ki, cavabdehlər, kommunal xidmətlərinə görə yaranmış ümumilikdə 3125 manat pulu ödəməkdən qəsdən boyun qaçırırlar. Cavabdehlər hal-hazırda yaşadığı 2 otaqlı mənzilin kommunal xidmət haqlarını 2014-cü ilin aprel ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla ödəməmişlər. Cavabdehlərə kommunal xidmət haqqına görə hər il dəfələrlə bildiriş göndərilib və binanın kommendantı və işçiləri tərəfindən dəfələrlə xəbərdar edilib. Cavabdeh1 2012-ci il tarixdə İddiaçı MTK ilə Mənzil Tikintisi haqqında bağlanmışdır və payçı olaraq tam mənzilin pulunu ödəyib və mənzilini təhvil almışdır. Lakin müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh1 12.05.2016-cı il tarixdə həmin mənzili öz anasının mülkiyyətinə keçirərək sonuncunun adına çıxarış verilmişdir. Bundan sonra da kommunal xidmətlərə görə haqq ödənilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahatında bildirmişdir ki, iddiasını müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlərə lazım olan kommunal xidmətlər cəmiyyət tərəfindən göstərilsə də, cavabdehlər tərəfindən göstərilən xidmətlərin qarşılığında hər hansı ödəniş etməmişdirlər. Cəmiyyətin ümumi yığıncağı keçirilmiş, nəticədə idarəedici qismində iddiaçı təyin edilmişdir. Odur ki, iddianın əsaslı olması səbəbindən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi, Vəkil izahatında bildirmişdir ki, iddiaçının tələbinin hüquqi əsası yoxdur. Belə ki, MMC-nin özünün fəaliyyəti belə qanunsuzdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 43cü maddəsinə əsasən çoxmənzilli binanın ümumi yığıncağında idarəedici seçilməli olsa da, idarəedici qismində iddiaçı seçilməmiş, ümumiyyətlə ümumi yığıncaq keçirilməmişdir. Ümumi yığıncaq keçirilməzsə, 6 ay ərzində bələdiyyə orqanı tərəfindən sahə mülkiyyətçilərinin yığıncağı çağırılmalıdır. Burada olan əslində özgə işlərinin tapşırıqsız aparılmasıdır. Cavabdeh tərəfindən bir müddət ödənişlər həyata keçirilmişdir. Daha sonra artıq məbləğlər tələb edildiyindən, cavabdehlər ümumiyyətlə ödəniş etməkdən imtina etmişlər. Cavabdehlər orada yaşasalar da, lakin komunal xidmətlərdən istifadə edilməsi üçün hər hansı müstəqil orqanla müqavilələri yoxdur. Yasamal Rayon Məhkəməsində hazırki iş üzrə cavabdeh olan Cavabdeh1 qarşı mülki iş olmuşdur. Həmin iş ilə hazırki işin predmeti eynidir. Ona görə də icraata xitam verilməlidir.

6. Bundan əlavə cavabdehlərin nümayəndəsi, Vəkil məhkəməyə yazılı surətdə ərizə təqdim edərək, əlavə olaraq məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, iddiaçı artıq bir dəfə Cavabdeh1 qarşı eyni tələblə (ödənilməmiş kommunal və göstərilən digər xidmətlərin əvəzinin ödənilməsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən, idda tələblərinin təmin olunmaması barədə qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Lakin sonradan həm Cavabdeh1, həm də anası Cavabdeh2 qarşı eyni tələblə (hazırki tələblə) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddiasını belə əsaslandırmışdır ki mübahisəli mənzil 2016-ci ildə Cavabdeh1 tərəfindən onun anası Cavabdeh2 adına rəsmiləşdirmiş və hazırda həmin mənzil sonuncunun mülkiyyətindədir. Sözügedən qətnamədə cavabdeh tərəf Cavabdeh1 olsa da, hazırki mübahisə məhz mübahisəli mənzilə görə (tələbdə qeyd olunan zaman kəsiyində) kommunal xidmətlərin ödənilməsindən ibarət olduğu üçün həmin mənzilin başqa bir şəxsin adına rəsmiləşdirməsi heç nəyi dəyişmir. Belə ki, qanuni qüvvəyə minmiş qətnamə ilə sözügedən mənzilə dair iddia tələbinə uyğun olaraq hansi kommunal ödənişlərin (ödənilməyən aylara uyğun olaraq) cavabdehdən iddiaçının xeyrinə tutulmaması qət edilmişdir. Nəticədə əgər məhkəmə müşavirə otağında qeyd olunanlara və iş materiallarına əsaslanaraq fərqli hüquqi nəticəyə gələrsə, yəni iddia tələblərinin təmin olunması (tam və ya qismən) qənaətinə gələrsə, yalnız 20 oktyabr 2020-ci il tarixdən (yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən sonrakı tarixlərə münasibətdə) etibarən iddia tələblərinin qismən təmin olunması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehlərin nümayəndəsi, Vəkil məhkəməyə təqdim etdiyi digər ərizələrində iddia tələbinin təmin olunması (tam və ya qismən) qənaətinə gəlindiyi zaman mülki qanunvericiliyin müvafiq normalarına əsasən, icra müddətinin tətbiq edilməsini, həmçinin AR Mənzil Məcəlləsinin müvafiq normalarına əsasən, iddiaçı qanunsuz özünü kommunal xidmətlərin göstərilməsində vəzifələndirmiş və uzun illər sakinlərdən qanunsuz olaraq kommunal ödənişlər almışdır. Odur ki, həmin ödənişlərin məbləği, haradan qaynaqlanması, əlavə olaraq həmin ödənişlərdən əldə edilən mənfəətə uyğun olaraq müvafiq vergilərin ödənilib-ödənilməməsi barədə araşdırılma aparılması üçün müvafiq qaydada xüsusi qərar çıxararaq aiddiyyəti orqana göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. 01.08.2012-ci il tarixli Mənzilin tikintisi haqqında Müqaviləyə əsasən, İddiaçı MTK Bakı şəhəri, M.Cəlal küçəsində inşa edilən 17 mərtəbəli, 1 bloklu 1 nömrəli evin, 2 otaqlı 46 nömrəli mənzili Cavabdeh1 verməyi, payçı isə pay haqqını ödəməyi öhdəsinə götürmüşdür.

9. 05.05.2008-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC "xxxx" MMC-dən 176 ədəd Fransanın “Aktaris” firmasının istehsalı olan G4 Gallus 2002” elektron qaz sayğacının hər birinin qiyməti 218 manat olan, ümumi dəyəri 38368 manat məbləğində sayğaclar almışdır.

10. 05.01.2012-ci ildə "xxxx" ASC ilə fiziki şəxs X3 arasında 9-cu mkr, M.Cəlal küçəsi 1 ünvanında yerləşən evə dair “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyriəhali istehlakçıları üçün müqavilə bağlanmışdır.

11. 12.101.2012-ci il tarixdə "xxxx"ASC ilə İddiaçı MTK arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmışdır.

12. 01.09.2011-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC ilə Binəqədi MKTB arasında məişət tullatılarının daşınması ilə bağlı birtipli müqavilə bağlanmışdır. Müqavilənin aylıq dəyəri 120 manat təşkil etmişdir.

13. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak 12.05.2016-cı il tarixdən xüsusi mülkiyyət hüququ ilə Bağırova X7 adına qeydiyyata alınmışdır.

14. İddiaçı MMC Nizamnaməsindən görünür ki, Cəmiyyət İddiaçı Mənzil Tikinti Kooperativinin hüquqi varisidir.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(004)- 3363/2020 saylı qətnaməsindən(hakim: G.Axundova) görünür ki, İddiaçı MMC-nin Cavabdeh1 qarşı “kommunal xidmətlərə görə vəsaitin tutulmasına dair” iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı cavabdehdən 2014-cü il tarixdən 2020-ci il may ayı daxil olmaqla kommunal xidmətlərə görə 2604 manat pulun tutulmasını tələb etmişdir. Qətnamədən şikayət verilməmiş və qanuni qüvvəsini almışdır.

16. Hazırki icraat çərçivəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.01.2022-ci il tarixli, 2(001)-483/2022 qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh1 kommunal xidmətlərə görə haqqın tutulması hissəsində xitam verilmişdir.

17. İddiaçı MTK-nın 01.01.2014-cü il tarixli qərarından və ümumi yığıncağın protokolunun çıxarışından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2014-cü il kv.m-dən asılı olaraq qış ayları(yanvar, fevral mart, aprel, noyabr, dekabr) üçün 100 AZN, yay ayları (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 50 AZN müəyyən edilmişdir.

18. İddiaçı MTK-nın 01.01.2015-ci il tarixli qərarından və ümumi yığıncağın protokolunun çıxarışından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2015-ci ilin qış ayları üçün 55 azn, yay ayları üçün 50 azn müəyyən edilmişdir.

19. İddiaçı MMC-nin təsisçilərinin 01.01.2016-cı il tarixli, 04 saylı qərarından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 35 manat müəyyən edilmişdir.

20. İddiaçı MMC-nin təsisçilərinin 01.01.2017-cı il tarixli, 05 saylı qərarından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2017-ci il üçün 40 azn müəyyən edilmişdir.

21. İddiaçı MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 barəsində tərtib edilmiş borc bildirişindən görünür ki, onların 2014-cü üçün 50 azn, 2015-ci il üçün 170 azn, 2016cı il üçün 175 azn, 2017-ci il üçün 480 azn, 2018-ci il üçün 480 azn, 2019-cu il üçün 480 azn, 2020-ci il üçün 480 azn, 2021-ci il iyun ayı daxil olmaqla 235 azn, cəmi 2550 manat kommunala, 315 manat antenaya, 260 manat sayğaca borcu vardır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

22. İddia tələbi 1)2014-cü ildən-2016-cı ilin avqust ayınadək kommunal xidmətlərə görə 310 manat, quraşdırılmış antenaya görə 315 manat, quraşdırılmış sayğaca görə 260 manatın Cavabdeh1 tutulmasından və 2)2016-cı ilin avqust ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla 2240 manatın cavabdeh Bağırova X5 tutulmasından ibarətdir.

23. Cavabdeh1 yönələn tələb də özlüyündə 2 hissədən ibarət olmuşdur:1) Kommunal xidmətlərə görə borcun tutulması, 2) quraşdırılmış antenna və sayğaca görə pulun tutulması.

24. Cavabdeh1 kommunal xidmətlərə görə borcun tutulmasına dair eyni tərəf, eyni predmet barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan hazırki iddia tələbinə 2014-cü ildən-2016-cı ilin avqust ayınadək kommunal xidmətlərə görə 310 manat pulun Cavabdeh1 tutulması hissəsində icraata xitam verilmişdir.

25. Nəticədə hazırki iddaya tələbinə mahiyyəti üzrə baxılmanın predmeti Cavabdeh1 quraşdırılmış antenna və sayğaca görə cəmi 575 manat pulun tutulması və cavabdeh Bağırova X5 2016-cı ilin avqust ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla 2240 manatın tutulmasından ibarətdir.

26. Hazırki iddiaçı, yəni İddiaçı MMC İddiaçı Mənzil Tikinti Kooperativinin 27 avqust 2015-ci il tarixdən hüququ varisidir.

27. İddiaçı MTK ilə Cavabdeh1 arasında 01.08.2012-ci il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlanmış, kooperativ M.Cəlal küçəsində inşa edilən 17 mərtəbəli, 1 bloklu 1 nömrəli evin, 2 otaqlı 46 nömrəli mənzilini Cavabdeh1 təhvil vermiş və payçı da müqavilədə nəzərdə tutulmuş məbləği tamamilə ödəmiş və mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir.

28. ünvan 2 ünvanında yerləşən əmlak 12.05.2016-cı il tarixdən xüsusi mülkiyyət hüququ ilə Bağırova X7 adına qeydiyyata alınmışdır.

29. Cavabdehlər sözügedən mənzildən istifadə edərək hal-hazırda da həmin mənzildə yaşayırlar.

30. Hal-hazırda həmin binanın idarə edilməsi ilə bağlı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmışdır.

31. İddiaçı kommunal xidmətlərlə bağlı 2016-cı ilin avqust ayından cavabdeh Bağırova X5 Cəmiyyətin təsisçilərinin qərarı ilə 2016-cı il üçün müəyyən edilmiş hər ay 35 manat, 2017-ci il üçün 40 manat, 2018-ci il üçün 40 manat, 2019-cü il üçün 40 manat, 2020-ci il üçün 40 manat, 2021-ci ilin iyun ayınadək 40 manat, iyun ayı üçün 35 manat tələb edir.

32. Sözügedən mənzil xüsusi mülkiyyət hüququ ilə cavabdeh Bağırova X7 mülkiyyətinə keçənədək, kommunal xidmətlərlə bağlı 2014-ci ildən 2016-cı ilin avqust ayınadək müəyyən ödənişlər edilmişdir, 2016-cı ilin avqust ayından etibarən hər hansı ödəniş edilməmişdir.

33. Cavabdehlərin nümayəndəsi iddianı qəbul etmir və bildirir ki, tərəflər arasında müqavilə öhdəlikləri yoxdur. İddiaçı tərəf isə müqavilənin bağlanmamış olmasını, cavabdehlərin müqavilə bağlamaqdan imtina etməsi ilə əsaslandırır.

34. Cavabdehlərin nümayəndəsi həmçinin iddianı ona görə əsassız hesab edir ki, həm preyudisial əhəmiyyət daşıyan qətnamə var, bu səbəbdən 20 oktyabr 2020-ci il tarixdən etibarən iddia qismən təmin edilə bilər, həm də iddia müddəti ötürülmüşdür.

35. Bundan başqa cavabdehlərin nümayəndəsi xüsusi qərardad qəbul edilməsi barədə vəsatət vermişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

36. Məhkəmə iddia tələbini ilkin olaraq Cavabdeh1 yönəlmiş hissədə araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassızdır.

37. Belə ki, iddiaçı Cavabdeh1 quraşdırılmış antenna və sayğaca görə 575 manat pul tələb edir. Lakin bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

38. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Göründüyü kimi şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək üçün tərəflər arasında öhdəlik münasibəti yaranmış olmalıdır. Lakin iddiaçı nə sayğac və antenna quraşdırılması barədə sübut təqdim edə bilmiş, nə də ki tələb etmə hüququnun yaranma əsasını göstərə bilmişdir.

41. Odur ki, həmin tələbdə Cavabdeh1 nə müqavilədən, nə də qanundan irəli gələn öhdəliyinin yaranması işin halları ilə müəyyən edilmir.

42. Məhkəmə iddia tələbini cavabdeh Bağırova X5 2016-cı ilin avqust ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla kommunal xidmətlərin göstərilməsinə görə borcun tutulması hissəsində araşdıraraq aşağıdakıları qeyd edir.

43. Əvvəla qeyd edilməlidir ki, cavabdeh Bağırova X1 mənzildə həmin tarixlərdə yaşamış və binanın ümumi əmlakından istifadə etmişdir.

44. Belə ki, o, liftdən, məişət tullantılarının daşınması xidmətindən, blokdan və.s istifadə etmişdir.

45. Həqiqətən də MMC ilə mülkiyyətçi arasında həmin xidmətlərin göstərilməsi barədə müqavilə öhdəlikləri olmamışdır. Lakin bu mülkiyyətçinin istifadə etmiş olduğu xidmətlərə görə haqqın ödənilməsindən imtinası üçün əsas hesab edilə bilməz.

46. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir.

47. Mənzil Məcəlləsinin 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir.

48. Mənzil Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

49. Digər tərəfdən, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar.

50. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər.

51. Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır.

52. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar.

53. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi).

54. Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir.

55. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

56. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur.

57. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi).

58. Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.(V.Ələsgərovun şikayəti üzrə Konsitutiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarı)

59. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir.

60. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.

61. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.

62. İşin hallarından göründüyü kimi 2014-2015-ci illərdə kommunal xidmət haqqı Kooperativ üzvlərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş olsa da, sonradan, yəni Kooperativ yenidən təşkil edildikdən sonra kommunal xidmətlərlə bağlı qiyməti Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri müəyyən etmişdir. Halbuki onların belə bir xidmət göstərilməsi ilə bağlı səlahiyyəti müəyyən edilmir. Çünki nə MMC ilə sahə mülkiyyətçisi arasında müqavilə olmuş, nə də ki çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə ona belə bir səlahiyyət(tapşırıq) verilmişdir.

63. Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır.

64. Buna baxmayaraq müəyyən edilən odur ki, MMC həmin xidmətləri tapşırıqsız icra etmiş və Cavabdeh2 həmin xidmətlərdən istifadə etmişdir.

65. Bu baxımdan Mülki qanunvericiliyin “Qanundan əmələ gələn öhdəliklər” fəslinə nəzər yetirək.

66. Mülki Məcəllənin 1087.1-ci maddəsində qeyd edilmişdir ki, özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

67. Həmin Məcəllənin 1087.2-ci maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.

68. Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.

69. Həmin Məcəllənin 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.

70. Həmin Məcəllənin 1090.3-cü maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun.

71. Həm Mənzil Məcəlləsinin, həm Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələblərindən göründüyü kimi, Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir, o cümlədən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarə edilməsi üsullarından birini seçməyə borcludur, həmin üsullardan biri də binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmədir. Hərçənd ki, cavabdeh S.Bağırovun binanın idarə edilməsində bilavasitə iştirakı da olmamışdır. Lakin iddiaçının özgə işlərini tapşırıqsız aparması ictimai vəzifələrin yerinə yetirilməsindən irəli gəlmişdir.

72. Belə ki, həmin binada Cavabdeh2 başqa yüzlərlə insan yaşamış, binanın ümumi ümlakının saxlanması zərurəti yaranmışdır. Bu səbəbdən Cavabdeh2 vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan suiistifadədir.(MM 560.3.2)

73. Bundan başqa Mülki Məcəllənin 1090-cı maddəsinin təhlilindən müəyyən edilir ki, özgə işlərini tapşırıqsız aparma zamanı icraçının çəkilmiş xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ əsassız varlanma ilə şərtləndirilmişdir. Bu məqamda vicdanlılıq faktı da xüsusi əhəmiyyət kəsb edir. Üstəlik icraçının fəaliyyəti sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirdisə də, sahibkarın həmin xidmətlərdən imtina etmək və binanın idarə edilməsində istənilən üsulu seçmək hüququ var idi. Lakin belə bir hadisə baş verməmişdir.

74. Bu baxımdan işin müəyyən edilən halı odur ki, iddiaçı Kooperativin hüquqi varisi olaraq çoxmənzilli binanın sakinlərinin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını təmin etmək məqsədi ilə özgə işlərini tapşırıqsız olaraq vicdanla icra etmişdir və Cavabdeh2 həmin xidmətlərdən istifadə etməsinə baxmayaraq, bunun müqabilində hər hansı ödəniş etməyərək, nəticədə kommunal xidmətlərə qənaət etməklə əsassız olaraq varlanmışdır.

75. Belə ki, əsassız varlanma varlanan şəxsin yalnız əmlak əldə etmə yolu ilə deyil, həmçinin mövcud əmlakın azalmasına qənaət etmək(mane olmaq) yolu ilə də mümkündür. Yəni əmlak anlayışı nəinki onun aktiv hissəsini, o cümlədən onun passiv hissəsini özündə ehtiva edir. Nəticədə başqa şəxsin (məhrum olanın) hesabına əmlak passivi artmayan şəxs, həmin hissədə əsassız olaraq varlanır.

76. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

77. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

78. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

79. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

80. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.( Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir-Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarı)

81. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, cavabdeh Bağırova X9 2016-cı ilin avqust ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla kommunal xidmətlərdən istifadə etməsinə baxmayaraq, hər hansı xidmət haqqı ödəmədiyinə görə əsassız olaraq varlanmışdır və varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

82. Tələb olunan məbləğə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

83. Yuxarıda qeyd edildiyi kimi kommunal xidmətlərlə bağlı ödəniş məbləği əvvəllər Kooperativin ümumi yığıncağının qərarı ilə müəyyən edilsə də, sonradan həmin məbləğ Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən olunmuşdur.

84. Məhkəmə kommunal xidmət haqqının MMC-nin təsisçiləri tərəfindən müəyyən edilməsini əsassız hesab etsə də, faktiki vəziyyət ondan ibarətdir ki, həmin məbləğ Kooperativin zamanında müəyyən edilən qiymətdən xeyli azdır və ağlabatandır. O cümlədən məhkəmənin iddia tələbinin həddi ilə bağlılığı nəzərə alınmalıdır.(MPM 218.3)

85. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh Bağırova X7 əsassız varlandığı məbləğ 2016-cı il üçün(avqust, sentyabr, oktyabr, noyabr, dekabr) 175 manat, 2017-ci il üçün 480 manat, 2018-ci il üçün 480 manat, 2019-cu il üçün 480 manat, 2020-ci il üçün 480 manat, 2021-ci il üçün 235 manat məbləğində müəyyən edilməlidir.

86. Lakin eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bu isə 27.09.2019-cu ilədək tələb olunan məbləğin tutulmasını istisna edir.

87. Belə ki, iddiaçı 27.09.2021-ci ildə müvafiq tələblə məhkəməyə müraciət etmişdir, halbuki əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun pozulduğunun ona məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.

88. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

89. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

90. Bu səbəbdən iddiaçı 27.09.2019-cu ilədək əsassız varlanma obyektini tələb edə bilməz, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, həmin məbləğ müvafiq ayın sonunda ödənilməli olduğundan, iddiaçı hüququnun pozulduğunu həmin vaxtdan bilmişdir.

91. Odur ki, cavabdeh Bağırova X5 835 manat məbləğində pul vəsaiti tutulmalıdır.

92. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının barəsində xüsusi qərarın çıxarılması üçün əsas yoxdur. Tətbiq edilən prosessual normalar:

93. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Nəticə:

90. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bağırova X5 835 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli , iddia qalan hissədə təmin edilməməlidir.

91. İddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat hissəsi cavabdeh Bağırova X5 tutularaq İddiaçınə ödənilməlidir.

92. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Bağırova X5 835(səkkiz yüz otuz beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat məbləğində pul vəsaiti cavabdeh Bağırova X5 tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar